Azərbaycanda parlament seçkilərinin keçirilməsinə bir aydan da az müddət qalsa da, ölkədə seçki mühiti bir o qədər də hiss olunmur. Ölkə müxalifəti bunun səbəbini hakimiyyətdə axtarsa da, müxtəlif fikirlərlə çıxış edənlər də var.
Seçkilərə qatılmaqdan imtina edən ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində söyləyib ki, Azərbaycanda müxalifət-iqtidar münasibətlərinə birbaşa Rusiya tərəfindən təsir var.
Partiya sədri bildirib ki, əgər Azərbaycan iqtidarının indiki məqamda Rusiyanın təsirlərinə müqavimət göstərmək imkanı yoxdursa, onda mövcud situasiya ilə barışmaq lazımdır: “Azərbaycanın müstəqilliyə qovuşmasında, ölkədə demokratiyanın inkişafında xidməti olan insanların heç birinin parlamentə buraxılmaması düzgün və ağıllı bir seçim deyil. Azərbaycanın bu kimi vəziyyətlərə düşməsinin səbəbi xarici faktorla bağlıdır. Məsələn, burada Rusiya faktoru önəmli rol oynayıb. Biz etiraf etməliyik ki, bu gün Rusiya çox təhlükəli bir xarici siyasət aparır. Mən düşünürəm ki, Azərbaycan iqtidarı daxildə seçim etmək imkanına malik deyil. Bizim siyasi dialoqda hökumət tərəfindən qaldırılan əsas məsələ seçkilərlə bağlı idi. Televiziyada da Əli Həsənov (Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - red) dəfələrlə demişdi ki, biz bunu İlham Əliyevlə biləvasitə məsləhətləşmişik. Yəni bu siyasi dialoq Əli Həsənovun şəxsi təşəbbüsü deyildi və yaxud da birinci şəxsin xəbəri olmadan bu proses getmirdi. Çox güman ki, burada yenə də dediyim kimi, bizi Avropa və Qərbdən uzaqlaşdıran qüvvələrin təsiri olub”.
Azərbaycanda keçirilən seçkilərə xarici qüvvələrin və xüsusilə də Rusiyanın təsiri nə qədərdir?
Məsələ ilə bağlı musavat.com-a danışan politoloq Hikmət Hacızadə bildirib ki, Rusiyadan heç bir təsir görmür: “Hakimiyyətə rus təsiri lazım deyil. Elə onların hazırkı şərait üçün özləri-özlərinə bəs edir. Rusiya nə edir ki..? Onsuz da hakimiyyət eyni fikirdədir. Bunlar hamısı boş və mənasız söhbətlərdir”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə mövzu ilə bağlı aşağıdakı fikirləri söyləyib: “Məndə bu barədə konkret informasiya yoxdur. Ancaq bu cür rəylərin meydana gəlməsində şübhəsiz ki, son dövrlərdə Azərbaycanda iqtidarın siyasətçiləri və ideoloqları tərəfindən Qərb və Qərbyönümlü beynəlxalq təşkilatların əleyhinə aparılan təbliğat mühim rol oynayır. Ancaq prinsip etibarı ilə bunun birbaşa seçki mühiti ilə bağlı olması barədə münasibət bildirmək çətindir”.
Cia.az
