Oktyabrın 10-da Türkiyədə baş verən məlum terror aktı dünyanı hərəkətə gətirdi. Ankara faciəsi sözsüz ki, qardaş ölkəni daxildən zəiflətməyə, onun regiondakı və dünyadakı rolunu azaltmağa hesablanıb. Söz yox ki, bu dairələrin arealı çox-çox uzaqlara gedib çıxır.
Amma bir məsələ var ki, müasir dövlətin gücünü həm də onun atom silahına malik olması müəyyən edir. Ən azı, belə ölkə ilə münasibətdə ehtiyatlı davranış olur, çünki nüvə silahı çox mühüm çəkindirici amildir. Rusiya hətta öz Hərbi Doktrinasına öz təhlükəsizliyini qorumaq üçün nüvə silahından istifadənin mümkünlüyü barədə müddəa daxil edib.
Bəs görəsən, PKK kimi böyük problemi olan, Qərb və Rusiya tərəfindən birmənalı münasibətə malik olmayan qardaş ölkənin nə üçün atom bombası yoxdur? Axı faktdır ki, Hindistanla problemi olan müsəlman Pakistan, ərəb dünyası problem yaşayan İsrail, eləcə də tarix boyu Yaponiya ilə düşmən münasibətlərində olan Çin atom silahlarına malikdir. Amma iqtisadi-hərbi gücü onlardan geri qalmayan Türkiyə atom silahlarına malik deyil. Maliyyə cəhətdən qardaş ölkənin bu imkanlara yiyələnə bilməməsini söyləmək də ciddi görünmür. Bəs səbəb nədir?
Politoloq Qabil Hüseynli Türkiyənin atom bombasına böyük ehtiyacının olduğu qənaətindədir: “Nüvə silahı əldə etmək üçün ilk növbədə AES tikmək lazımdır. Türkiyə uzun müddət bu elektrik stansiyasından kənar durub. Nüvə silahının yayılmaması barədə beynəlxalq müqaviləyə də imza atıb. Bu isə ölkənin əl-qolunu bağlayan amillərdən biridir. Doğrudur, son zamanlar Rusiya ilə bağlanan müqavilə nəticəsində AES tikilməsi barədə razılığa gəlinib. Bu razılıq nəticəsində artıq tikinti işləri də başlayıb. Rusiya buraya 3 milyard dollardan çox vəsait yatırıb. Türkiyə ilə Rusiya arasında son zamanlar yaranan soyuq münasibət bu böyük layihənin həyata keçirilməsini sual altına qoydu. Ciddi bir şey olmasa da, bu məsələ ətrafında müxtəlif polemikalara rast gəlmək mümkündür. Türkiyənin müsəlman dövləti olması da ona müəyyən problemlər yaradır. Türkiyə nüvə silahına sahib olmaq iddiasını ortaya qoysa, İran kimi ona qarşı da təzyiqlər başlayacaq. Xatırladılacaq ki, nüvə silahının yayılmaması barədə müqaviləyə imza atıb. Amma onu da qeyd edim ki, Pakistan da belə problemlərlə üz-üzə qalmışdı. Lakin öhdəsindən gəlib nüvə silahını istehsal etməyi bacardı. Nüvə silahı ilə bağlı Türkiyə və Pakistan arasında müəyyən əməkdaşlıq mövcuddur. Türkiyənin bu sahədəki qurumu Pakistanla ciddi əlaqələrə malikdir. Güman edirəm ki, Türkiyə lazım gələrsə, Pakistanla nüvə tədqiqatları sahəsində ciddi əməkdaşlıq edə bilər. Bunun da mütləq nəticələri ola bilər. Amma nədənsə Türkiyə bu məsələlərdə ciddi səylər göstərmir”.
Politoloq Türkiyənin nüvə silahına yiyələnmək məsələsinin ciddi problem olaraq qaldığını da qeyd etdi:“Nüvə silahının bütün komponentlərinin əldə olunması çox ciddi məsələdir. Türkiyə bu sahədə ciddi mütəxəssislər ordusu hazırlamalıdır. Bu mütəxəssislər bilavasitə bu işlə məşğul olmalıdırlar. SSRİ zamanında birmənalı olaraq, nüvə mərkəzləri qapalı olurdu. Orada çalışan insanların adları da bilinmirdi. Yalnız qocaldıqda, yaxud təqaüdə çıxdıqda həmin insanlar medallarla təltif olunur, cəmiyyət içərisinə çıxırdılar. Bu tədqiqatların aparıldığı kiçik şəhərlər də qapalı olurdu. Giriş-çıxışa icazə verilmirdi. Türkiyənin bunu həyata keçirməsi üçün böyük vəsait lazımdır. Çünki nüvə tədqiqatlarının aparıldığı yerlər yeraltında yerləşir. Ola bilər ki, dünya buna icazə verməsin.
Onu da qeyd edim ki, nüvə ölkələri ilə ciddi əməkdaşlıq da şərtdir. Ciddi kadrlar korpusu lazımdır. Nüvə texnologiyasına sahib olmaq hazırkı vacib elmi tərəqqilərdən biridir. Türkiyəyə bu hava-su kimi lazımdır. Çünki qonşuluqda İsrail var, İran müəyyən müqavilələrə qol çəkməsinə baxmayaraq, nüvə silahını hazırlamağa yaxındır. Bundan əlavə, qonşu Rusiya dünyanın qabaqcıl nüvə ölkələrindən biridir. Bu nöqteyi-nəzərdən Türkiyənin də nüvə ölkəsinə çevrilməsi arzuolunan şeylərdən biridir. Çinə atom silahını SSRİ verdi. Pakistanın bu silahı əldə etməsinə Amerika göz yumdu. Şimali Koreya qapalı ölkədir. Heç bir müqaviləni vecinə almır. Onun da nüvə silahı var. İsrailə də ABŞ göz yumdu. Elə ölkələr var ki, qısa müddətdə nüvə silahını hazırlaya bilərlər. Almaniya və Yaponiyanı misal göstərə bilərəm. 3-4 aya mümkündür. Amma bu ölkələr beynəlxalq müqaviləyə qol çəkdiklərinə görə çətin duruma düşüblər”.
Cia.az
