|
Böhran qapıda:
Yaranmış qlobal böhranın Azərbaycana da öz təsirlərini göstərməsi artıq yüksək səviyyədə etiraf olunur. Manatın devalvasiyası və neft gəlirlərinin azalması səbəbindən Azərbaycan təkcə 2015-ci ildə böyük miqdarda vəsaitlərdən məhrum olub. 
Prezident İlham Əliyev bir müddət öncə keçirdiyi müşavirədə büdcədən qənaətlə istifadə barədə tapşırıqlarını vermişdi və 2016-cı ilin dövlət büdcəsində Neft Fondundan transfertlərin əhəmiyyətli dərəcədə azaldılması da məhz bunun məntiqi nəticəsi sayılır. Ölkə başçısı bir neçə gün öncəki çıxışında növbəti illə bağlı gözləntirilərini də bölüşüb. “2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik”-deyən prezident Azərbaycanda bütün sosial proqramların icra ediləcəyini, iqtisadi inkişafın təmin olunacağını da vurğulayıb. Bununla belə, dünyada cərəyan edən hadisələrin Azərbaycana təsirsiz ötüşməyəcəyi də qəbul olunur. 
 
Düzdür, Azərbaycan nefti son günlər yenidən sürətlə bahalaşmağa başlayıb. Artıq ikinci gündür ki, qiymət artımı sayəsində Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neft təqribən 4,2%-ə qədər bahalaşıb. Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 54,18 dollara bərabərdir.
 
Caspian Barrel bildirir ki, 2015-ci il sentyabrın 23-dən başlayaraq Azərbaycan neftinin bir bareli bazarlarda 50 dollardan aşağı qiymətə  satılırdı. Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Ancaq bu vəziyyətin özü belə, ideal sayıla bilməz. 

 
Doğrudur, gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan asılılıq azaldılıb. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı da bu barədə deyib. Nazir bildirib ki, gələn il Dövlət Neft Fondundan büdcəyə 6 milyard manat vəsait transfer olunacaq: “Neft gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafına təsir göstərəcək. Ümumiyyətlə, gələn il bir neçə yenilik olacaq.Yeniliklərdən biri qeyri-neft sektorundan gəlirlərin artırılmasıdır. Digərləri isə vergi sahəsinə aiddir. Belə ki, gələn il vergi güzəştlərinə yenidən baxılacaq. Güzəştlər məhdudlaşdırılacaq və hətta ləğv olunacaq. Vergilərin sadələşdirilməsi istiqamətində işlər aparılacaq ki, bu da sahibkarlığın inkişafına şərait yaradacaq. Sahibkarlığın inkişafı isə dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”. Ancaq indiki halda da sahibkarların vəziyyəti ürəkaçan sayılmır. İri biznesmenlərdən tutmuş, xırda ticarətçilərə qədər vəziyyətdən narazıdırlar. Üstəlik, vergi yığımı ilə bağlı sahibkarların sıxışdırılması, əlavə ödənişlərin tələb olunduğu barədə xəbərlər var. Büdcədəki vəsaitlərin vergilərin artırılması hesabına artırılması zərurətindən danışılır və vergi güzəştlərinin ləğvi məqsədəuyğun sayılır ki, bu da ölkədəki pulların xaricə axınını şərtləndirir, üstəlik sahibkarlıq subyektlərinin durumu ağırlaşır, biznes mühiti daha da pisləşir. Ekspertlər hesab edir ki, qeyri-neft sektorunu inkişaf etdirmək ən ideal variantdır və bu, neftdən asılılığımıza töhfə vermiş olar. Bu sahibkarlığın inkişafına mane olan gömrük və vergi bürokratiyasının aradan qaldırılması, bu sahələrdəki şərtlərin yüngülləşdirilməsi şəraitində mümkündür.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Yeni Müsavat”a dedi ki, böhran dövründə iqtisadi sistemin 3 iştirakçısı əziyyət çəkir: “Dövlət, biznes və istehlak. Bu şəraitdə biznes və istehlakçının böhrandan qorunması üçün daha çox məsuliyyət dövlətin üzərinə düşdüyündən iqtisadi sahədə dövlət siyasəti biznesin və istehlakçıların maraqlarının müdafiəsi üzərində qurulmalıdır. Bu yeni siyasət də onlar üçün yeni və daha münbit iqtisadi şərait formalaşdırmalıdır. Biznes bu şəraitdə böhrandan itirdiklərini kompensasiya etməklə özü də siyasətində korrektələr etməlidir. Amma təəssüf ki, böhrandan zərbə alan və müəyyən itkilərə məruz qalan biznes strukturları qarşısında vergilər və gömrük orqanları daha yüksək tələblər qoyur və onların xərclərini artırmaqla fəaliyyətlərinin genişləndirməsi imkanlarını məhdudlaşdırırlar. Bu isə qısa müddətli dövrdə büdcə qarşısında öhdəliklərin icrasını təmin etsə də orta və uzunmüddətli dövr üçün ciddi çətinliklər yarada bilər”.Q.İbadoğlu vəziyyətdən çıxış yolunu da göstərir: “Hazırda bir çox hallarda əsassız olaraq hesablanan vergi borclarına görə vergi və gömrük orqanlarının məhkəməyə verilməsi hallarının kütləviləşməsini və bu müstəvidə problemin həlli perspektivinin görsənmədiyini nəzərə alaraq ilk növbədə vergi amnistiyasının verilməsi və borcların silinməsi, ikincisi isə yeni biznes şəraitinə uyğun olaraq vergi siyasətinin aparılmaqla vergi və rüsum dərəcələrinin aşağı salınmasını təklif edərdim. Bu, son nəticədə qiymətlərin sabitləşməsinə, yeni iş yerlərinin açılmasına və bütövlükdə  böhrana müqavimətinin artırılmasına xidmət edərdi”
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri  Azər Mehtiyev isə deyir ki, bu sualı hökumətə ünvanlamaq daha doğru olardı: “Əslində hazırda tələb olunan da məhz budur: sahibkarlıq mühitini yaxşılaşdırmaq, inhisarçılığı aradan qaldırmaq və rəqabət mühiti yaratmaq. Bunun üçün ilk növbədə, gömrük prosedurları sadələşdirilməli, burda inhisarçılıq aradan qaldırılmalıdır. Kiçik və orta sahibkarlığa olan hər cür basqılar - vergi qurumlarından icra hakimiyyəti qurumlarınadək - aradan qaldırılmalıdır. Əks təqdirdə, qeyri-neft sektorunun inkişafı mümkünsüzdür”. 
 
Bəs niyə bunu etmirlər, sualına gəldikdə, A.Mehtiyev deyir ki, burada iki hal ola bilər: “Ya qərar qəbul edənlərin iqtisadi düşüncələri hələ də sovet düşüncəsindən uzağa getməyib, ya da sadəcə, bunu etmək istəmirlər. İqtisadi sahədə rəqabət mühitinin təmin edilməsi mütləq ciddi islahatları qaçılmaz edir ki, bu islahatlar sonradan siyasi sferaya keçir, orada islahatları qaçılmaz edir. Buna görə də hökumət hər hansı liberal addımlara getmək istəmir. Ya da inhisarçılar və məmurlar özlərinin iqtisadi nəzarət sahələrini məhdudlaşdırmaq istəmirlər. Belə təsəvvür yaranır ki, onlar hələ də vəziyyətin gərginliyini tam hiss edə bilmirlər. Hələlik atılan addımlar inzibati-polis nəzarətinin gücləndirilməsinə xidmət edir. Böhrandan çıxış üçün hökumətin ciddi iqtisadi proqrama malik olması görünmür”.
Cia.az