Müsavatın iki sabiq millət vəkilindən biri qeydə alındı, digəri isə MSK-ya müraciət etməyə məcbur oldu; Ümidin xanım namizədinin şikayəti təmin olunmadı; Əməkdar artistin namizədliyi qeydə alındı
Bəybala Əbilov: “Mübarizəmiz davam edir”
Parlament seçkiləri yaxınlaşdıqca, seçki ətrafında yaranan hadisələr intensiv şəkil almağa başlayıb. İmzatoplama kampaniyasının ardından namizədlərin qeydiyyat prosesi sona yaxınlaşır. Oktyabrın 9-da sonuncu gündür.
Seçki prosesində iştirak edən siyasi qurumlar ciddi qanun pozuntularının olduğunu bildirirlər. Xüsusilə, namizədlərin qeydə alınması ilə bağlı narazılıqlar var. Müxalif iddiaçılara imza verən vətəndaşlara qarşı imzalarından imtina etmək üçün təzyiqlər edilir. Bununla belə, bir sıra tanınmış şəxslərin namizədliyi qeydə alınıb.
Seçkilərdə iştirak edən siyasi qurumlardan Müsavat Partiyasının 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədi, sabiq müsavatçı millət vəkili İkram İsrafil DSK tərəfindən qeydə alınıb. Bu barədə onun özü sosial şəbəkələrdə məlumat paylaşıb. Partiyanın digər sabiq millət vəkili, İmişli rayon təşkilatının sədri, İltizam Əkbərlinin isə 79 saylı İmişli Dairə Seçki Komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmayıb. Sabiq deputat DSK-nın qərarından MSK-ya şikayət edəcək.
Yada salaq ki, bir neçə gün əvvəl İ.Əkbərli namizədliyinin qeydə alınmaması üçün rayonun icra başçısı Vilyam Hacıyevin təzyiqləri ilə üzləşdiyini bəyan etmişdi. O, mətbuata açıqlamasında hətta namizədliyinin geri götürülməsi üçün icra başçısının ona böyük məbləğdə pul təklif etdiyini də iddia edirdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, həmin dairədən YAP-ın namizədi biznesmen-deputat Əsabil Qasımovdur.
Tanınmış hüquqşünas Aslan İsmayılov isə 20 saylı Nərimanov Seçki Dairəsindən millət vəkilliyinə iddiaçı olub. Onun namizədliyi rəsmən qeydə alınıb. Hüquqşünasın əsas rəqibi hazırkı deputat Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb.
Həmin dairədən daha bir müxalifyönlü namizəd qeydiyyatdan keçməyi bacarıb. Bu, “Azadlıq 2015” seçki bloku tərəfindən namizədliyi irəli sürülən, KXCP sədrinin müavini Xəzər Teyyubludur.
“Azadlıq 2015”-in qeydə alınan namizədlərindən biri də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.Partiya sədri 15 saylı Yasamal I Seçki Dairəsindən deputatlığa iddiaçı olub. Qeyd edək ki, Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbər də həmin dairədən millət vəkilliyinə namizəddir. Dairənin hazırkı deputatı Etibar Hüseynov bu dəfə seçkilərə qatılmayıb.
Qeyd edək ki, “Azadlıq 2015”-ə daxil olan əsas partiyalardan biri olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun 43 saylı Sumqayıt III Seçki Dairəsindən namizədliyi qeydə alınmayıb. Blok bununla bağlı məlumat yayıb: “Artıq hakimiyyət dairələri hər cür saxtakarlığın və yalanın nəinki məntiqdən, hüquqdan, insan haqlarından hətta gerçək faktdan çox yuxarıda tutduqları vəziyyətə gəliblər. “...14 səsin məlumatında düzəliş edilmiş, 1 imza sətri tam doldurulmamışdır” ifadəsini yazanlar ya düşünüblər ki, imza vərəqlərinin sürəti götürülməyib və ya sağlam düşüncələrini tam itiriblər. Təsəvvür edin, nəinki rəydə göstərilən həmin məlumatlarda, hətta imza vərəqələrindəki heç bir məlumatda düzəliş yoxdur. Digər imzaların bir adam tərəfindən qoyulması isə “...ehtimal ki, eyni şəxs tərəfindən icra olunmuşdur. DSK-nın bu biabırçı qərarından MSK-ya şikayət edilmişdir”.
Qurumun Seçki Qərargahının rəhbəri Bəybala Əbilov 12 namizədlərinin qeydə alındığını bildirdi: “72 namizədlə seçki prosesinə qoşulmuşuq. Hələlik 12 nəfər qeydə alınıb. Digərlərindən cavab gözləyirik. Rəsmi olaraq, iki dairədə namizədimiz qeydə alınmayıb. Şikayətləri hazırlayırıq. Namizədlərimizin sayında ciddi artım olacağını demək çətindir. Çünki DSK-lar tapşırıq əsasında qərar verirlər. Yerlərdə icra nümayəndələri təzyiqlər edirlər. İmza verənləri imtina etdirirlər. DSK-lar vaxtında cavab vermirlər. Mirmahmud bəyin qeydə alınmaması, birbaşa bloka qarşı təzyiq idi. Çox haqsızlıq oldu. 15 saxta imza ilə bağlı heç bir düzəliş olunmayıb. Çox ciddi məsələdir. Buna baxmayaraq, mübarizəmiz davam edir”.
“Azadlıq 2015” seçki blokunun 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədi Mirismayıl Hadiindiyə qədər görünməmiş qanun pozuntusu ilə üzləşib. Belə ki, iki gün öncə namizədliyi Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayan iddiaçı MSK-ya şikayət edib. Rəsmi qurum isə 5 oktyabr tarixli iclası ilə bağlı yaydığı məlumatda M.Hadinin öz şikayətini geri götürdüyü barədə məlumat yayıb.
Müsavat.com-a açıqlamasında M.Hadi bildirdi ki, o, şikayətindən imtina etməyib: “Namizədliyim 79 saylı İmişli Seçki Dairəsindən “Azadlıq 2015” seçki bloku tərəfindən irəli sürülüb. İki gün öncə DSK deputatlığa namizədliyimi qeydə almaqdan imtina etdi. Səlahiyyətli nümayəndəm İsrailov Məzahir tərəfindən MSK-ya şikayət olundu. Bu gün MSK-nın şikayətimizə baxmalı olduğu iclasına gəldik. Hazırda iclas keçirilən yerin önündəyik. İndi məlumat alırıq ki, MSK-nın dünənki iclası barədə məlumat yayılıb. Məlumat bildirilir ki, guya mən şikayətimdən imtina etmişəm. Bununla maraqlandıq. Bizə məlumat verdilər ki, guya onlara şikayətdən imtina ilə bağlı 79 saylı İmişli Seçki Dairəsinin möhürlü teleqramı daxil olub. Bu, çox əcaib olaydır. Görünməmiş bir saxtakarlıqdır. Bu məsələyə aydınlıq gətirilməsini tələb edirik. Bu, Azərbaycanın seçki tarixində ilk belə hadisədir”.
Məsələ ilə bağlı dairənin sədri Sabit Yaqubovla əlaqə saxladıq. O, baş verən məsələdən xəbərsiz olduğunu, MSK-ya namizədin şikayətini geri götürməsi ilə bağlı teleqram göndərmədiklərini söylədi.
Ümid Partiyası və “125-lər” Siyasi Klubunun 95 saylı Tərtər Seçki Dairəsindən olan xanım namizədi, DSK və MSK-nın qeydə almadığı Tamilla Qulaminin apellyasiya şikayətinə baxılıb. Əvvəlki iki qurumun qərarı qüvvədə saxlanılıb. Xanım namizəd Ali Məhkəməyə müraciət edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının daha üç namizədi qeydə alınıb. Bunlar respublikanın əməkdar artisti Bayramov Ağalar Xanlar oğlu, Əzimov İlqar Veyis oğlu və Həbib Ələkbərovdur.
Cia.az
