|
Ali Məhkəmədən prezidentə şikayət olundu

Bakı sakini Adilə Qasımova prezidentə “Yeni Müsavat” vasitəsi ilə müraciət edib. Vətəndaşın sözlərinə görə, paytaxtın Hüsü Hacıyev küçəsi, mənzil 7 ünvanında atasına məxsus evi olub. Şikayətçi deyir ki, atasına aid mənzil qanunsuz olaraq özəlləşdirilib. Bu özəlləşdirməni A.Qasımovanın qardaşı oğlu Telman Qasımov həyata keçirib. Rusiya vətəndaşı olan T.Qasımov uzun müddətdir ki, Buryatiya Respublikasında yaşayır. O, 1999-cu ildə Azərbaycandan gedib və bu müddət ərzində ölkədə olmayıb.

2011-ci ildə, atasının vəfatından üç gün qabaq Səbayel Rayon Polis İdarəsinin qeydiyyat şöbəsində bir gün ərzində şəxsiyyət vəsiqəsi alıb və iki günə evi özəlləşdirib. A.Qasımovanın sözlərinə görə, vərəsəlik hüququ var və onun öz payından imtina etmədiyi halda qardaşı oğlu qanunsuz şəkildə əmlakı özəlləşdirib. Şikayətçi qeyd etdi ki, qardaşının vəfatından sonra bütün bunlardan xəbər tutub:

“Mən o evdə anadan olmuşam. Atamın evində vərəsə kimi payım var və bu, qanunda göstərilib. Ancaq qardaşım oğlunun etdiyi qanunsuz hərəkəti məhkəmələr də davam etdirirlər. Məhkəmələr onu müdafiə edirlər.

Biz bu məsələni biləndən sonra Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə işi 1 saylı İqtisadi İnzibati Məhkəməyə göndərdi. Orada işə səthi baxılıb və Telman Qasımovun lehinə qərar çıxarıb. Qardaşım oğlu iki gün ərzində Daşınmaz Əmlakın Reyestr Xidmətindən “kupça” alıb. Sonra apelyasiya şikayəti verdik, qərarı isə dəyişməz qaldı".
A.Qasımova deyir ki, Ali Məhkəməyə üz tutub: “Hakim Azər Hüseynov işə baxmalıydı. Məhkəmə prosesi oktyabrın 20-nə təyin etmişdi. Bizə isə bildiriş noyabrın 1-də poçtalyon gətirib mənə verib. Bu da hakimin saxtakarlığıdır. Biz əvvəlcə elə güman elədik ki, bu, texniki səhvdir. Vəkilim order və etibarnamə əsasında hakimin yanına getdi.

Hakim vəkilə çox kobud şəkildə cavab verib. Deyib ki, mən heç kimdən qorxmuram, mən belə işləyirəm, kimə istəyirsən get şikayət elə. Deyib ki, burda mənim maddi marağım var, heç kəsdən də çəkinmirəm. Artıq hakim açıq şəkildə qanunsuzluq edir. Bundan sonra Ali Məhkəmənin Plenumuna şikayət verəcəyəm".

A.Qasımova prezidentə müraciət edərək hakimin cəzalandırılmasını xahiş etdi.
Yazıda adı keçən tərəflərin də mövqeyini dinləyib, dərc etməyə hazırıq.