Ekspertlər bildirirlər ki, tezliklə neft 40 dollardan da aşağı düşə bilər...
Dünya bazarında neft yenidən bahalaşır. Ekspertlər bildirirlər ki, neftin bahalaşmağa bir neçə amil var. Burada Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar da əhəmiyyətli rol oynayır. Həmçinin, ABŞ-da hasilatın azalacağı ilə bağlı proqnozlar da təsirsiz ötüşməyib. Ancaq qiymət artımının uzunmüddətli olmayacağı vurğulanır. Bildirilir ki, tezliklə qiymətlər yenə aşağı düşəcək.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, neftin müvəqqəti və çox az bahalaşmasının yeganə səbəbi dünyada risk iştahının artması, FED-in faiz artımını ertələməsi olub: “Bütün birjalarda yüksəlişlər oldu, bu da neftə də təsir etdi. Çünki dollar ucuzlaşanda neft bahalaşır. Nə Suriya hadisələrinin, nə də Rusiyanın müdaxiləsinin neftə təsiri yoxdur, ola da bilməz. Dünyada neft hasilatı, istehlakı gündəlik 3 milyon bareli üstələyir, ciddi artıq neft hasilatı var. Hələ heç İran da bazara girməyib. Hasilat artdıqca, İran bazara girdikdə, qiymətlər yenə enəcək, yaxın 1-2 ayda hətta 40 dollardan da aşağı enə bilər. Çünki dünyada iqtisadi artım tempi də xeyli zəifləyib”.
Ekspert Vüqar Bayramov isə deyib ki, oktyabr ayında dünya bazarında Brent markalı neftinin qiyməti 11 faizə yaxın yüksəlib. “Doqquz gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekrod artımını rəsmilləşdirib. Neftin dünya bazar qiymətində artımlar davam edir. Bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır. Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilər qeyd edilir. Belə ki, Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb.
Bu son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir”.
Ekspert həmçinin qeyd edib ki, digər əsas səbəb Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatçılıqdır: “NATO-nun son münaqişəyə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatçılıq formalaşdırıb”.
V.Bayramovun sözlərinə görə, Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır: “Bu ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir”.
Cia.az
