|
Qarabağ uğrunda təbliğat savaşında yeni ştrixlər

Ceyms Uorlik niyə həqiqəti deyə bilmir? Amerikalı həmsədrin amerikalı ermənipərəst konqresmenlərə gizli təəssübünün təhlükəli pərdəarxası; ABŞ-ın işğalçıya gizli-açıq himayəsi təkcə xristian amili ilə bağlı deyil... 

 


Erməni tərəfinin cəbhədəki son qarşıdurma zamanı böyük itkiyə məruz qalması - onlarla hərbçisinin sıradan çıxması (4 ölü, 16-ya yaxın yaralı) onu yeni diplomatik fəallığa sövq edib. Serj Sərkisyanın BMT Baş Məclisinin yubiley sessiyasında çıxışı və sessiya çərçivəsində Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gəlməsi, paralel olaraq Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın da eyni vaxtda Amerikada görüşlər keçirməsi sözsüz ki, son hərbi uğursuzluğun doğurduğu situasiyanın xilasına, bir az da daxili auditoriyanı sakitləşdirməyə yönəlmişdi.
 
Təsadüfi deyil ki, həm Sərkisyanın, həm də Nalbəndyanın ABŞ-dakı çıxış və görüşlərindəki fikirlərinin leytmotivini Azərbaycana hücumlar, ölkəmizi qaralamaq və onu “aqressor” kimi təqdim eləmək cəhdləri təşkil edirdi. Lakin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu qəbildən ittihamlara layiqli cavab versə də əfsus ki, erməni yalanları qismən də olsa Amerika ictimai rəyinə hopa bilib. 
 
Bunun əsas səbəbi sözsüz ki, üç mühüm vasitəçi dövlətdən biri olan ABŞ-da güclü erməni lobbisinin mövcudluğudur. Təəssüflər olsun ki, Amerikadakı diplomatlarımız və diasporumuz bu amili hələ də sanbalı şəkildə neytrallaşdıra bilmir. Belə olmasaydı, Minsk Qrupunun amerikalı həmsədri Uorlik ABŞ-da azərbaycanlı diaspordan daha çox, erməni lobbisinin təmsilçiləri ilə tez-tez bir araya gəlməzdi. Elə olmasaydı, Sərkisyan və Nalbəndyanın anti-Azərbaycan çıxışlarından dərhal sonra ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst kimi tanınan Ed Roys və komitənin nüfuzlu ermənipərəst üzvü Eliot Engel vasitəçi Ceyms Uorlikə, faktiki, erməni mövqeyinin müdafiəsinə yönəlik məktubla müraciət eləməzdilər, həmin məktubu daha sanballı eləməkdən ötrü Konqres üzvlərinin imzasını toplamağa başlamazdılar.  
 
 
Adıçəkilən konqresmenlər məktubda “Dağlıq Qarabağ məsələsinin təhlükəsizlik və status baxımından həll edilməsinə təkan vermək üçün” bəzi təkliflər irəli sürüb, ABŞ və ATƏT-i “zorakılıq aktlarına cavab olaraq uğursuz olan yanlış bərabərlik siyasətlərindən əl çəkməyə” çağırıblar. 

Sitat: “ABŞ və ATƏT-in təmas xəttində hər bir hücuma ümumi yanaşaraq, tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”, - deyə məktubda qeyd olunur. 

 
Müraciətdə qısa müddətdə insanları qoruya biləcək və müharibədən çəkindirəcək 3 əsas təklif göstərilir:“Bütün tərəflər təmas xəttindən snayperləri geri çəkmək barədə razılaşma əldə etməli, təmas xəttində hücumun mənbəyini müəyyənləşdirmək üçün ATƏT-in monitorinq, silahlokator sistemləri və səsölçən avadanlıqları yerləşdirilməli və atəşkəs rejiminin pozulmasını daha yaxşı monitorinq etmək üçün əlavə ATƏT müşahidəçiləri müəyyənləşdirilməlidir”. Qeyd olunur ki, bu addımlar regionun bütün əhalisi üçün hərtərəfli və davamlı sülhə töhfə verəcək. 
 
*****
 
 
Göründüyü kimi, müraciət bütünlüklə işğalçı tərəfin maraqları əsasında tərtib edilib və Azərbaycanı tənbeh eləməyə yönəlib. Təsadüfi deyil ki, orada Ermənistanın işğalçılıq siyasəti barədə bir kəlmə də deyilmir, o ki ola sülhə əsas maneənin məhz erməni işğalçı qoşunlarının olmasının xüsusi vurğulanması. Üstəlik, belə təəssürat yaranır ki, ermənipərəst konqresmenlər təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsi qoyulmasından daha çox, məhz Azərbaycanı təcavüzkar kimi göstərməyə, Azərbaycana qarşı tədbir görməyə çağırırlar. Halbuki işğala məruz qalan ölkə kimi Azərbaycanın işğalçı ilə istənilən vasitələrlə, o cümlədən snayperlərlə mübarizə aparması tam təbiidir. 
Məntiqlə Ermənistan, onun Amerikadakı havadarları erməni əsgərlərinin Azərbaycan ərazilərində məhv edilməsini həqiqətən istəmirlərsə, o zaman bunun çox sadə yolu var - işğala son qoyulsun. Belədə snayperlərə də, atəşkəsin kim tərəfindən pozulduğunu müəyyənləşdirmək üçün baş sındırmağa, yaxud xüsusi avadanlıqlara da ehtiyac qalmaz.
Əfsuslar olsun ki, amerikalı həmsədr Ceyms Uorlik də məsələyə bu elementar məntiqdən yox, faktiki surətdə, ermənipərəst konqresmenlərə qahmar çıxmaqla yanaşır. Bunu onun Roys və Engelin müraciətinə cavab olaraq Ermənistanın H 1 televiziyasına müsahibəsi əyani təsdiqləyir. Uorlik deyib: “Etimad tədbirləri və insanlararası münasibətlərə dair proqramlar gərginliyi azaldır və davamlı sülhə əsas yaradır. Təklif olunan hər hansı təşəbbüsü tərəflərin qarşısında qaldırmışıq və sülh yolu ilə həllə nail olmaq üçün bütün addımları atmağa davam edəcəyik”. 
 
Diplomat, üstəlik, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qaldırılan sağlam düşüncəli təşəbbüsə Obama administrasiyasının dəstəyini ifadə edib. 
 
*****
 
“Təcavüzkarla təcavüzə məruz qalan arasında etimad tədbiri...” 22 ildir Minsk Qrupu həmsədrləri, ələlxüsus, ABŞ-dan olan vasitəçilər beləcə beynəlxalq hüquq normalarına, BMT qətnamələrinə söykənən elementar və ədalətli həll yolunu qulaqardı edib özlərini dağa-daşa salmaqla, reallaşması heç vaxt mümkün olmayan əcaib “təkliflər” irəli sürməklə, boş yerə vaxt itirməklə, əslində isə ermənipərəstliklə, gizli xristian təəssübkeşliyi ilə məşğuldurlar.
Hərçənd mövcud vəziyyətə görə öz günahlarımızı görməyi də bacarmalıyıq. Bu da növbəti fakt. Məsələ ondadır ki, Ceyms Uorlik ermənipərəst konqresmenlərin müraciətini cavablandırdığı vaxtda Kolorado ştatının Denver şəhərində Denverlə qardaşlaşmış şəhərlərə həsr olunan festival keçirilib və orada on ölkənin nümayəndələri, ştatın və Denverin rəsmi şəxsləri ilə yanaşı, separatçı Dağlıq Qarabağ rejimi ayrıca pavilyonla  iştirak edib - əlbəttə ki müstəqil qurum kimi özlərini təbliğ eləmək üçün. 
 
Əlbəttə ki, ermənilər buna ilık növbədə Amerikadakı lobbilərinin sayəsində nail olublar. Bəs bizim ABŞ-dakı diplomatik nümayəndəliyimizin və diasporumuzun operativ işi, kontur-fəaliyyəti harda qaldı? Nədən bu təxribatın qarşısı alınmadı, heç olmasa, orada etiraz aksiyası keçirilmədi? 

Qarabağ həqiqətləri barədə özümüz deyib özümüz eşidəcəyiksə, o zaman Amerika, Qərb toplumu niyə də erməni yalanlarına inanmasın? Unutmayaq ki, düşmən millət xristian faktoruna görə onsuz da ABŞ-a, Avropa dövlətlərinə, Rusiyaya bir-iki köynək yaxındır.
Ancaq təksə xristian amili də əsas deyil. Əks təqdirdə, Krım separatçıları da ABŞ-da sərbəst dolaşar, Denverdə “Krım pavilyonu” açılardı. Başqa sözlə, problemin ədalətli həllinə əngəl olan türk, Türkiyə amilləri də var. Bir şey dəqiqdir ki, Dağlıq Qarabağın taleyi indi həm də təbliğat müharibəsində həll olunur.
Cia.az