|
Bakı pomidorunun 1 kilosu 16 manata satılır

Rusiyanın İrkutsk vilayətinin sakinləri Bakıdan gələn və məhsulunun yığımı təzə başa çatmış pomidor və xiyarın inanılmaz qiymətlərinə heyrətlənib.

Çünki burada Azərbaycan pomidorun bir kilosu 3 kiloqram ət qiymətinə satılır. Bu isə əyalət mərkəzi üçün həddən artıq yüksək qiymətdir.

“İrkSib” agentliyinin müxbiri qiymətlərin bu dərəcədə artmasının səbəblərini öyrənmək üçün İrkutsk bazarlarına yollanıb.

Məlum olub ki, İrkutskdakı "SPAR" supermarketlər şəbəkəsində Azərbaycandan gətirilən pomidorun kilosu 750 rubla (bizim pulla 12 manat), xiyar isə 600 rubla (10 manat) satışa çıxarılıb.

Baykalsk küçəsi, 244B-da yerləşən mağazanın xanım əməkdaşı müxbirin “niyə belə bahadır” sualına maraqlı cavab verib.

“Yəqin Azərbaycanda belə hesab edirlər ki, bu, onların ən yaxşı ərzaqlarıdır. Ondansa Çin məhsulu alın, daha ucuzdur - 109 rubla” - deyə satıcı qadın məsləhət görüb.

“Novıy” bazarında pomidorun qiyməti ümumiyyətlə şok yaradıb. Burada Bakı pomidorunun 1 kilosu 990 rubla (16 manat) satılır.

Bu tərəvəzlərin qiymətlərinin belə artması sirr olaraq qalıb.

Bazarın müdiriyyətindən pomidorun qiymətinin niyə 990 rubla olduğunu “İrkSib”in müxbirinə izah edə bilməyiblər.

Cia.az