Müxalifət seçki prosesinin qanun pozuntuları ilə keçdiyi qənaətindədir; vətəndaşlara qarşı “imzalarınızdan imtina edin” kampaniyası davam edir
Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı günlərlə davam edən imzatoplama kampaniyası oktyabrın 2-də saat 18:00-da başa çatıb. Bu ayın 9-na qədər iddiaçıların sənədlərinə baxılma və qeydə alınma prosesi həyata keçiriləcək.
Oktyabrın 9-dan etibarən isə təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu proses oktyabrın 31-də saat 8:00-da başa çatacaq. Artıq qeydə alınan namizədlərin sayı 1000-i ötüb.
Oktyabrın 3-də 33 saylı Xətai birinci seçki dairəsindən Müsavat başqanı Arif Hacılının namizədliyini DSK qeydə alıb.
Xatırladaq ki, bundan öncə Müsavatın daha 8 namizədi qeydə alınıb. Qeydə alınan namizədlər İsa Qəmbər (Yasamal), İsgəndər Həmidov (Kəlbəcər), Razim Əmiraslanlı (Cəbrayıl), Xasay Fərzulla (Masallı), Söhrab Əmrahov (Xaçmaz), Niyaz Nəsir (Xəzər), Valeh Hümmətoğlu və Mirzağa Axunddur (Salyan).
Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən qeydə alınıb. Həmin dairədən YAP hazırda deputat olan Sevinc Fətəliyevanın namizədliyini növbəti dəfə irəli sürüb.
YAP-ın 1 saylı Sumqayıt seçki dairəsindəki vahid namizədi, hazırda deputat olan Leyla Abdullayevin iddiasından geri çəkilməsi suallar doğurub. Artıq onu yerinə hakim partiya iddiaçı tapıb. Bu, “Azərsutəchizattikinti” ASC-nin sədri, YAP üzvü olsa da, seçkilərə öz təşəbbüsü ilə qoşulan Mirzəcan Xəlilovun olduğu deyilir. Əslində qalsa, L.Abdullayevanın geri çəkilməsi, M.Xəlilova “yaşıl işıq” yandırmaq üçün həyata keçirilib.
Qeyd edək ki, buna bənzər hadisə bundan əvvəl bir dəfə baş verib. 2010-cu ildə hazırkı deputat, Bakı Dövlət Universitetinin müəllimi Kamilə Əliyeva YAP-ın üzvü olsa da, hakim partiyanın siyahısı ilə deyil, öz təşəbbüsü ilə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyini irəli sürmüş və mandat qazanmışdı.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat” a son durumla bağlı bunları dedi: “Hazırda Müsavatın 9 namizədi qeydə alınıb. 7 namizədimizin qeydə alınmasından imtina olunub. Qalan məsələlərlə bağlı proses davam edir. Qanun pozuntuları kifayət qədər çoxdur. Bunu bir qəzet səhifəsinə yerləşdirmək mümkün deyil. Müsavat Partiyası bununla bağlı oktyabrın 6-da mətbuat konfransı keçirəcək. Həmin konfransda qanun pozuntuları mətbuat vasitəsilə geniş şəkildə yayılacaq. Seçki kampaniyası başladığı gündən bərabər seçki mühiti yoxdur. Seçki qanunvericiliyində heç bir müsbət dəyişiklik yoxdur. 64 saylı Sabirabad seçki dairəsində namizəddən “iş yerindən arayış gətir” tələbi ilə onun namizədliyi təsdiq olunmayıb. Həmin şəxs sonradan işdən çıxaraq sənədlərini təqdim edib. Sentyabrın 21-də sənədlərini versə də, yalnız oktyabrın 1-də ona imza vərəqələrini götürməsi təklif olunub. Ən azı burada iki dəfə müddət pozulub. Belə faktların sayı çoxdur”.
G.Aslanlı vətəndaşlara imzalarından imtina etmələri üçün olunan təzyiqlərdən də söz açdı: “Ən dəhşətlisi hazırda yeni kampaniyanın başlamasıdır. O da imzalarından imtina et kampaniyasıdır. Seçki Məcəlləsində yazılıb ki, seçici imzasından məhkəmə yolu ilə imtina edə bilər. Onun aldadılması, bu yolla ondan imza alınması yalnız məhkəmə yolu ilə sübut oluna bilər. DSK-lar imza vərəqələrini icra hakimiyyətinə ötürürlər. İcra hakimiyyətinin işçiləri isə, kəndbəkənd, evbəev gəzərək, insanlardan imzalarından imtina etmələri ilə bağlı ərizələr toplayırlar. Bunun üçün onlara müxtəlif təzyiqlər edilir. Ən dəhşətli qorxu isə, Füzulidə baş verən hadisədir. Füzuli camaatına verilən 17 manat çörək pulu ilə bağlı deyiblər ki, bu pulu kəsəcəyik, imzalarınızdan imtina edin”.
Müsavat funksioneri qanun pozuntuları ilə müşayiət olunan seçki kampaniyasından sonra seçkiləri boykot edib-etməyəcəkləri barədə də danışdı: “Namizədlərin qeydə alınması prosesi ayın 9-da bitir. Bu tarixdən sonra məsələləri müzakirə edib, ona uyğun qərar qəbul edəcəyik. Amma hələ ki boykot məsələsini ortaya atmağımıza ehtiyac yoxdur”.
G.Aslanlı namizədlərin maliyyə məsələlərinə və pullu efir vaxtına da toxundu: “Maliyyə məsələsində böyük problemlərimiz var. Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşmir. Bu vaxta qədər vahid seçki hesabı idi. Amma göründüyü kimi, hakimiyyət bizim 60 namizədimizi qeydə almayacaq. Hər bir namizəd özü üçün seçki hesabı açmaq məcburiyyətində qalacaq. Maliyyə məsələsini isə hər bir namizədin özü həll etməlidir. Başqa yol yoxdur. Pullu efir vaxtından istifadə edib-etməyəcəyimiz məsələsinə gəlincə, bu barədə ayın 9-dan sonra fikir bildirmək olar”.

“Azadlıq 2015” seçki blokundan 5 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə qurumun seçki qərargahının rəhbəriBəybala Əbil məlumat verdi: “Seçkilərdə 72 namizədlə iştirak edirik. Onlardan 63-ü namizədlik üçün müraciət edə bilib. 59 iddiaçımız bank hesabı açıb. İmza vərəqəsini 58 nəfər götürüb. İmza vərəqələrini 58 nəfər qaytarıb. Hazırda onlardan 5 nəfər qeydiyyatdan keçib. Qalan namizədlərimiz barədə əlimizdə konkret məlumat yoxdur. Bu günlərdə son məlumat olacaq. Biz də qeydiyyatdan keçənlər barədə rəsmi qərar var”.

“AĞ blok” seçki blokundan iki nəfər qeydiyyatdan keçə bilib. Blokun təsisçilərindən olan Tural Abbaslı bildirdi ki, digər namizədlər də imza vərəqələrini təqdim ediblər: “Seçkilərə 8 namizədlə qatılırdıq. Bu günə qədər iki namizədimiz Zəka Sahib Ağsudan, Xanlar Abbas isə Nərimanovdan qeydiyyata alınıb. Digər namizədlər, mən də daxil olmaqla, imza vərəqələrini oktyabrın 1-də DSK-ya vermişik. 7 gün müddətində cavab verilməlidir. 550-dan çox imza təqdim etmişik. Minlərlə evdən bu qədər imza yığmışıq. İnanmıram ki, namizədlərin əksəriyyəti bu qədər imza yığsın. Bu proseslər yekunlaşandan sonra təbliğata start verəcəyik. Şüarlar, plakatlar hazırlayacağıq”.

125-lər Siyasi Klubundan 17 nəfər qeydiyyata alınıb. Bu barədə qurumun sədri İlhamiyyə Rza məlumat verdi. 125-lərdən indiyə qədər qeydiyyata alınmayan yeganə namizəd 95 saylı Tərtər seçki dairəsindən Tamilla Qulamidir. Xanım namizəd DSK-nın qərarından MSK-ya şikayət etsə də, iddiası təmin olunmayıb. T.Qulami qərardan apellyasiya şikayəti verib. Bu günlərdə şikayətə baxılacaq.
Xanım namizəd bildirdi ki, MSK öz nəzarəti altında olan qurumun qərarını qüvvədə saxlayıb: “Tərtər Dairə Seçki Komissiyası imza vərəqələrim barədə qeyri-qənaətbəxş rəy verərək, namizədliyimi qeydə almaqdan imtina etdi. MSK-da öz nəzarəti altında olan qurumun rəyini təsdiq edərək, şikayətimizi təmin etmədi. İmzalarımla bağlı DSK-nın İşçi Qrupunun verdiyi rəy hüquq ekspertləri tərəfindən əsassız hesab olunub. Məhkəməyə müraciət etmişik. Bu həftə yekun qərar veriləcək. Təsadüfi deyil ki, MSK-nın İşçi Qrupunun verdiyi rəy DSK-nın rəyi ilə üst-üstə düşmüşdü. Yığdığım 550 imzada heç bir etibarsızlıq ola bilməz. Nə qədər imzaları aşağı salmağa çalışsalar da, 450-dən aşağı salınmasına insan söz tapa bilmir”.
Qeyd edək ki, namizədlərin qeydiyyat prosesi yekunlaşandan sonra pullu efir vaxtına da start veriləcək. Pullu efir vaxtının bir saniyəsi 30-50 manat arasında dəyişir. Pulsuz efir vaxtı isə, çox güman ki olmayacaq. Çünki, 60-dan çox namizədi qeydə alınan YAP bundan imtina edib. Müxalif qurumlardan isə, 60-dan çox namizədin olacağı gözlənilmir.
Cia.az
