|
Musiqili Teatrda Əli Usubovun 80 illiyi qeyd olunub

Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış teatr rejissoru, Əməkdar İncəsənət Xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov çıxış edib. O, Əli Usubovun həyat və yaradıcılığından bəhs edərək onun fəaliyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib.

Qeyd edilib ki, Əli Usubov 1935-ci ildə Gəncədə anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusiyanın Xalq Artisti, professor Roman Tixomirovun sinfində təhsil alıb.

Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb. O, müxtəlif illərdə F.M. Dostoyevski adına Omsk Dövlət Universitetində dosent, professor kimi fəaliyyət göstərib. Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. C. Verdinin "Aida", "Riqoletto", "Traviata", D. Puççininin "Toska", S. Raxmaninovun "Aleko", Q. Doniçettinin "Luçiya di Lmermur" operaları, O. Flestmanın "Köhnə ev", İ. Ştrausun "Yarasa", İ. Kalmanın "Silva", F. Leqarın "Şən dul qadın" və başqa operettaları Əli Usubovun quruluşunda müxtəlif teatrların səhnələrini illərlə bəzəyib. Bir çox dövlət tədbirlərinə də quruluş verən Əli Usubovun hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub.

Vurğulanıb ki, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ilk quruluşunun 100 illiyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib. Ə.Usubovun quruluşunda "Arşın mal alan" beynəlxalq layihə çərçivəsində Paris, Strasburqla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

Tədbirin sonunda yubiley münasibətilə Əli Usubovun quruluş verdiyi, böyük bəstəkar, SSRİ Xalq Artisti Rauf Hacıyevin bu yaxınlarda premyerası anşlaqla keçən "Qafqazlı qardaşqızı" operettası nümayiş olunub.

Cia.az