Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri, keçmiş baş prokuror Eldar Həsənovun oktyabrın 10-da 60 yaşı tamam olur. 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində müəllim ailəsində doğulan Eldar Həsənov gənc yaşlarından mühüm yüksək vəzifələrdə çalışıb. 40 yaşında Azərbaycanın baş prokuroru təyin edilib. 2000-ci ildən isə Azərbaycanı bir sıra xarici ölkələrdə fövqəladə və səlahiyyətli səfir kimi təmsil edir.
Eldar Həsənovun uşaqlıqdan bu günə qədər yaxın dostluq etdiyi keçmiş deputat Əlövsət Ağalarov onun 60 illik yubileyi ilə bağlı yazdığı məqalədə qeyd edib ki, Eldar Həsənov yubileyini keçirmək istəyində deyil.
Eldar Həsənov səfirlik fəaliyyəti ilə yanaşı kitablar da yazır. Səfir olduğu ölkələrlə Azərbaycanın əlaqələri, Azərbaycanın tanıdılması, Azərbaycanın torpaqlarının Ermənistanın işğalına məruz qalması ilə bağlı onun indiyə qədər yazdığı kitablarda bilgilər verilib. 60 illik yubileyi ərəfəsində isə onun yeni kitabı çapdan çıxıb. “Balkanların dostluq körpüsü boyunca” adlanan kitabda müəllif Azərbaycanın Qərbi Balkan ölkələri ilə qarşılıqlı münasibətlərini təhlil etməklə bölgənin zəngin tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən, tarixi memarlıq abidələrindən söz açıb, düşüncələrini bölüşüb.
Koordinat.az xəbər verir ki, “Balkanların dostluq körpüsü boyunca” kitabının giriş hissəsində Eldar Həsənov öz məramını belə açıqlayır: “Şübhə etmirəm ki, bu kitab vasitəsilə Balkanları tanıyandan sonra siz o torpaqları, o insanları sevəcəksiniz. İstədiyim budur ki, Balkanlardan uzaq ölkələrin adamları bu torpaqlara onu ürəkdən sevən bir əcnəbinin gözüylə baxa bilsinlər. Görsünlər ki, bu region Avropanın bir parçası olaraq nə kimi çətinliklərə sinə gərib, insanlar arasında inam və etimadın bərpası yolunda nə qədər əziyyətlərdən keçib. Balkan əhalisinin çəkdiyi əzablar dərin hörmət və ehtirama layiqdir!”
“Balkanların dostluq körpüsü boyunca” kitabı giriş və xülasə də daxil olmaqla, kitab səkkiz fəsildən ibarətdir. Kitabın böyük bir bölümü Azərbaycanla Qərbi Balkan ölkələri arasındakı mədəni əlaqələrə, dostluq münasibətlərinə, iqtisadi-siyasi əməkdaşlığa həsr edilib. O cümlədən İkinci Dünya müharibəsində faşizmə qarşı yuqoslav partizanları ilə bir sırada mübarizə aparmış Mehdi Hüseynzadəyə xüsusi yer ayrılıb - əfsanəvi “Mixaylo”nun sloven kəndi Vitovedə həlak olduğu yerdən, həmçinin azərbaycanlı döyüşçülərdən formalaşdırılmış və Belqradın azadlığında müstəsna xidmətlər göstərmiş 223-cü Azərbaycan diviziyasından geniş söz açılır.
“Köhnə dostluq yeni zəmində” adlanan fəsildə Heydər Əliyevin hələ sovet dönəmində, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi 1986-cı ildə Yuqoslaviyanın paytaxtı Belqrada səfəri xatırlanır, qeyd olunur ki, SSRİ-nin parçalanmasından sonra Azərbaycan müstəqil şəkildə bu ölkələrlə diplomatik əlaqələr qurub və dostluq, əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə keçib. Kitabda oxuculara Belqradın Taşmaydan parkında mərhum prezident Heydər Əliyevin abidəsinin ucaldılması, Novi Sad şəhərində, Dunay çayının sahilində Üzeyir Hacıbəylinin xatirə kompleksinin salınması, Monteneqroda-Podqoritsada şair, dramaturq Hüseyn Cavidin büstünün qoyulması barədə də məlumatlar verilir. Həmçinin Bakıda serb alimi Nikola Teslanın abidəsinin açılışından bəhs edilir.
Kitabdan o da bəlli olur ki, Serbiyada yalnız bir neçə ölkənin-Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya, ABŞ kimi böyük dövlətlərin mədəniyyət mərkəzi var və artıq Azərbaycan da bu sıraya daxildir.
Cia.az
