|
İri və sallaq qarından qurtulun: abdominoplastika -

Cia.az plastik və estetik cərrah Op. Dr. Günel Bayramlının abdominoplastika (qarın gərmə əməliyyatı)haqda məqaləsini təqdim edir. 

Böyük və sallaq bir qarın həm kişi, həm də qadınlar üçün rahatsızlıq mənbəyi ola bilər. Bu vəziyyət artıq yağ toxumasından, boşalmış qarın əzələsindən, hamiləlikdən və artıq gərilməyə məruz qalmış, elastikliyi azalmış qarın dərisindən qaynaqlana bilər. Xüsusilə də diyeta və idmana cavab verməyən iri və sallaq qarından qurtulmağın tək yolu əməliyyatdır. Bu yolla eyni zamanda qarında, xüsusən də göbəkaltı nahiyədə yerləşən dəri çatlaklarından da qurtulmaq mümkündür.

 

Qarın gərmə əməliyyatı kimlər üçün uyğundur:

Əgər bədənin başqa nahiyələri ilə müqayisədə böyük qarın varsa, xüsusilə də bu qarın pəhriz və idmana cavab vermirsə, qarın əzələlərində boşalma, göbəkaltı nahiyədə dəri çatlakları varsa, bu əməliyyat sizə görədir. Qarın gərmə əməliyyatının məqsədi artıq dəri və yağ toxumasını uzaqlaşdırıb əzələləri sıxlaşdırmaqla daha düz və çəkici görüntüyə sahib bir qarın əldə etməkdir.

Qarın gərmə əməliyyatı 18 yaşını tamamladıqdan sonra bütün yaşlarda icra oluna bilər. Ancaq çəki vermək məqsədiniz varsa, istədiyiniz çəkiyə çatdıqdan sonra əməliyyat olunsanız, əməliyyatın nəticəsi daha üz güldürücü olacaq. Bəzi hallarda isə doktorunuz özü əməliyyatdan əvvəl çəki verib, sonra əməliyyat olunmağı məsləhət görəcək. Bu şəkildə icra olunan əməliyyat sizi daha çox xoşbəxt edəcək və nəticənin qalıcı olmasını təmin edəcək.

Əgər yaxın zamanlarda hamiləlik planlaşdırırsınızsa, onda bu haqda həkiminizə məlumat verin. Qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Amma hamiləlik əməliyyat nəticəsinə təsir edir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə əməliyyatın hamiləlikdən sonra icra olunması daha doğrudur.

 

Konsultasiya:

Əməliyyatdan əvvəlki konsultasiya çox vacibdir. Belə ki, konsultasiya zamanı qarnınızla bağlı sizə rahatsızlıq verən bütün məmnuniyyətsizlikləri və çatmaq istədiyiniz estetik görünüşü bizə mütləq deyin. Yalnız belə olarsa, biz sizin nə istədiyinizi bilib, bunun əməliyyatla mümkün olub olmayacağını əvvəlcədən məlumat verə bilərik. Əməliyyatdan əvvəl cərrahınız qarnınızı müayinə edəcək və bəzi ölçümlər götürəcək. Eyni zamanda qarın əzələlərinizin sıxlığını qiymətləndirəcək. Əməliyyat nəticəsini müqayisə etmək üçün əməliyyatdan əvvəl şəkilləriniz çəkiləcək. İstifadə etdiyiniz dərmanlar və sağlamlığınız barəsində bəzi suallar veriləcək. Bu incəliklər əməliyyatın planlaşdırılmasında vacibdir.

 

Məlumat:

Qarın gərmə əməliyyatı xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 2 saat çəkir. 1 gün xəstəxanada qalmağınız şərtdir. Əməliyyatın ertəsi gün artıq evə gedəcəksiniz. Reabilitasiya mərhələsi ortalama 5-7 gündür. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Amma 1 ay ağır qaldırmaq, idman etmək, dənizə getmək və günəşlənmək olmaz. Əməliyyatdan sonra ağrı hissini endirmək məqsədilə sizə ağrıkəsicilər vurulacaq. Əməliyyat sahəsinə dəstək məqsədilə qarın korsetini 1 ay geyinməlisiniz.

Əməliyyatdan 5 saat sonra həm yemek yeyə, həm də ayağa qalxa bilərsiniz. 1 həftə dik yerimək olmaz. Tikiş yerləri dartılmasın deyə, beldən bükülü vəziyyətdə gəzməyiniz istəniləcək. Əməliyyatdan sonra 2-5 gün qarnınızda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Drenajlar çıxarıldıqdan 2-3 gün sonra çimməyinizə icazə veriləcək. Dərinizdəki izlər ilk 2-3 ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solacaq və dərinin rəngini alacaqlar. Qarnınızdakı şişlərin 60-70%-i ilk 1 ayda, qalan 30%-i isə 6 ayda keçəcək. Qarın şəklinin son halını 6 ayın tamamında görəcəksiniz. 2 ay sonra idmana başlaya bilərsiniz.

Bütün cərrahi müdaxilələrdə olduğu kimi, bu əməliyyatın da ağırlaşmaları ola bilər.  Belə ki, anestezioloji risk, qanama, infeksiyalaşma, yara sağalmasının gecikməsi kimi ağırlaşmalar ola bilər. Yara sağalmasının gecikməsi özəlliklə çox miqdarda piylər çıxarılarsa, ola bilər. Həkiminizin söylədiklərinə əməl etmək bu ağırlaşmaları minimuma endirəcək. Dərinizdəki izlər zaman içərisində solacaq. Həkiminiz mümkün qədər qısa və incə iz qalması üçün hər nə lazımdırsa edəcək, amma izin son görüntüsünü xəstənin yara sağalma potensialı müəyyənləşdirir.

Qeyd: Əməliyyatdan sonra insanın görünüşündə olan dramatik dəyişiklik özgüvənin artması ilə nəticələnərək, daha xoşbəxt və keyfiyyətli həyat tərzi yaşadır. Xüsusilə də, piylənmə sonrası arıqlayan insanlarda qarın gərmə əməliyyatı sağlam xarici görünüşə sahib olmağın tamamlayıcı ünsürüdür.

Gözəlliyinizi qoruyun və qeydinə qalın, əziz xanımlar!

Cia.az