Ermənistan prezidenti Serj Sərkisyan Konstitusiya layihəsi üzrə keçiriləcək referenduma etirazların artmasından dolayı narahatlıqlarını Azərbaycanla cəbhə xəttində vəziyyəti kritikləşdirməklə səngitməyə çalışır. Elə atəş xəttində son günlər baş verən ağır döyüşlər də bunun təsdiqi sayıla bilər.
Qeyd edək ki, Serj Sarkisyan ölkənin idarəetmə sistemini dəyişəcək Konstitusiya layihəsi üzrə referendumun 2015-ci il dekabrın 6-da keçirilməsi barədə fərman imzalayıb ki, bu da erməni cəmiyyətində qızğın mübahisələrə səbəb olub. Layihəni hakim Respublikaçılar, Daşnaksutyun və Firavan Ermənistan fraksiyaları dəstəkləyib. Konstitusiya dəyişikliyinə qarşı birləşmiş qüvvələr isə rayon və şəhərlərdə əks-təbliğat kampaniyasına başladıqlarını bəyan ediblər (anspress.az).
Qayıdaq cəbhədəki duruma. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. Məlumatda deyilir ki, Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb. “Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə açıqlamada bildirilir.
Erməni tərəf son günlərdə verdiyi 20-dən artıq itkini gizlətdiyi kimi, bu faktın da üstündən keçib və rəsmi açıqlama verməyib. Lakin görünən budur ki, Sərkisyan rejimi Azərbaycanın mövqelərinə diversiya-təxribat dəstələrini göndərməklə ölkənin müharibə şəraitində olması faktını ermənilərin diqqət mərkəzində saxlamağa, bununla da dövranını sürməyə çalışır. Düşmənin quduzlaşmasının bir səbəbi kimi, ekspertlər İrəvanın hərbi-strateji müttəfiqi Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması, faktiki olaraq dünyaya meydan oxumasıdır. Üstəlik, Rusiya qırıcılarının Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin hava sərhədlərini pozması da Ermənistanı məmnun edir. Sərkisyanın son terror olayındakı itkillərlə bağlı R.T.Ərdoğana göndərdiyi başsağlığı məktubu sadəcə görüntü üçündür. Erməni hakimiyyəti torpaqlarına iddia etdikləri Türkiyənin zəif düşməsini çox arzulayır, ona görə də bu qarşıdurmada Rusiyanın tərəfində olduqlarına şübhə yox.
***
Belə bir həssas dönəmdə Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi Ermənistana gedir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, “Avropada Adi Silahlı Qüvvələr haqqında” müqaviləyə uyğun olaraq Türkiyə təftiş üçün hərbçilərini Ermənistana göndərəcək. Məlumata görə, türkiyəli hərbçilər oktyabrın 11-14-də Ermənistanda təftiş aparacaqlar. Onların sayı barədə məlumat verilmir.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Türkiyənin hərbi nümayəndə heyətinin Ermənistana səfərində qeyri-adi heç nə yoxdur: “Baxmayaraq ki, iki dövlət arasında diplomatik münasibətlər dondurulub və sərhədlər qapalıdır, Ankara beynəlxalq öhdəliklərini yerinə yetirilməlidir. Türkiyə hərbçiləri 11 oktyabr tarixindən Ermənistanda Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçirəcəklər. Əslində bu, Azərbaycanın da xeyrinədir. Çünki biz dəfələrlə bildirmişik ki, Ermənistan Adi Silahlı Qüvvələr haqqında Müqaviləni kobud şəkildə pozur, kvotadan artıq silahları Dağlıq Qarabağda yerləşdirir”.
Ancaq reallıq budur ki, Ermənistan ordusunun əsas hissəsini və hərbi texnikasını, silah-sursat növlərini, artilleriya qurğularını işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirib. Avropa Parlamentinin qətnamələrində hətta Qarabağa əsgər göndərilməsini dayandırmaq barədə İrəvana çağırış edilsə də, bu tələbə əməl edilməyib. İşğalçı ölkə bu ərazilərin təftiş olunmasına da imkan vermir və qapıları möhkəm bağlayıb. Elə bir müddət əvvəl AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağa səfər etmək barədə müraciətinə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejim tərəfindən mənfi cavab verilib. Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər nazirinin müavini” adlandıran Armine Aleksanyanın sözlərinə görə, R.Volter bu il sentyabrın 22-də onlara məktubla müraciət edərək, hesabat hazırlamaq üçün Qarabağa səfər etməsinə şərait yaradılmasını istəyib. Lakin müraciət qəbul olunmayıb. Separatçı rejimin nümayəndəsi əsasən hesabatın “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlandırılmasına etiraz etdiklərini deyərək, bu adın münaqişənin yalnız tək tərəfin mövqeyini ifadə etdiyini bildirib.
Xatırladaq ki, R.Volter “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı hesabat hazırlamaq üçün sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edib. Bu fakt erməni ordusunun kvotadan kənar silah-sursat və texnikasını Azərbaycan ərazisində gizlətməsinin təsdiqidir. Üstəlik, Sərkisyan özü bu günlərdə Dağlıq Qarabağı “Ermənistanın tərkib hissəsi” adlandırmaqla cinayətlərini etiraf etmiş oldu. Təbii ki, bu məntiqlə ermənilər işğal zonasını terror yuvasına çeviriblər və bu ərazidəki qanunsuz məskunlaşdırmadan tutmuş qadağan olunmuş silahlara qədər bir çox faktların ört-bastır edildiyini söyləmək üçün əsaslar yetərincədir.
Bəs, türk zabitlər israrla Qarabağ torpaqlarında təftiş apara bilərmi? E.Şahinoğlu: “Təəssüf ki, beynəlxalq aləm Dağlıq Qarabağdakı silahları nəzarətdə saxlaya bilmir və ya buna həvəsi yoxdur. Halbuki Qarabağdakı silahların məhz Ermənistan silahlarının əlavəsidir. Ona görə də Türkiyə nümayəndə heyətinin monitorinq nəticəsində obyektiv qiymətləndirməsinə ümid edirik. Axtarsan, bəlkə də Dağlıq Qarabağda yerləşdirilən silahların həcmi Ermənistandakından çoxdur.
Aydındır ki, Ermənistan Türkiyənin hərbi nümayəndə heyətinə Dağlıq Qarabağda monitorinq aparmağa icazə verməyəcək. Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Hətta Türkiyənin yerinə başqa bir ölkə olsaydı belə, İrəvan Dağlıq Qarabağın hərbi imkanlarını monitorinq aparmağa icazə verməzdi. Məhz bu səbəbdən Azərbaycan ordusu da Adi Silahlı Qüvvələr haqqında Müqavilənin şərtlərini yerinə yetirmək məcburiyyətində deyil. Biz istədiyimiz qədər silah və sursat ala bilərik. Azərbaycan həmin müqaviləni o şərtlə yerinə yetirərdi ki, Ermənistan işğal altındakı torpaqları boşaldardı. Ancaq nə Ermənistan bunu edir, nə də beynəlxalq aləm İrəvanı buna məcbur edir”.
Politoloq deyir ki, belə olan halda kimsə bizdən Azərbaycanın Adi Silahlı Qüvvələr haqqında Müqavilənin şərtlərini yerinə yetirməsini gözləməsin: “İşğalın davam etdiyi müddətdə Azərbaycan silahlı qüvvələrini azaldan deyil. Əksinə, silahlı qüvvələr gücləndirilməli və yeni silahlarla təchiz olunmalıdır ki, Ermənistan sülhə məcbur edilsin”.
***
Bu arada Ankara-Moskva münasibətlərində yaşanan gərginlik daha da artıb. Yayılan məlumatlara görə, Türkiyə vertolyotları son bir neçə gün ərzində iki dəfə Ermənistanın hava məkanına daxil olub. ANS-in məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Baş verən hadisəni Milli Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan da təsdiqləyib. Qəzetin yazdığına görə, hava sərhədinin pozulması hakim Respublika partiyasının iclasında da müzakirə olunub. Artyom Movsisyan bildirib ki, Türkiyə vertolyotları Ermənistanın hava sərhədini pozmağa həqiqətən də cəhd ediblər. “Bu cür faktlar oktyabrın 6-da və 7-də qeydə alınıb. Sərhədin pozulması 2-4 dəqiqə çəkib. Xüsusi reqlamentə uyğun olaraq tərəfimizdən lazımi tədbirlər görülüb. Həmçinin, Ankaradakı dispetçerlə hava gəmisinin hansı tipdən olduğu dəqiqləşdirilib”. Hətta Rusiyaya aid “MİQ-29" döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədlərini pozandan sonra Türkiyə qırıcıları tərəfindən vurulmasına dair məlumat da yayılıb. Britaniyanın ”Express" saytı xəbər verir ki, bu barədə Suriyada çalışan bir neçə jurnalist sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, Huraytan bölgəsində hərbi-hava əməliyyatı həyata keçirən Rusiya təyyarəsi Türkiyə səmasına keçdikdən sonra vurulub. Şahidlər havada partlayış gördüklərini iddia edirlər. Rusiya və Türkiyə SQ-nə yönəldilən sorğu hələ cavablandırılmayıb. Bəzi KİV-lər isə, vurulan “MİQ-29"-un Suriyaya məxsus ola biləcəyini istisna etmirlər: ”Əlbəttə, əgər həqiqətən də vurulubsa".
Digər məlumata görə, Ankara da Rusiyanın Türkiyə dövlətinə qarşı sayğısızlığının qarşılığında borclu qalmayıb. Belə ki, Türkiyənin hərbi sərnişin vertolyotu Ermənistanın hava sərhədlərinə daxil olub. İddialara görə, vertolyot sərhəddən içəri çox da keçməyərək, Ermənistan ərazisini tələsik tərk edib.Ermənilər iddia edib ki, insident Ermənistanın Armavir vilayətində baş verib. Marşrut isə İqdır-Qars olub. Məlumdur ki, Ermənistanla Türkiyə sərhədləri 20 ildən artıqdır ki, bağlıdır. Ölkələr arasında siyasi vəziyyətdə gərgin olaraq qalır. Son vaxtlar Emənistanın ən yaxın müttəfiqi Rusiya ilə Türkiyə arasında gərginlik yaşanır. Sərhəd pozuntusu isə bu gərginliyin fonunda baş verir.
Bu isə Rusiyaya bir cavab ola bilər. Rusiya Türkiyə sərhədlərini son 15 gündə bir neçə dəfə pozub. Vəziyyətin gərginləşdiyini görən NATO iki ölkə arasında baş verən gərginliyə münasibət bildirib. NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır. Rusiya isə hələ də Türkiyənin hava sərhədinin niyə pozduğu haqda heç bir izahat verməyib.
Rusiya-Türkiyə qarşıdurması və ümumən regionda baş verənlərin Qarabağ məsələsinə təsirlərindən danışan E.Şahinoğlu qeyd etdi ki, Suriya ətrafında baş verənlərin Dağlıq Qarabağ probleminin həllinə də təsiri var: “Təəssüf ki, bu təsir müsbət deyil. Rusiya Suriyanı Xəzər bölgəsindən də raket atəşinə tutub. Özü də bu bombardman Türkiyə Silahlı Qüvvələr komandanı Hulusi Akarın Azərbaycanda olduğu vaxt baş verdi. Akar bu mövzu ətrafında da Azərbaycan rəsmiləri ilə də fikir mübadiləsi apara bilərdi. Ankara Rusiyanın Suriyanın daxili işlərinə qarışmasının, Əsədə hərbi dəstək verməsinin əleyhinədir. Əlbəttə, rəsmi Bakının Moskvanın istəyinə ”yox" deməsi çətindir. Ancaq Ankara və Türkiyə generaliteti Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir. Rəsmi Bakı son zamanlar Ankara ilə Moskva arasındakı münasibətlərdə artan gərginliyə də diqqət yetirməlidir.
Biri Azərbaycanın hərbi strateji müttəfiqidir, digəri isə “strateji tərəfdaş” adlandırılır və hər ikisinin Cənubi Qafqazda maraqları var. Suriya ərazisini bombalayan Rusiya təyyarələri bir neçə dəfə Türkiyə sərhədini pozublar. Bu, təsadüf deyil. Türkiyə prezidenti və baş naziri bu hallara dözməyəcəklərini və sərhəd pozuntunun təkrarlanması halında Rusiya təyyarələrini vuracaqlarını bildiriblər. Yəni Türkiyə-Rusiya münasibətləri tamamən pozula bilər. Hadisələrin bu istiqamətdə inkişafı rəsmi Bakının maraqlarına cavab vermir. Çünki Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi halında rəsmi Bakının Ankara ilə Moskva arasında balanslaşdırılmış siyasət aparması çətinləşəcək. Digər tərəfdən Suriya problemi Rusiyanı ABŞ, Avropa Birliyi və Türkiyə ilə üz-üzə qoyarkən və üstəgəl Ukraynaya görə mövqelər fərqlənərkən adı çəkilən dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin birgə həllinə çalışacaqlarını söyləmək çətindir".
Cia.az
