|
Bakı avtovağzalı ərazisində sürüşmə:

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindədir. Onlar torpaq sürüşməsi və çökmə baş verən ərazidə müşahidə və qiymətləndirmələr aparır.

Virtualaz.org saytının hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində olan müxbirinin verdiyi məlumata görə, mütəxəssislər torpaq sürüşməsinə və çökməyə ilkin səbəb kimi son günlər yağan güclü yağışı göstəriblər.

Bunu virtualaz.org saytına açıqlamalarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları da təsdiqləyib.

Onların sözlərinə görə, istinad divarlarındakı uçqunlar və asfaltın çökməsi üç gün əvvəldən başlayıb: “Hər dəfə güclü yağışlar yağanda vəziyyət belə olur. Gəlib çatları düzəldib gedirlər”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən yol hazırda Sumqayıt istiqamətindən gələn bütün marşrut avtobuslarının, minik maşınlarının, hətta piyadaların da üzünə bağlıdır. Əraziyə heç kəs buraxılmır. “Azəryolservis”in əməkdaşları yolun çökmə baş verən hissələrində bərkitmə və asfaltlama işləri görürlər.

Cia.az