|
Bu il əmək müqaviləsi üzrə e-xidmətindən 437196 dəfə istifadə edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vətəndaşlara onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən xəbərə görə, istifadəyə verildiyi vaxtdan əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biri olan bu e-xidmətə müraciət edənlərin sayı mütəmadi olaraq artmaqdadır. Cari ilin sentyabr ayı ərzində “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 81118 dəfə istifadə olunub ki,  bu da iyul ayı ilə müqayisədə 1,7 dəfə, avqust ayı ilə müqayisədə isə 2,2 dəfə çoxdur. Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında həmin e-xidmətdən yararlanan şəxslərin sayı 437196 nəfər təşkil edib.
 
Hər bir vətəndaş onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə bunun üçün ilk növbədə “Elektron Hökumət” portalına (www.e-gov.az ) daxil olmalı və ƏƏSMN-nin həmin e-xidmətini seçməlidir. Portaldan autenfikasiyadan keçənlər bu xidmətdən istifadə etmək imkanına malikdirlər. 
Cia.az