Hökumət üzvləri ehtiyatlı büdcə haqqında bədbin və nikbin proqnozlar verdilər; deputatlar çıxış yolunu göstərdilər
Milli Məclisin 13 oktyabr iclasında “2016-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Müzakirələrdə baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə hökumət üzvləri iştirak edirdi.
Spiker Oqtay Əsədov çıxışında bildirdi ki, dünyada müşahidə olunan iqtisadi çətinliklərə baxmayaraq, Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfi növbəti ildə də iqtisadi artımın olacağını göstərir. 2016-cı ildə Neft Fondundan 6 milyard manat transfertin proqnozlaşdırıldığını deyən O.Əsədov geridə qalan ildə bu vəsaitin miqdarının 10 milyarddan çox olduğunu bildirdi. Bu isə o deməkdir ki, azalma 42 faiz təşkil edir. Sədr parlament komitələrində geniş müzakirə olunan büdcə zərfinin plenar iclasa təqdim olunduğunu vurğuladı.
Bundan sonra söz alan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə büdcə zərfi haqqında danışdı. Bildirdi ki, 2015-ci ilin büdcəsi hazırlanarkən də ehtiyatlı yanaşma tələb olunmuşdu. Z.Səmədzadə parlament komitələrindəki geniş müzakirələr zamanı daha sanballı təkliflərin irəli sürüldüyünü vurğuladı. Komitə sədri dedi ki, neftin qiymətinin iki dəfə aşağı düşməsi gəlirləri azaldıb və bir sıra layihələrə yenidən baxılmasını zəruri edib: “Neftin qiymətinin aşağı düşməsi şübhəsiz ki, Azərbaycanın büdcə gəlirlərinə, valyuta ehtiyatlarına da öz təsirini göstərib”. Komitə sədri bildirdi ki, 30 min iş yerinin bağlanması Azərbaycan üçün böyük məsələdir. O əlavə etdi ki, ölkə prezidentinin tapşırığı ilə Vergi Məcəlləsində dəyişikliklər ediləcək: “Bu dəyişikliklər sahibkarlığın inkişafına kömək edəcək”. Z.Səmədzadə qeyd etdi ki, Neft Fondunda toplanmış vəsaitin əksər hissəsini iri layihələrin həyata keçirilməsinə cəlb etmək mümkündür: “Gizli iqtisadiyyat”ın həcmini ildə heç olmasa, 2-3 faiz azalda bilsək, Azərbaycanın büdcə vəsaitləri xeyli arta bilər. Biz kəndli tərəfindən yetişdirilmiş hər kiloqram məhsulun bazara çıxmasına nail olmalıyıq. Ancaq bu sahədə müəyyən çətinliklər də var".
Z.Səmədzadə borclanmadan da bəhs etdi: “Dünyanın 130 ölkəsi içərisində sondan üçüncü ölkəyik. Biz ən az borc alan ölkəyik. Hələ bu borcun həcmi devalvasiyadan sonra bir qədər də artıb”.
Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin azalmasını qaçılmaz edib. Bir barel xam neftin qiymətinin 50 dollardan götürüldüyünü deyən nazir qeyd etdi ki, ölkəmizdə neft hasilatının azalması neft sektoruna öz təsirini göstərib. Onun sözlərinə görə, 2016-cı ildə ARDNŞ-dən büdcəyə yönələcək vergilərin miqdarı da 200 milyon manat azalacaq. Vergilər Nazirliyinin büdcəyə yönəldəcəyi vəsait 6 milyard 602 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 7 faiz az olacaq. S.Şərifov qeyd etdi ki, 2016-cı ildə Neft Fondundan büdcəyə 6 milyard manat transfert nəzərdə tutulur. S.Şərifov gələn il dotasiya almayan rayon və şəhərlərin sırasına Naftalanın da əlavə olunacağını və bu sayın 6-ya çatacağını vurğuladı. Nazir dedi ki, gələn il dövlət büdcəsinin kəsiri 1 milyard 698 milyon manat məbləğində olacaq.
İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirdi ki, büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilib, neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib: “Nəticədə qabaqlayıcı tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə hazırlanıb. Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artıb. Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafı imkan verir ki, ölkənin ümumilikdə iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin”. Nazirin sözlərinə görə, gələn ildən yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək, sosial proqramın icrası təmin ediləcək və orta aylıq əmək haqqı artaraq 474 manat, yaşayış minimumu 136 manat, inflyasiya 3,3% təşkil edəcək. Ş.Mustafayev bildirib ki, gələn il ölkədə yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq. O qeyd edib ki, gələn il neft sektorunun 1,7% azalması, qeyri-neft sektorunun isə artımı proqnozlaşdırılır. Nazir vurğuladı ki, 2016-cı ildə Azərbaycana 18,8 mlrd. manat həcmində investisiya yatırılacaq. Ş.Mustafayevin fikrincə, gələn il Azərbaycanın neft sektoruna 8 mlrd. manat, qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiyanın yatırılacağı gözlənilir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünya iqtisadiyyatında geosiyasi gərginliklərin artmasına, iqtisadi ticarət və iqtisadi aktivliyin zəif olmasına diqqət çəkdi. Sədr dedi ki, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: “Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq”. E.Rüstəmov bildirdi ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb: “2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub. Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".
Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirdi. E.Rüstəmov qeyd etdi ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.
Müzakirələr zamanı çıxış edən deputat Musa Quliyev dedi ki, cari ildə 30 min iş yerinin bağlanması ciddi siqnaldır və bu dövlətə əlavə yük deməkdir. Onun sözlərinə görə, həmin iş yerlərinin nə səbəbə bağlanması məsələsi araşdırılmalıdır: “İş yerlərinin bağlanması dövlətdən əlavə məşğulluğa görə müavinətlərin alınmasına səbəb olacaq. Dövlət vəsait ayırır, prezident rayonlara səfərlərində iş yerlərinin açılışında iştirak edir. İş yerlərinin bağlanması səbəbləri araşdırılmalı və subyektiv səbəbləri varsa, aradan qaldırılmalıdır”.
İqbal Ağazadə çıxışında ölkənin iqtisadi inkişafına gətirib çıxaracaq bir sıra konkret təkliflərlə çıxış etdi. Deputat dedi ki, hərbçilər və digər bu kateqoriyalı insanların ehtiyacları daxili bazarın hesabına təmin oluna bilər: “Bunun üçün ilk növbədə dövlət sifarişi həyata keçirilməlidir ki, biz onlar üçün kənardan ərzaq sifariş etməyək. Bu olacaqsa, həm ölkənin güvənli ərzaqla təminatı, həm də kənd təsərrüfatının inkişafına yardım edəcək”.
İ.Ağazadə bildirdi ki, bu gün tikinti sektorunu ayaqda saxlamaq üçün yeni imkanlar araşdırılmalıdır. Deputat ipotekaya ayrılan kreditlərdən bəhs etdi. Dedi ki, ayrılan 80-100 milyonluq ipoteka kreditlərindən ancaq müvəkkil banklar qazanır. İ.Ağazadə güzəştli şərtlərlə gənclərə kredit verməyə çağırdı. O, əlillər və şəhid ailələrinə ayrılan vəsaitlərin hansı yolla olursa-olsun ödənilməli olduğunu bildirdi. “Bu qədər nazirliklərin, komitələrin fəaliyyətindənsə, təmərküzləşmə siyasəti həyata keçirilməlidir.
Bir sıra komitə və nazirliyin ləğvi gündəmdə olmalıdır” deyə, İ.Ağazadə bildirdi. O qeyd etdi ki, ölkədə müəllimlərin, həkimlərin də maaşı artırılmalıdır: “Böhranın nə vaxta qədər davam edəcəyinə heç kim proqnoz verə bilməz. Ona görə də hökumət bu məsələləri ciddi nəzərə almalıdır”.
Qüdrət Həsənquliyev qaçqınlar üçün mənzil tikintisi ilə bağlı maliyyə vəsaitinin azalmasına qarşı çıxdı:“Buna qətiyyən yol vermək olmaz. Çünki bu adamlar mülkiyyətlərini itiriblər, bir çoxları hələ də ağır vəziyyətdədir. İkincisi, hərbi xərcləri də daim artırmaq lazımdır. Çünki Ermənistan aqressivliyini günbəgün artırır, son sözü ordumuz deməlidir”. Q.Həsənquliyev Beynəlxaql Bank ətrafında yaşananlardan da danışdı: “Uzun illər beynəlxalq təşkilatlar tələb edirdilər ki, Beynəlxalq Bankı özəlləşdirin. Ancaq uzatdıq, axırda da dövlətin pulları dağıdıldı”.
Fazil Mustafa dedi ki, dünyada baş verən iqtisadi böhran Azərbaycan büdcəsinə də təsir edir: “Bu təbii qarşılandığı üçün cəmiyyət tərəfindən narahatlıqla qarşılanmır. Burada müzakirə o istiqamətdə getməlidir ki, biz lazımsız xərcləri necə azalda bilərik. Son vaxtlar ən ciddi addımlardan biri ASAN xidmət modelinin inkişafıdır”. F.Mustafa qarşıdan qışın gəldiyi dövrdə yenə də seçicinin istilik problem ilə üz-üzə qaldığını, sakinlərin lift probleminin olduğunu söylədi: “İcbari tibbi sığortanı tətbiq etmək lazımdır. Eyni zamanda anadangəlmə kar doğulan uşaqların əməliyyatına vəsait ayrılmalıdır. Azərbaycanda hər doğulan uşağa görə verilən müavinət 75 manatdır. Mən Hesablama Palatasının hesabatına baxdım, xaricdən alınan cinc malın doğulan hər buzovuna görə isə 100 manat verilir. 75 manatla valideyn uşağını təmin edə, ona dərman ala bilərmi? Özü də müharibə aparan dövlətik. Biz demoqrafik inkişaf barədə mütləq həyəcan təbili çalmalıyıq. Türkiyədə 2500 azərbaycanlı uşaq var. Onun bir hissəsini iranyönümlü məscidlər oxudur. Sabah onları başqa istiqamətə yönəldəcəklər. Azərbaycan o uşaqlara sahib çıxmalıdır. Dövlət əlini qoymasa, bu problem həllini tapmayacaq”. F.Mustafa yarımçıq binalardan da danışdı: “Çox sayda sahibkar var ki, müflisləşib. O mənzillərin sahiblərinə verilməsi üçün təşəbbüs göstərmək lazımdır. O binalar sökülən deyil ki...”
Əli Məsimli vaxta qənaət etmək məqsədilə o və həmkarı Vahid Əhmədov çıxışlarını birləşdirib, tezis şəklində parlamentə təqdim etməyi məqsədəuyğun sayıblar: “Biz hökuməti əlavə gəlir mənbələrini axtarıb tapmaq üçün səy göstərməyə çağırırıq”. Deputat bildirdi ki, bu mənbələri regionlarda da axtarmaq mümkündür: “Ən böyük mənbələrdən biri kiçik və orta biznesin inkişaf etdirilməsidir. "Kömək etmirsənsə, heç olmasa mane olma" prinsipi ilə yanaşmaq lazımdır. Bu, orta təbəqənin inkişafı üçün böyük bir mənbə olacaq”. Vergi sahəsində əsaslı islahatlara gedilməsinin vaxtının gəlib çatdığını deyən Ə.Məsimli qeyd etdi ki, daxili və xarici investisiyalar böyük miqdarda əlavə gəlirlər gətirə bilər.
Elmira Axundova 2016-cı ildə büdcədən Səhiyyə Nazirliyinə ayrılan vəsaitin azaldılmasına etiraz etdi. E. Axundova digər mənbələrin azaldılması ilə səhiyyə xərclərinin saxlanması təklifini irəli sürdü. O həm də qeyd etdi ki, kiçik sahibkarlıq inkişaf etdirilməlidir və banklar onlara kredit ayırmalıdır: “Kiçik sahibkarlığın inkişafı ilə regionlarda iş yerləri açılmalıdır ki, gənclərimiz işlə təmin edilsin və əhalinin ələ baxımlılığına son qoyulsun. Necə deyərlər, onlara balıq vermək əvəzinə, balıq tutmağı öyrətmək lazımdır”. E.Axundova iri sahibkarlara təmənnasız torpaq sahəsinin ayrılmasını da təklif etdi.
Büdcə müzakirələri 14 oktyabrda davam etdiriləcək.
Cia.az
