Hazırda ABŞ-Rusiya münasibətlərində yaşananları ötən əsrin “soyuq müharibəsi”nə bənzədirlər. Putinin Suriya məsələsindəki siyasətini 1966-82-ci illərdə SSRİ-nin 1979-cu ildə Əfqanıstana hücumuna bənzədənlər də az deyil. Bildiyimiz kimi, Brejnevin dövründə Əfqanıstana hücumu SSRİ-ni dərin bir bataqlığa salaraq, qırmızı imperiyanın çöküşünün əsasını qoymuşdu. Bu konteksdən çıxış edərək, Putinin siyasətinin Rusiyanı məhvə doğru getdiyini düşünənlər var.
Politoloq Qabil Hüseynli Putin və Brejnev arasında fərqli və oxşar cəhətlərin olduğunu düşünür: “Brejnev beynəlmiləlçi idi. Amma rus militarizmi onun da canına hopmuşdu. O, kommunizmin ixracı ideologiyası adı altında başqa ölkələrə hücum, müdaxilə edirdi. Putin isə qatı rus millətçisidir. Mahiyyət etibarilə hər iki siyasətçi arasında oxşarlıq var. Hər ikisi rusdur, rus militarizminin daşıyıcılarıdır, hər ikisi rəhbərlik etdikləri dövlətlərin İvan Qroznı, I Pyotr kimi genişlənməsini istəyirlər. Brejnev kommunist ideyalarının yayılması adı altında bu işləri görür, o biri isə sırf rus millətçiliyi istiqamətindən dünyaya meydan oxumağa çalışır. Hər iki dövr arasında kəskin fərq var. Brejnevin dövründə onun şəxsi hakimiyyətini cilovlayan Siyasi Büro adlı aparat var idi. Bu aparat hakimiyyətin gizli müşahidəçiliyi funksiyasını daşıyırdı. Həddi aşanda Siyasi Büro etiraz edirdi. Sonda buna uyğun siyasi xətt həyata keçirilirdi. Amma Putin dövründə demokratiyanın rüşeymləri belə yoxdur. Onun iki dodağı arasından çıxan söz müqəddəs ayə kimi hamı tərəfindən qəbul edilir. Bu adamın səhhəti yerindədir, ya yox, bilinmir. Bunu müzakirə etməyə tək-tək adamların gücü çatır. Onlar da siyasi proseslərə təsir etmək gücündə deyillər”.

Q.Hüseynlinin fikrincə, Putin Rusiya ərazisində yaşayan başqa xalqlara məhəl qoymur: “Tatar xalqı həlledici əhəmiyyət daşıyan xalqdır. Bu xalqın qarşısında rusların seçildiyini, qeyri-adi gücə sahib olduğunu söyləmək ölkənin milli dayaqlarını sarsıdan amillərdən biridir. Bu baxımdan Brejnevi daha mülayim siyasətçi hesab etmək olar. Brejnev öləndən sonra böyük bir dövləti belə qalmadı. O, var-dövlət hərisliyindən uzaq, kommunist təfəkküründə bir insan idi. Rus millətçiliyi də qanına çox işləməmişdi. Putin isə oliqarxdır. O, bütün keyfiyyətləri ilə dünyanın digər patronlarından fərqlənir. O, keyfiyyətlərinə görə bəlkə də dünyada analoqu olmayan siyasətçidir. Düzdür, onu Stalinlə müqayisə etmək olar. Qəddarlığı, başqa xalqlara bəslədiyi münasibət və digər amillərə görə. Hər halda onun haqqında ən düzgün qiymət hakimiyyətdən gedəndən sonra veriləcək. Necə ki, Stalin hakimiyyətdən gedəndə belə oldu. Son hadisələr, xüsusilə, Suriya, Türkiyə ilə bağlı məsələlər hesab edirəm ki, Amerikanı hərəkətə gətirəcək. Rusiya dövlətçiliyi üçün böyük təhlükə yarana bilər. Putinin hakimiyyətdə qalması üçün də real təhlükə yaranacaq. Hadisələrin hazırda sürətli inkişafı dünya siyasətinə də ciddi təsir edəcək. Bu, dünyadakı avtoritar ölkələrin taleyinə təsirsiz ötüşməyəcək”.
Politoloq Putin siyasətinin Rusiyada ciddi böhran əlamətləri yaratdığını da qeyd etdi: “Rusiyanın keçmiş maliyyə naziri deyib ki, ölkə diz çöküb. İndiki maliyyə naziri də ölkə gəlirlərinin azadlığını deyir. Hətta bu prosesin azalmağa doğru getdiyini də vurğulayıb. Böhran əlamətləri Rusiyada davam etməkdədir. Bu baxımdan Putinin tarixə mütərəqqi siyasətçi, Rusiya dövlətini dirçəldən birisi kimi düşməsi çətindir. Düzdür, Yeltsindən sonra o, müəyyən müsbət işlər gördü. Rusiya dövlətini faktiki olaraq, dağılmaqdan xilas etdi. Amma sonrakı dövrlərdə yeridilən siyasət, bütün dünya ilə yaradılan qarşıdurmalar Avropa və dünyanı nəzarətinə almaq kimi qəbul edilir. Təbii ki, bu da dünyada təqdirlə qarşılana bilməz. Güman edirəm ki, Putinin tarixdəki yeri ürəkaçan olmayacaq”.
Cia.az
