|
Teatr-konsert müəssisələrinin mətbuatla işi müzakirə olunub

Oktyabrın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında respublikanın teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri, ictimai əlaqələrlə məşğul olan əməkdaşlarla görüş keçirilib.

Kitabxanadan bildirilib ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, şöbənin sektor müdirləri və əməkdaşları iştirak edib.

Şöbə müdiri Vüqar Şixəmmədov bu görüşün nazirliyin rəhbərliyinin tapşırığına əsasən keçirildiyini diqqətə çatdıraraq, nazirliyin strukturunda yeni yaradılan və ictimaiyyətlə əlaqələr siyasətinə xidmət edən şöbə və onun əməkdaşları, iş strukturu, eləcə də nazirliyin mətbu orqanları, internet saytı barədə məlumat verib. Teatr-konsert müəssisələrinin bu mətbu orqanlarla sıx əməkdaşlığının, yaradıcı fəaliyyətin KİV-də operativ işıqlandırılmasının zəruriliyini vurğulayıb.

Bildirilib ki, yaxın vaxtlarda nazirliyin saytının yeni versiyası təqdim olunacaq və bundan sonra da saytda nazirliyin strukturunda olan müəssisələrin təbliği işinin daha da operativ və geniş formada həyata keçiriləcək.

Qeyd olunub ki, teatr-konsert müəssisələri piar məsələsini bir sıra hallarda diqqətdən kənarda saxlayırlar. Halbuki yaradıcı fəaliyyətin mediada işıqlandırılmasında müasir vasitələrdən istifadə mühüm əhəmiyyət kəsb edir. Elektron informasiya resurslarında təbliğat məsələsini xüsusi qeyd edən şöbə müdiri teatr-konsert müəssisələrinin mətbuatla, ictimaiyyətlə əlaqələrə məsul şəxslərini bu istiqamətə diqqət yeritməyə, sosial şəbəkələrdə təbliğat, informasiya paylaşmaq və müzakirələrdə daha aktiv olmağa çağırıb.

V.Şixəmmədov teatrların reklamı məsələsinə də toxunub.

Bildirib ki, KİV ilə teatrların əlaqəsi, qarşılıqlı razılaşması zəminində müəyyən reklam məhsullarının daha geniş auditoriyaya çatdırılması imkanları hər zaman dəyərləndirilməlidir.

Şöbənin informasiya, elektron media və resurslarla iş şöbəsinin müdiri Zöhrə Əliyeva, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov çıxış edərək mətbuat və televiziya ilə əlaqələrin xüsusiyyətlərindən, operativ məlumatların sistemli olaraq KİV-də işıqlandırılmasından söz açıblar.

Görüşdə teatr-konsert müəssisələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub, irəli sürülən ideyalar ətrafında fikir mübadiləsi aparılıb.

Cia.az