Milli Məclisdəki büdcə müzakirələrində dövlət universitetlərinin özəlləşdirilməsi ilə bağlı təklif verilib və müzakirə edilib. Deputat Qüdrət Həsənquliyev dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, əgər dövlət universitetləri özəlləşdirilərsə, bu, dövlət büdcəsinə gəlir gətirər və eyni zamanda büdcənin yükünü azaldar:
“Dövlət universitetlərini özəlləşdirmək lazımdır. Təhsil kreditləri vermək lazımdır ki, həmin kreditlər hesabına imkansız adamlar təhsil ala bilsinlər. Universitetlər isə əksinə, dövlət büdcəsindən maliyyələşməsin və dövlət büdcəsinə vergi ödəsin ki, müəllimlərin əmək haqlarını artıra bilək”.
Maraqlıdır, dövlət universitetlərinin özəlləşdirilməsi təhsilə və büdcəyə necə təsir edəcək?
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu fikrin absurd olduğunu dedi: “Dövlət universitetlərinin özəlləşdirilməsi absurddur. Cəmiyyət və dövlət buna hazır deyil. Bu istiqamətdə biz tamamilə fərqli özəlliklərə malikik. 1992-ci ildən başlayaraq yaradılan özəl ali məktəblər rəqabət mühiti inkişafa yardımçı ola bilmədi. Özəl ali məktəblərin yaradıcılarının çoxu normal təhsil verməkdən çox pul qazanmaq haqqında düşündülər. Nəticədə onların bir neçəsi bağlandı.
Hazırda dünyanın inkişaf etmiş ölkələrinin demək olar ki, hamısında dövlət ali məktəbləri fəaliyyət göstərir. Məsələn, Almaniyada fəaliyyət göstərən 326 universitetin böyük əksəriyyəti dövlət ali məktəbləridir və təhsil pulsuzdur. Fransada tanınmış universitetlərin 85-i dövlət ali məktəbidir. Türkiyənin məşhur Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Mərmərə Universiteti kimi məşhur təhsil ocaqları dövlətə məxsusdur. Maraqlıdır ki, qardaş ölkədə son vaxtlar təsis olunmuş universitetlərin tam əksəriyyəti dövlət universitetləridir. Bizdə çox vaxt siyasətçilər, deputatlar və digər sahələrin nümayəndələri müqayisələri düzgün aparmadan nəticə çıxarırlar. Məsələn, Harvard Universitetini 1636-cı ildə ingilis missioneri və filantropu Con Harvard yaradıb və elə o vaxtdan reytinqlərdə liderliyi əldən verməyən bu universiteti özəl kimi fəaliyyət göstərir. Bununla yanaşı, Kaliforniya Universiteti, Miçiqan və Vircinya kimi tanınmış universitetlər konkret ştatlara məxsusdurlar. Azərbaycanın ən yaşlı universiteti sayılan Bakı Dövlət Universiteti yarananda özəl ali məktəb kimi yaranmayıb. Bu ali məktəbdən “dövlət” sözünü çıxarsan, dərhal nüfuzdan düşər".
E.Əliyev dövlət universitetlərinin üstünlüklərinin çox olduğunu bildirdi: “Dövlət universitetlərinin üstünlüyü ondan ibarətdir ki, onların tədris planları dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi tərəfindən tənzimlənir və standartlar hazırlanır. Bununla yanaşı, dövlət universitetlərində dərs demək istəyən müəllimlərin bilik və bacarıqlarına, elmi nəticələrinə dövlətin müvafiq qurumları nəzarət edir. Hazırda bizim dövlət ali məktəblərində təhsil alan tələbələrin 32%-i dövlət vəsaiti hesabına təhsil alır. Bu anormal haldır. Bu göstərici onu deməyə əsas verir ki, burada dövlət anlayışı simvolik xarakter daşıyır. Dövlətin adı olan yerdə təhsil pulsuz olmalıdır. Diqqət edin: yeni yaradılmış Bakı Ali Neft Məktəbi və ADA kimi ali məktəblər köhnə ali məktəbləri tədrisin keyfiyyətinə görə üstələyib. Prezident təqaüdçülərinin (690-700 bal toplayanlar)17-si Bakı Ali Neft Məktəbinə, 26-sı isə ADA-ya daxil olub. Məgər bunlar özəl ali məktəblərdir? Halbuki dövlət ali məktəblərindən Neft Akademiyası, Pedaqoji Universitet, Dillər Universiteti, özəl ali məktəblərdən Qərb Universiteti, Xəzər Universitetini prezident təqaüdçüləri seçməyiblər. Bu hal onu göstərir ki, özəl və dövlətə məxsusluğundan asılı olmayaraq yaxşı təhsil qurmaq mümkündür. Bu keyfiyyət ali məktəb rəhbərlərinin qabiliyyəti, savadı və iradəsindən asılıdır. Azərbaycan elə ölkələrdəndir ki, burada dövlət təhsilin bütün pillələrini qanadları altına almalıdır”.

Dövlət universitetlərinin özəlləşdirilməsinin iqtisadi baxımdan faydalarına gəldikdə isə iqtisadçı ekspert Vüqar Bayramov bunun dövlət büdcəsinə böyük həcmdə gəlir gətirməyəcəyini bildirdi: “Dövlət universitetlərinin özəlləşdirilməsi məsələsi, ümumiyyətlə, müzakirə edilməməlidir. Nəzərə almaq lazımdır ki, liberal iqtisadi imkanları olan ABŞ-da belə dövlət universitetləri fəaliyyət göstərir. Amma Azərbaycanda bir sıra universitetlərin ləğv edilməsi məsələsinə baxmaq olar. Bu gün birmənalı şəkildə ali təhsil sektorunda mülkiyyət münasibətlərinə baxılmasına ehtiyac var.
Bu baxımdan dövlət universitetlərinin özəlləşdirilməsi məsələsi gündəmdə olmamalıdır. Universitetlərin özəlləşdirilməsinin bir xeyri o ola bilər ki, dövlət büdcəsindən bu istiqamətə ayrılmalar azalar. Amma uzun müddətli olaraq dövlət universitetlərinin özəlləşdirilməsi dövlət büdcəsinə böyük həcmdə gəlir gətirməyəcək. Özəlləşmə zamanı dövlət universitetləri gəliri təmin edə bilər, amma sonradan büdcədən ayrılmalar azalacaq. Ancaq özəl universitetlərdən gəlir əldə etmək mümkün olmayacaq. Buna görə də düşünürəm ki, hər bir universitetə ayrı-ayrılıqda baxılmasına ehtiyac var. Bir-birini təkrarlayan universitetlərin özəlləşdirilməsi mümkündür. Məsələn, iqtisadiyyat sahəsində bir-birini təkrarlayan universitetlər var. Amma aparıcı dövlət universitetlərinin özəlləşdirilməsi indiki məqamda məqsədəuyğun deyil”.
Cia.az
