|
Putin müsəlmanların, yoxsa Əsədin dostudur?

Yaxud ruslar Yaxın Şərqdə arzulanan qüvvəyə necə çevrildilər? Qərbin Yaxın Şərqdəki ikibaşlı oyunları fonunda Rusiyanın terrora qarşı savaşan gücə çevrilməsinin qısa tarixçəsi...

Son günlər dünya mediasının əsas gündəm mövzusu heç şübhəsiz, Rusiyanın Suriyada apardığı antiterror əməliyyatlarıdır. Ruslar Yaxın Şərqdə antiterror əməliyyatlarına Qərbdən bir il gec başlasalar da, səs-küy yarada bildilər. Bir il əvvəl dünya mediası İŞİD-i bombalayan BƏƏ-li pilot xanımdan, hava zərbələrində “nöqtə atışından” xəbərlər, süjetlər verirdi. İndi isə efiri rus qırıcıları, raket zərbələri və ən əsası Putin xəbərləri doldurub.

 
Hətta sosial şəbəkələrdə Putinin müsəlman obrazında, namaz qıldığını göstərən kollajları yayılıb. Zarafat bir yana, Rusiya prezidenti indi doğrudan da populyar bir şəxsdir Yaxın Şərqdə. Hazırda xəbərlərin və sosial paylaşımların müqayisəsinə baxsaq, müsəlman dünyası üçün bir nömrəli şəxs məhz Rusiyanın prezidentidir. Hətta Türkiyənin liberal görüşlü köşə yazarları Putini müsbət müqayisədə təqdim edirlər. Təbii ki, Rusiya liderini mənfi planda, nifrətlə yad edənlər də var. Amma istənilən halda hazırda “gündəmin adamı” odur - Rusiya prezidenti.

Ruslar terrora qarşı mübarizədə amerikalılardan daha səmimidir?
 
Əlbəttə, səbəb aydındır. Putinin rəhbərliyi altında Rusiya aviasiyası Suriyada İŞİD başda olmaqla radikal silahlı qrupları bombalayır. Doğrudur, hələlik rusların bomba zərbələrinin dəqiq nəticələri yoxdur, amma cəmi iki həftə ərzində doğurduğu səs-küy onu göstərir ki, ruslar Suriyada dəqiq və operativ işləyir. 
Eyni işi amerikalılar da edir. Ötən ilin avqustunda ABŞ İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Rəsmi məlumatlarda deyilir ki, 60-dan artıq ölkənin qoşulduğu beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində 15 mindən artıq İŞİD üzvü öldürülüb. O cümlədən 459 nəfər mülki insan hava zərbələri zamanı dünyasını dəyişib. ABŞ aviasiyasının liderlik etdiyi koalisiya qüvvələri bir il ərzində sentyabr ayına olan məlumata əsasən 6745 hava reydi keçirib. ABŞ-la yanaşı, Fransa, Böyük Britaniya, Belçika, Hollandiya, Avstraliya, Danimarka və Kanada aviasiyası əməliyyatlarda iştirak edir. O cümlədən İordaniya və qismən Türkiyə koalisiyaya dəstək verir. 
 
Koalisiyanın hava reydlərinin 2515-i Suriyada, 4230-u isə İraqda həyata keçirilib. Əsas ağırlıq isə ABŞ aviasiyasının üzərinə düşüb. Amerikalılar 5240 dəfə uçuş həyata keçiriblər. Ancaq göründüyü kimi, ötən bir il İŞİD-i məğlub etmək üçün kifayət etməyib. Koalisiya təyyarələri yalnız kürdlərin mövqelərini gücləndirdilər: Şimali İraqdakı kürd qüvvələrinə qarşı İŞİD-in hücumunun qarşısının alınması və Suriyada Kobani ətrafında İŞİD-in hücumunun qarşısının alınmasında rol oynadılar. 
 
Ruslar isə tamam fərqli taktika götürdülər. Rusiya təyyarələri Suriyada İŞİD-in “paytaxtı” Rəqqa şəhəri də daxil olmaqla bütövlükdə İŞİD-lə yanaşı “ən-Nusra”, hətta bəzi iddialara görə, “Fəth ordusu” və digər qruplaşmaların da mövqelərini bombalayır. Bu isə bölgədə vəziyyətin dəyişməsinə səbəb olur. Məsələn, rusların məlumatına görə, sentyabrın 30-dan başlayan əməliyyatların ilk həftəsində 120 uçuş həyata keçirib və 110 hədəfi, o cümlədən 71 zirehli texnika, 19 komanda mərkəzi, 2 rabitə mərkəzi, 23 yanacaq və partlayıcı anbarı, eləcə də partlayıcı sexləri məhv edilib.
 
Bu məlumatın dəqiqliyini sübut etmək çətin olsa da, yaranmış vəziyyət, eləcə də Suriya ordusunun hücuma keçməsi göstərir ki, rusların ilk həftəsi uğurlu olub. Ən azı Suriya üçün. Açıqlamalardan o da bəlli olur ki, əməliyyatlar bu tendensiya üzrə davam edəcək. Deməli, ruslar sadəcə amerikalılar kimi havadan zərbə endirmək deyil, quru əməliyyatlarına dəstək verməklə Suriya ordusunun qurudan hücumuna şərait yaratmağa çalışacaqlar. 
Rusların Suriyaya müdaxiləsi gözlənildiyi kimi, onsuz da gərgin olan beynəlxalq münasibətlər sistemini daha da gərginləşirib. Putin Suriyada Bəşər Əsədi qorumaqla yanaşı, eyni zamanda amerikalıların Yaxın Şərqdə səmimi olmadığını, terrora qarşı mübarizədə real çalışmadığını sübut edir. Əlbəttə, rusların Suriya münaqişəsinə baxışı amerikalılardan fərqlənir. Putinin hərbi aksiyası Bəşər Əsədin hakimiyyətinin qorunub saxlanılması və Suriyada yenidən sabitliyin bərqərar edilməsidir. Ən mühümü isə rusların hava dəstəyi zəif durumda olan Suriya ordusunu gücləndirir. Son günlər Suriya ordusunun bir neçə bölgədə hücuma keçməsi göstərir ki, Bəşər Əsəd Rusiyanın dəstəyindən yetərincə faydalanmağa çalışacaq. 
Rusiya Suriyada savaşa Moskvada nəhəng məscidinin açılışı və Putinin BMT-də İslam dininə tərifli çıxışından sonra başladı. 
 
Amma ondan əvvəl Putin Moskvada iyul-avqust aylarında İordaniya kralını, Misir prezidentini, Səudiyyə şahzadəsini, BƏƏ müdafiə nazirini qəbul edib danışıqlar apardı. Bu mənada rusların Yaxın Şərqda peyda olması qəfil olmadı. Putinin mesajı açıq idi. Ruslar savaşın Orta Asiya və Şimali Qafqaza sıçramasının qarşısını almaq üçün onu Suriyada aparır. Bunu Putin də etiraf etdi. Nyu-Yorkda ABŞ telekanalına müsahibəsində Putin dedi ki, yaraqlılar Rusiyaya qayıtmamış onları Suriyada məhv edilməsi üçün Əsədə dəstək verəcək. Bu mənada indiki savaş rusların uğurudur. Çünki nə də olsa savaş Rusiya sərhədlərindən min kilometr uzaqda aparılır. Bu, istənilən halda Şimali Qafqazda və ya Tacikistan dağlarında savaşmaqdan daha rahat və asandır. 
 
Rusların qətiyyət göstərməsi, İŞİD və “ən-Nusra” kimi terror qruplaşmalarına qarşı ağır zərbələr endirməsi istər-istəməz onu tərəfə çevirir. Ancaq eyni zamanda rusların Suriyada qətiyyət göstərməsi terrordan əziyyət çəkən müsəlmanların rəğbətini qazanır. Doğrudur, rusların digər müxalif qrupları da bombalaması etirazlar doğurur. Ancaq istənilən halda Rusiyanın fəaliyyəti ABŞ-ın ötən bir ildəki antiterror kampaniyası ilə müqayisədə daha effektiv görünür. 
 
Putin müsəlmanların dostudur? 
 
Dəməşq Universitetinin ərəb dili kursunda oxuyan alman həkim-psixoloq Tilman deyirdi ki, Dəməşqdə bir çox marketlərdə satıcılar onun alman olduğunu bildikdə pul almırdılar. Səbəbi isə Tilman üçün dəhşətli idi: ərəblər üçün Tilman Hitlerin yerlisi idi. Ərəb tacirlər onun alman olduğunu bildikdə Hitleri yad edib, onun yəhudiləri qırmasını xatırladıb onun yerlisinə ehtiram göstərirmişlər. 
 
Bu gün də ərəblər yəhudilərə nifrətlərini Hitlərə sevgi ilə təsdiqləməyə çalışırlar. Necə deyərlər, “pisə qarşı daha pis”. Bu mənada indi rusların Suriyada antiterror əməliyyatları İŞİD-lə müqayisə edilir və təbii ki, indiki fəaliyyətləri rusların keçmiş günahlarını ən azı indilikdə unutdurur. Xüsusən də azərbaycanlılar üçün. Ruslar yaxşı deyil, amma daha pislə savaşdığı üçün yaxşıdır. Eyni zamanda ruslar bu mərhələdə amerikalılarla müqayisədə daha qətiyyətli, terrora qarşı daha səmimi mübarizə apardıqlarını sübut edirlər. Bu isə yalnız İslam dünyasında deyil, bütövlükdə dünyada müsbət effekt doğurur.
Görünən odur ki, Suriya ruslar üçün ikinci Əfqanıstan olmayacaq. Amma savaşın tezliklə sona çatması da real görünmür. Ruslar Suriyaya ordu göndərib ərəblərin nifrət hədəfinə çevrilmək istəmirlər. Əfqanıstandan fərqli olaraq bu işi görəcək Suriya ordusu var. Rusiya isə bu mərhələdə savaşı sərhədlərindən kənarda saxlamaq, Ukrayna böhranını arxa plana keçirmək və terrora qarşı mübarizə aparmaqla qazanclı çıxmışa bənzəyir. 
 
Rusiya bir imperiya dövlətdir. Və təbii ki, heç Putin özü də müsəlman deyil. Amma indi onun qətiyyətli addımları Obama ilə müqayisədə daha cəlbedici görünür. Və nəhayət, Əfqanıstandan fərqli olaraq beynəlxalq ictimai rəy tamamilə ruslara qarşı deyil. Çünki dünya üçün daha qorxulu olan Yaxın Şərqdə sürətlə böyüyən terrordur. Hansı ki, bir il ərzində Qərb ölkələri ona qarşı effektiv mübarizə apara bilmədilər.  
 
Yeri gəlmişkən, bu günlərdə İraq hökuməti də bəyan edib ki. Rusiyadan İraq ərazisində terror hədəflərinə qarşı mübarizə üçün dəstək istəyəcəklər. Qarşıdakı aylarda rusların İraqda hava zərbələri enriməsi heç kəsi təəccübləndirməməlidir. Necə deyərlər, indi ruslar Yaxın Şərqdə arzulanan qüvvədirlər. 
 Qərb isə hələ ki Putinin arxasınca “sürünür”. Qərb mediası rus raketlərinin hədəfə düzgün vurmadığını, yarı-yolda düşdüyünü, rus qırıcılarının dinc əhalini vurmasını, hətta radikalların rus texnikasını vurmasını tirajlamaqla Rusiyaya qarşı kampaniya aparır. İndiki şəraitdə bundan daha artığını da etmək mümkün deyil, çünki formal olaraq indi Qərbin və Rusiyanın Yaxın Şərqdəki hədəfi eynidir: radikal terrorçu qruplar. 
 
Ancaq istisna deyil ki, qarşıdakı dönəmdə rusları zəiflətmək üçün Qərb ölkələri Suriyadakı radikal qrupları silahlandıracaq. Artıq bunun ilkin əlamətləri də var. Ancaq Əfqanıstan savaşında olduğu kimi rusları ümumi “duşman”, müsəlmanların vahid düşməni elan etmək çətin ki, bu dəfə mümkün olsun. SSRİ-dən fərqli olaraq indi rus lider məscid açılışı edir, İslam dininin terrorla əlaqəsinin olmadığını deyir, ən mühümü isə ruslar bu savaşa müsəlman dünyasının terror bəlasından əziyyət çəkdiyi bir vaxtda qoşuldular və savaşda yalnız deyillər. 
Bu vəziyyətin yaranmasında isə təbii ki, ilk növbədə terrora mübarizədə ikiüzlü olan, bölgə siyasətində çoxtərəfli oyunlar oynayan Qərb ölkələri günahkardır. Halbuki vaxtında üstünlük Qərbin əlində idi. Terrora qarşı qətiyyətli savaş aparmaq, ən azı onun ləğv olunması üçün səmimi ittifaq qurmaq olardı. Bunun üçünsə kifayət qədər zaman olsa da, Qərb ölkələri bu istiqamətdə lazımi addımları atmadılar.
 
Cia.az