Azərbaycan və Rusiya arasında növbəti silah anlaşması xəbəri yayıldı; rəsmi Bakı savaşın alternativini görmür; ekspertlər Suriya müharibəsinin Qarabağ münaqişəsinə dolayısı və birbaşa təsirlərindən danışır...
Ermənistan Suriya ətrafında yaşanan gərginliklərdən istifadə edərək işğal altındakı Azərbaycan ərazilərinin qəsbini legitimləşdirmək üçün növbəti azğınlıqlara start verib. Bu barədə erməni mətbuatının yaydığı məlumatda deyilir.
Xəbərlərə görə, Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd (ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipi-red.) salınacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Əsgəran rayonunun Həsənriz (ermənicə “Norqyux”) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq.
Oktyabrın 11-də Xankəndində təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu “İDEA” təşkilatı maliyyələşdirəcək. Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb. Məlumata görə, eko-kəndin yaradılmasında İsveçrənin “Gutundgu” şirkətinin əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın “Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.
Hələlik rəsmi Bakının məsələyə reaksiyası bəlli deyil. Görünən budur ki, işğalçılar eşşək yarışı keçirməkdən tutmuş, şərab festivalına qədər ən müxtəlif layihələri reallaşdırmaqla Qarabağın “sahibləri” olduqları rəyini aşılamaq, bu şəkildə də dünyanın dəstəyini qazanıb Azərbaycanı təslimçi sülhə vadar etmək istəyirlər. Ancaq Bakının və Azərbaycan xalqının mövqeyi dəyişməzdir, işğal altındakı ərazilər azad olunmasa, hərb yolu qaçılmaz olacaq. Belə olan təqdirdə isə milyonların cəlb olunması hesabına salınan qəsəbələr də yerlə bir olacaq. Fakt isə onu deyir ki, erməni tərəf ərazilərimizi öz xoşu ilə azad etmək niyyətində deyil.
Hələlik ortaya heç bir nəticə qoya bilməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ayın sonunadək regiona səfər etməyi, Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparmağı planlaşdırırlar. Bu barədə APA-ya Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib. ATƏT-in baş katibi Lamberto Zanyer Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclasında çıxışında da oxşar fikirlər deyib.
Qarabağ nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyən L.Zanyer Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirib. “Siyasi rəhbərliklə iş aparmaq lazımdır”, - deyə o vurğulayıb. O, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağını da istisna etməyib.
***
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, cəbhədə yaranan gərginliyə təsir edən amillərdən bir də regionda baş verən proseslərdir: “Bunların birincisi Rusiyanın Suriya ilə bağlı proseslərə hərbi müdaxiləsidir. İkincisi isə Kollektiv Təşkilatı Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan ərazisində keçirdiyi hərbi təlimlərlə və məhz Ermənistanın bu təşkilatda hazırda sədrlik etməsidir. Məhz belə bir şəraitdə Ermənistan ordusunun sərhədyanı rayonlarda və Dağlıq Qarabağ ərazisi ilə təmas xəttində təxribatları gözləniləndir. Düşünürəm ki, bu yolla ermənilər öz ərazilərində yerləşən 102 saylı Rusiya diviziyasını da bu problemlərə qatmağa və bir daha müttəfiq olduqlarını sübuta yetirməyə çalışırlar”.
A.Nağıyev belə bir durumda türk zabitlərinin Ermənistan ordusunda inspeksiya işlərinə başlamasına da diqqət yetirilməsini zəruri sayır, ancaq çox da uzaqgedən qənaətlərin çıxarılmasına lüzum görmür:“Aparılması nəzərdə tutulan təftiş işləri 1990 -cı ildən NATO və Varşava Müqaviləsi Təşkilatı arasında müqavilənin davamı əsasındadır. Bu razılığa əsasən, hər iki təşkilatın sərhəddə təmas xəttində olan adi silahlar yoxlanmalıdır. Yəni müqavilə Avropada Adi Silahlar haqqındadır və təbii ki, Ermənistan və Türkiyə sərhədində də bir tərəfdən NATO qoşunları, digər tərəfdən isə Ermənistan silahlı qüvvələridir. Burada əsas məqsəd adi silahların balanslı olmasıdır. Təbii ki, Ermənistan ordusunun nümayəndələri də həmsərhəd olan Sarıqamış və digər ərazilərdə belə yoxlama aparıblar. Bunun isə Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur və ümumiyyətlə, işğal olunmuş ərazilərdəki silahlar və qoşun hissələri qanunsuz silahlı birləşmələrdir. Təbii ki, artıq silahlar haqqında Avropanın müvafiq sturukturlarına məlumat verilməlidir və bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Yoxlamaların yekun protokoluna uyğun olaraq Azərbaycan öz fikrini bildirə bilər. Təəssüf ki, sərhəddə tək Ermənistan ordusu deyil, eyni zamanda Rusiyanın da hərbi hissəsi var və bütün kvotaları üstələyir”.
Politoloq qeyd etdi ki, Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması" adlı hesabat hazırlamaq üçün AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Volter sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə faktaraşdırıcı səfər edib. Lakin belə bir formada hazırlanacaq hesabat separatçıları razı salmayıb və birtərəfli kimi qiymətləndirilib, məruzəçini isə əraziyə buraxmayıblar: “Separatçıların fikrincə, Volter hesabatda onları işğalçı qismində deyil, məhz iki tərəf kimi göstərməli idi. Düşünürəm ki, Avropa Şurası buna adekvat cavab verməlidir və hesabatda bunun qanunsuz olduğunu göstərməlidir. Çünki bu, bir daha separat rejimin və onun havadarlarının beynəlxalq institutlara və onların qərarlarına olan saymaz münasibətindən xəbər verir”.
Türkiyə-Rusiya qarşıdurmasının Qarabağ konfliktinə hansı təsirlərinin olacağına gəldikdə, ekspertin fikrincə, təəssüf ki, Rusiya hələ də Türkiyənin hava sərhədini niyə pozduğu haqda normal bir izahat verməyib və çox güman ki, verməyəcək: “Yəqin ki, bunlar kəşfiyyat xarakterli uçuşlar olub və əsas məqsəd Əsəd rejiminə qarşı Türkiyənin hansı addımlar atacağını öyrənmək məqsədi daşıyırdı. Bütün xəbərdarlıqlara məhəl qoymayan Rusiya tərəfi Su-30 və Su-24 təyyarələri ilə Türkiyə hava məkanına daxil olub. Təbii ki, buna cavab olaraq Türkiyə tərəfi də öz vertolyotları vasitəsilə iki dəfə Ermənistanın hava məkanına daxil olub və rusların hərbi obyektləri ilə bağlı kəşfiyyat uçuşları edir. Yəni artıq regionun geosiyasi vəziyyətindən asılı olaraq NATO-Rusiya qarşıdurması Cənubi Qafqaz dövlətlərinə, o cümlədən Azərbaycanın da hərbi və əməliyyat şəraitinə sirayət etməyə başlayır”.
Hərbi ekspert Üzeyir Cəfərov isə qeyd etdi ki, Türkiyənin Ermənistana hərbi heyət göndərməsi ilə bağlı xəbər bir qədər ajiotaj yaradıb: “Əslində isə bu, adi və indiyə kimi də bir neçə dəfə reallaşdırılan bir ziyarətdir. Baxmayaraq ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının budəfəki açıqlaması bir sıra gərgin və mürəkkəb siyasi, geosiyasi proseslər fonunda bir qədər təəccüb də doğurmuşdu. Məsələnin incəliklərini dərindən oxumayan və bilməyən dostlarımız bərk narahatçılıq keçirirdilər. Bu da təbiidir. Bir-birinə qarşı indiyə kimi məhz Ermənistanın həm əvvəlki, həm də indiki hərbi-siyasi rejiminin ağılsızlığına görə yaşanan gərginliklər azalmaq əvəzinə, artan xətlə davam edir. Səbəb isə sadədən sadədir: Türkiyə ordusunun nümayəndələri Ermənistana ”Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə" çərçivəsində gediblər. Razılaşma çərçivəsində Türkiyə tərəfinin rəhbərliyi altında 11 oktyabr tarixindən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində bizə düşmən mövqe sərgiləyən rəsmi İrəvanın hərbi sahədəki konkret fəaliyyətinə nəzarət həyata keçiriləcək".
Lakin Ü.Cəfərov xatırlatdı ki, Türkiyə Nəzarət Qrupu təkbaşına deyil, ora həmçinin Slovakiyadan olan hərbçi də daxildir. Onlar bu müddətdə yoxlamalar həyata keçirib oktyabrın 14-də Ermənistan ərazilərini tərk edib ölkələrinə qayıdacaq, yuxarı komandanlığa rəsmi sənəd təqdim edəcəklər. Araşdırmaçı qrupun işğal altındakı əraziləri də inspeksiya etmək imkanları haqda gedən müzakirələrə toxunan Ü.Cəfərov bunu real saymadı: “Əvvəlki illərdə olduğu kimi, Ermənistanın rəhbərliyi nə Türkiyədən olan nümayəndə heyətini, nə də bu vaxta kimi o bölgələrə gedən heç bir yoxlama qrupunu Ermənistandan o yana buraxmayıblar.
Azərbaycan tərəfinin dəqiq məlumatları var ki, işğalçı dövlət qanuni və qeyri-qanuni yollarla əldə etdiyi silahların və avadanlıqların əhəmiyyətli hissəsini məhz işğal altında olan və beynəlxalq nəzarətdən kənarda qalan ərazilərdə yerləşdirib. Bu, belə olmasaydı, Ermənistanın cinayətkar rejimi çox asanlıqla yoxlama qruplarını o ərazilərə də buraxa bilərdi”.
Bəzi müşahidələr göstərir ki, Moskva indiki mərhələdə Bakının Ankaranın yox, Rusiyanın yanında yer alması üçün hərəkətə keçib. Belə ki, Rusiya ilə Azərbaycan arasında Azərbaycana Rusiya hərbi texnikasının satışına dair danışıqlar gedir. Rusiya bununla həm əlavə qazanc əldə etmiş olur, həm də Azərbaycanın rəğbətini qazanmış olur. Virtualaz.org saytı xəbər verir ki, bu barədə iki ölkə hökumətlərarası komissiyasının Moskvada keçirilən iclasında iştirak edən hərbi-sənaye kompleksindəki mənbə “Rambler” agentliyinə bildirib.
“Azərbaycana hərbi texnika təchizatı müzakirə olunur, ancaq qapalı rejimdə”, - deyə mənbə bildirib. Mənbə təkcə onu əlavə edib ki, danışıqlar Azərbaycana Rusiya istehsalı olan hərbi vertolyotların və zirehli tank texnikasının təchizatı barədə aparılır. Azərbaycan Rusiyadan son illərdə milyardlarla dollarlıq müasir hücum silahları, o cümlədən T-90S tankları, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 zenit-raket kompleksləri, Mi-35M vertolyotları və s. alıb. Bu yaxınlarda məlum olub ki, Azərbaycan Rusiyadan T-90S tanklarının yeni partiyasını və daha bir neçə “Smerç” sistemlərini almağa maraq göstərir. Qeyd edək ki, bugünlərdə ordumuzun hərbi təlimlərini izləyən baş nazirin 1-ci müavini Yaqub Eyyubov Moskvaya getmişdi...
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı qəzetimizə dedi ki, Rusiya və Azərbaycan arasındakı silah, texnika alqı-satqısını şərh etməyəcək. Ötən həftə düşmənlə təmas xəttində baş verənlərlə bağlı sorğumuzun cavabında isə bildirdi ki, hazırda təmas xəttində sakitlikdir. Sonuncu itkiləri erməni tərəfin gizlətməsinə gəldikdə, nazirlik sözçüsü bunu təbii saydı: “Onlar çox nadir hallarda itkiləri təsdiqləyirlər. Ancaq bizdəki dəqiq məlumatlara görə, itkiləri çoxdur. Biz konkret mövqeni göstərmədik, çünki düşmən müxtəlif mövqelərdən itkilər vermişdi”.
V.Dərgahlı ordunun hazırlıq səviyyəsindən də əminliklə danışdı: “Cəbhə bölgəsində ola biləcək hər hansı bir hadisəyə silahlı qüvvələrimiz həmişə hazırdır. Son dövrlərdə düşmənin aktivləşməsinin qarşısı silahlı qüvvələrimiz tərəfindən dərhal alınıb və bundan sonra da alınacaq”.
Cia.az
