|
Ankaradakı terrorda İŞİD “imza”sı -
Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan sülh mitinqində 95 nəfərin həlak olması, 200-dən yuxarı şəxsin yaralanması ilə nəticələnən terror qardaş ölkəni yasa boğub, dünyanı  silkələyib. Belə bir partlayışı hansı qruplaşmanın təşkil edib həyata keçirməsi, bu terrorun siyasi məqsədinin, hədəfinin nə olması ilə bağlı siyasi təhlilçilər ən müxtəlif versiyalar irəli sürürlər. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu terrorun arxasında İŞİD-in dayandığı ehtimalı böyükdür. Bir neçə ay əvvəl Suriyada da oxşar  partlayış olmuşdu və ehtimallar belə idi ki, hansısa İŞİD-çi özünü partladıb. Bu terakt nəticəsində də  30-dan yuxarı dinc sakin həlak olmuşdu.
Həmin mitinq də solçuların, kürd silahlı hərəkatına rəğbət bəsləyənlərin mitinqi idi. Ankaradakı partlayışı da İŞİD-in təşkil etdiyindən şübhələnmək üçün əsaslar var: “Bu partlayış da solçuların və PKK-ya rəğbət bəsləyən qismlərin mitinqi idi. Düzdür, sülh çağırışı ilə keçirilirdi, amma yenə də hiss olunurdu ki, orada PKK-ya simpatiyası olanlar da az deyil. Hətta bəzilərinin maykasında ”Kürdistan" yazılmışdı. Biz də bilirik ki, İŞİD Suriyada silahlı kürdlərlə də mübarizə aparır. İŞİD bütün istiqamətlərdə savaşır. İŞİD-lə savaşda silahlı kürdlər müəyyən qədər uğurlar qazanıblar. Rusiya prezidentinin də belə bir bəyanatı oldu ki, Suriyada İŞİD-ə qarşı iki güc savaşır, bunlar Bəşər Əsədin ordusu və silahlı kürdlərdir. Putinin bu sözündə müəyyən qədər həqiqət var. Suriyadakı İŞİD-kürd qarşıdurması tədricən Türkiyəyə inikas olur. Kürdlərin mitinqlərində həyata keçirilən partlayışlar bunun təzahürüdür. Belə bir ehtimallar da səslənir ki, bəlkə də Ankaradakı terror aktını radikal kürd elementlər özləri törədiblər ki, seçkiöncəsi reytinqlərini artırsınlar. Bu partlayışdan sonra PKK-nın siyasi qanadı olan HDP-nin reytinqinin qalxması mümkündür. Çünki HDP məzlum obrazında özünü göstərir.  Amma mən hesab etmirəm ki, bu terroru kürdlər özləri təşkil edib. Ankaradakı partlayışı Türkiyənin dərin dövləti və ya iqtidarın təşkil etdiyi barədə ehtimalları da əsaslı saymıram. Bütün təhlillər bu terroru İŞİD-in təşkil etdiyinə aparıb çıxarır"
Ekspertin sözlərinə görə, mümkündür ki, bu partlayışın arxasında hansısa xarici qüvvələrin də siyasi marağı olsun: “Ola bilsin ki, hansısa mərkəzlər, dövlətlər ərəb ölkələrində, xüsusən də Suriyada gedən prosesin Türkiyədə də olmasını istəyirlər. Türkiyədə ”ərəb baharı" mümkün olmadı. Bu səbəbdən terror hadisələri ilə ölkənin daxilində qarışıqlıq yaratmaq istəyində olan qüvvələr ola bilər. Türkiyəni Suriyaya çevirmək istəyənlərin olduğu hiss edilir. Ankaradakı terrorun bu istəkləri həyata keçirmək planının tərkib hissəsi olması istisna deyil. Canlı bomba ilə terror həyata keçirmək üsulundan adətən İŞİD istifadə edir. PKK bu üsuldan yox, yollara mina döşəmək kimi üsuldan isti fadə edir. Bu nüans da Ankaradakı terroru İŞİD-in təşkil elədiyini söyləməyə əsas yaradır". 

E.Şahinoğlu onu da vurğuladı ki, Türkiyəni Suriyaya çevirib bu ölkəyə müdaxilə etmək fikrinə düşən xarici qüvvələr olsa da, Türkiyəni Suriyaya çevirmək mümkün olmayacaq: “Çünki Türkiyə oturuşmuş dövlətdir. Suriyada uzun on illiklərdə demokratiya olmayıb, avtoritar diktatura rejimi olub, sülalə rejimi daim müxalif səsləri məhv edib. Uzun on illiklər keçdi və hardasa qırılma nöqtəsi baş verməli idi və belə də oldu. Türkiyə isə oturuşmuş, demokratiyanın olduğu, fərqli fikirlərə yer verilən ölkədir.  Türkiyənin güclü ordusu var, NATO-nun üzvüdür. Suriyadakından fərqli olaraq Türkiyədə güclü siyasi partiyalar var ki, onlar son anda dövlətə olan təhlükə qarşısında ortaq məxrəcə gələ biləcəklər”.
Cia.az