Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun ölkədən getməsi ilə bağlı daha öncə məlumat vermişdik.
Məsələ ilə bağlı Kürdoğlu Əsgərov Moskvadan musavat.com-a açıqlama verərək, ölkədən getməsinin səbəbini açıqlayıb. O bildirib ki, Azərbaycandan işlə bağlı hər hansı bir istəyi yoxdur:
“Moskvaya ailəmi dolandırmaq üçün gəlmişəm. Başqa məqsədim yoxdur. Azərbaycanda mənə iş verilməsinə gəlincə, onlardan heç bir iş istəmirəm. Cənab prezidentdən yalnız bir istəyim var. O da atamın geri qaytarılmasıdır. İşə görə kimlərəsə ağız açmaram. İstəyim yalnız atamın geri qaytarılmasıdır”.
Kürdoğlu Əsgərov bildirib ki, Moskvada fəhləlik edir:
“Burada fəhləlik və digər bu kimi işlər görürəm. Halal zəhmətimlə pul qazanıb ailəmi dolandırıram. Atamın qayıdacağı günü səbirsizliklə gözləyirik. Bütün ailəmizin ən böyük arzusu onun qayıtmasını görməkdir”.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərova ömürlük həbs, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Cia.az
