Milli kinolarımız yarandığı gündən nəsillərin inkişafında xüsusi xidmətlər göstərib. Ötən əsrdə istehsal olunan “Arşın mal alan”, “O, olmasın, bu olsun”, “Dəli Kür”, “Axırıncı aşırım”, "Yeddi oğul istərəm", “Babək”, “Ögey ana”, “Bir cənub şəhərində” və digər bu kimi filmlər xalqımızın yaşam tərzini, adət-ənənənəsini, milli dəyərlərini özündə əks etdirə bilib. Filmlərdə səslənən deyimlər, kəlamlar bu gün dillər əzbəridir.
Lakin o da məlumdur ki, bu günki gəncliyin əksəriyyəti milli kinolarımızdan xəbərsizdirlər. Aparılan araşdırma və sorğular onu göstərir ki, ən məşhur filmlərimizi belə tanımayan gənclər çoxluq təşkil edir. Yalnız orta və yaşlı nəsil milli kinolarımıza maraq göstərib onları dəfələrə izləməkdən yorulmur.
Bəs buna səbəb nədir?
Xalq artisti, daha çox “Sizi dünyalar qədər sevirdim” filmindəki general Həzi Aslanov obrazı ilə tamaşaçıların rəğbətini qazanan Ramiz Novruz məsələyə öz münasibətini bildirib. Onun sözlərinə görə, milli kinolarımızın təbliğatı lazımi qaydada aparılmır:
“Sanki gənclərimizin ciddi sənətə marağı azalıb. Hazırda daha çox yeni çəkilən komediyalara maraq var. Doğrudur, onun da öz maraq dairəsi var. Amma demək olmaz ki, “ O olmasın, bu olsun” komediyası yeni çəkilənlərdən aşağı səviyyədədir. Sadəcə bir az maraq qıtlığı var, qayğılar başqadır...
Bəlkə də ötən əsrdə çəkilən milli kinolarımızın səviyyəsi gəncləri qane etmir. Bəzən deyirlər, köhnə filmlər ağ-qara çəkildiyi üçün yeni nəsili özünə cəlb edə bilmir. Doğrudur, həmin filmlərdə sadəlövh məqamlar çoxdur, hamısı şedevr deyil. Azərbaycan filmi deyəndə yalnız bir neçə film yada düşür. Yalnız həmin bir-iki filmi dünya çapına təqdim etmək olar. Lakin məncə, səbəb bu da deyil.
Vaxtilə “Mən azərbaycanlıyam” intellektual telelayihəsinin aparıcısı olarkən dəhşətə gəlirdim. Ona görə ki, gənclərimiz Yaşar Nuri kimi aktyoru belə tanıya bilmirdilər. Onun çəkildiyi filmin adını çəkirdim, müəyyən ipucları verirdim, yenə də yadlarına heç nə düşmürdü. Onda öz-özümə deyirdim - ilahi, əgər gənclər Yaşar Nurini tanıya bilmirlərsə, gör indi bizim başımıza nələr gələcək?
Fikrimcə, bu problem bir qədər informasiya bolluğundan yaranır. Gənclər internet vasitəsilə anında dünyaya çıxış edə bilir, öz zövqlərinə, maraqlarına uyğun filmləri izləyirlər.
Bu məsələdə biz yaşlıların da günahı var, demək ki, milli kinolarımızın təbliğatını yetərincə apara bilməmişik”.
Cia.az
