Qatilin vəkilinin vəsatəti mərhumun yaxınlarını hiddətləndirdi: “Psixoloji problemi olan adam bu işləri görə bilməz!”
Bakı Ağır Cinayətlər Məhkəməsində Polis Akademiyasının müdavimi olmuş Ravil İbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına görə R.İbayev bu il aprelin 18-də müdavim yoldaşı Muxtar Qadir oğlu Kazımzadəni Xətai rayonu ərazisindəki mənzildə öldürüb. Sonradan isə meyitini sandığa qoyaraq Türkan qəsəbəsi ərazisinə, dəniz sahilinə apararaq üzərinə benzin tökərək yandırıb. Hər iki şəxs İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı olublar, Bakıya Polis Akademiyasında imtahan verməyə gəliblər.
Oktyabrın 7-də hakim Əlisoltan Osmanovun sədrliyi ilə baş tutan prosesdə Nicat Kərimov şahid qismində ifadə verib. Deyib ki, təqsirləndirilən Ravil İbayevlə iş yoldaşı Elvin vasitəsi ilə tanış olub. Spirtli içkilərin daşınması üzrə ixtisaslaşan firmanın sürücüsü olan şahid bildirib ki, Elvinin xahişi ilə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin qarşısını gediblər: “Elvin dedi ki, idarə etdiyi “Ford”u tanışı Ravilə verib. Maşında 2 qutu araq vardı. Xahiş etdi ki, gedib mənim maşınımla götürüb aparıb sifarişçiyə çatdıraq. Mən də onunla getdim. Ravil bölmədən çıxıb maşını açdı, araq qutularını götürüb mənim maşınıma qoyub getdik”.
Şahid suallara cavab olaraq bildirib ki, sonradan dəhşətli hadisə haqda məlumat alıb: “Ravil Elvinə demişdi ki, maşını cehiz daşımağa alıb. Sonradan bildik ki, belə bir hadisə baş verib”.
Mərhumun yaxınları şahidə bir neçə sual veriblər. Onlar N.Kərimovdan Elvinlə birgə bölmənin qarşısına gedərkən orada olan axsaq şəxsin kimliyi ilə maraqlanıblar. Şahid isə belə bir şəxsi görmədiyini söyləyib. Onun bu sözləri zərərçəkən tərəfə xoş getməyib. Qətlə yetirilən M.Kazımzadənin anası N.Kərimovu cinayət haqda bildiyi məlumatları gizlətməkdə suçlayıb: “Ravil cinayəti tək törətməyib, onun köməkçiləri olub. Ravilin 70 kiloqram çəkisi var, o, 100 kiloqram çəkisi, 185 sm boyu olan oğlumu öldürə, onu sandığa qoyub apara bilməzdi! Liftin qapısı 60 santimetr açılır. Liftə sandığı necə yerləşdirib? Hamınız yalan danışırsınız. Onun köməkçiləri olub. Tələb edirik, həmin adamlar tapılıb tutulsun”.
Bundan sonra hakim iş üzrə digər şahid Adil Xəlilovun zala dəvət olunmasına göstəriş verdi. Bu şəxs Ravil İbayevə 5 manata sandıq satıb. İttiham aktına görə R.İbayev müdavim yoldaşını yaşadığı evdə öldürəndən sonra həmin sandığa yerləşdirib. Yaşadığı binanın qarşısındakı yuyucuya gedərək oranın işçisindən cehizləri maşına daşımaqda kömək etməsini xahiş edib. Sandıqda isə cehiz əvəzinə M.Kazımzadənin meyiti olub. İşdə həmin sandığın qalıqları maddi sübut kimi var. Maraqlısı budur ki, həmin sandığın ölçüləri, 100 kiloqram çəkisi, 185 sm boyu olan bir şəxsin cəsədinin həmin sandığa yerləşib-yerləşməməsi məhkəmədə eksperiment keçirilməklə aydınlıq gətirilmədi. Hakim R.İbayevə həmin sandığı 5 manata satmış A.Xəlilovun məhkəməyə gəlmədiyini söyləyərək şahidlərin dindirilməsinin məhdudlaşdırılmasını təklif etdi. R.İbayevin vəkilləri və zərərçəkənlərin nümayəndəsi hakimin təklifinə etiraz etmədiklərini dedilər.
Hakim sənədlərin tədqiqatı mərhələsinin başladığını elan etdi. Bundan sonra R.İbayevin vəkilinin verdiyi vəsatət zərərçəkmiş tərəfin ciddi narazılığına səbəb oldu. Belə ki, vəkil R.İbayevin psixoloji durumunun yoxlanılması üçün təkrar olaraq məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqda vəsatəti məhkəməyə təqdim etdi.
Mərhum M.Kazımzadənin anası vəsatətin R.İbayevi cəzadan yayındırmağa hesablandığını hakimin diqqətinə çatdırdı: “Onun nəyi dəlidir? Dəli Polis Akademiyasında oxuyar? Dəli adam öldürüb gedib sandıq axtarar? Cinayəti törətdiyi şəxsləri gizlədə bilər?”
Hakim vəsatətə növbəti prosesdə münasibət bildirəcəyini söylədi. Bundan sonra proses oktyabrın 14-nə qədər təxirə salındı.
Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla qətlə yetirilən şəxsin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Muxtar Qadir oğlu Kazımzadə olması müəyyən edilib.
Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil Nuruş oğlu İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Cia.az
