|
Azərbaycan Qarabağın azadlığı əməliyyatına başlasınmı?
Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı barədə xəbərlər, bu barədə səslənən ehtimallar getdikcə ciddiləşir. Əgər əvvəllər bu barədə rəsmi Bakının səsləndirdiyi bəyanatlar, sadəcə, sərt ritorika kimi dəyərləndirilirdisə, hazırkı situasiyada Azərbaycanın hərbi əməliyyatlara başlamaqdan başqa çıxış yolunun olmadığını xarici ekspertlər və nüfuzlu beynəlxalq institutlar da etiraf etməkdədir.
 
Azərbaycanın artıq savaşdan başqa alternativinin qalmadığını Ermənistanın destruktiv mövqeyini davam etdirməsi, erməni prezidentin Dağlıq Qarabağı “Ermənistanın ayrılmaz tərkib hissəsi” kimi təqdim etməsi bir daha sübut edir. Üstəlik, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), daha konkret desək, Rusiyanın yardımına ümid edərək aqressiv siyasətini davam etdirməsi Bakının manevr imkanlarını məhdudlaşdırıb. Qərb və Rusiya analitikləri son zamanlar savaşın qaçılmazlığından daha çox bəhs edirlər. 
 
Görünür, elə bu səbəbdəndir ki, Ermənistanın KTMT baş katibi N.Bordyuja və Rusiyanın Ermənistandakı səfiri məsələnin hərbi yolla çözülməsini istisna edib. Paralel olaraq KTMT-nin Ermənistanda hərbi təlimlər keçirməsi, “Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq” deməsi, İrəvanın işğalçılığına haqq qazandırma cəhdləri erməni işğalçılarını daha da şirnikləndirir.
 
Paralel surətdə Rusiyanın Qarabağ tənzimlənməsində rolu barədə davamlı məlumatlar yayılır. Bugünlərdə ABŞ-ın özəl kəşfiyyat şirkəti “Stratfor” Rusiyanın Qafqaz strategiyasına dair analiz dərc edib. Virtualaz.org saytının xəbər verdiyi kimi, həmin analizdə Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilirdi. İddia olunurdu ki, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq. “Stratfor”un bu analizi geniş rezonans və müzakirələr doğurdu. İndi bu şirkətin strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin “donunu açması” ehtimalından danışır.
 
Onun fikrincə, belə münaqişələrin “donunu açmaq” münaqişəni qızışdırmaq qədər asan deyik. “Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan bütün müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir, xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır”- deyə Riva Bhalla bildirib.
 
“Stratfor” vitse-prezidentinin sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir. Ancaq bunu hansı yolla edəcək? “Bütün məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək. Əgər söhbət hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman Azərbaycan tək hərəkət etməyəcək. Ermənistan boş yerə narahat deyil ki, Rusiya və Azərbaycan bu məsələdə anlaşa bilər”- R.Bhalla deyib.
 
“İstənilən etniklərarası münaqişədə, xüsusilə də həddən artıq zorakılıq və qeyri-proporsional gücün tətbiq edildiyi münaqişələrdə qarşılıqlı ittihamlar təbii sayılsa da, Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfinin təcavüzkar olması təkzibedilməz faktdır”.
 
 "Trend"in məlumatına görə, bu barədə İsrailin Bar-İlan Universitetinin Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, “Türkiyənin İsrail və Azərbaycanla antantası” kitabının müəllifi Aleksandr Marisonun ABŞ-ın nüfuzlu “Washington Times” nəşrində dərc edilən məqaləsində deyilir.
 
Azərbaycanda isə artıq danışıqların mənasızlığı təsəvvürü daha geniş sferada qəbul olunur və hərbi əməliyyatların zəruriliyi bildirilir.
 
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, konstitusiya ilə torpaqlarımızın azad olunması qərarını vermək səlahiyyətli şəxslərin və qurumların vəzifəsidir: “Onlar da bu məsələ barədə son sözü vəziyyəti dəyərləndirərək deyə bilər. Ona görə də kənardan, sadəcə olaraq, rəylər bildirməklə məsələləri həll etmək olmaz. Lakin mən məsələnin savaş qərarının verilməsi kimi formula olunmasını doğru saymıram. Çünki söhbət işğal olunmuş torpaqlarımızın erməni silahlı qüvvələrindən və orda kök salmış terrorçulardan təmizlənməsindən gedir. 
 
Bu mənada müdafiə xarakterli döyüş əməliyyatlarının aparılması, daha doğrusu, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Silahlı Qüvvələrdən istifadə etmək səlahiyyəti də yetkili orqanların vəzifəsidir. Məsələyə bu şəkildə baxılmalıdır”.
 

Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov “Yeni Müsavat”a bildirdi ki, savaşın alternativini görmür. Keçmiş döyüşçü bütün təhdid və təzyiqlərə baxmayaraq, işğal olunmuş ərazilərdə “rus sülhməramlıları”nın yerləşdiriləsinə müqavimət göstərməyi zəruri sayır: “Qarabağda ”sülhməramlılar"ın yerləşdirilməsi Azərbaycan üçün böyük bir təhlükə və torpaqların daimi olaraq ermənilərə verilməsinə xidmət edəcək. Rusiyanın indiyə qədər yürütdüyü siyasəti nəzərə alsaq, onlar həmişə ermənilərə dəstək veriblər. Ermənilər Rusiyanın ən yaxın müttəfiqləridir. Rəsmi Moskva Azərbaycana nə qədər yaxın münasibətdə olsa belə, həmişə erməni mövqeyindən çıxış edib. Zamanında da bunun dəfələrlə şahidi olmuşuq, hazırda gedən proseslər də buna xidmət edir. Düşünürəm ki, daha təhlükəli proses baş verməmiş, Qarabağa Rusiya, yaxud BMT sülhməramlıları yerləşdirilməmiş Azərbaycan işğal altındakı ərazilərdə antiterror əməliyyatlarına başlamalı, torpaqlarını qısa bir zaman kəsiyində erməni işğalçılardan təmizləyib sərhədlərini möhkəmləndirməlidir. Əks təqdirdə, sonra gec olacaq". 
 
E.Əsədov Azərbaycan ordusunun hazırlıqlarını və döyüş ruhunu yüksək qiymətləndirdi: “Son zamanlar müdafiə nazirinin gördüyü işlər də yalnız təqdir olunmağa layiqdir. Azərbaycan ordusundan əlavə, çoxlu sayda könüllülər də yenidən orduya qayıdıb xidmət edirlər. Bu da onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan vətəndaşları öz vətəninə və dövlətinə sadiq insanlardır. Onlar torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaqlarını bu əməlləri ilə təsdiqləyirlər. Müharibə başlayacağı halda bütün Azərbaycan gəncləri, hətta bizim kimi yaşlı, amma təcrübəsi olan şəxslər də savaşa qoşulacaq. Təki biz şəhid olaq, ancaq namusumuz, qeyrətimiz, torpağımız əlimizdən getməsin və Qarabağ torpaqlarını ermənilərdən təmizləyək. Əminəm ki, savaş qərarı veriləcəksə, Azərbaycan xalqı ərazilərini azad edəcək, buna tam hazırdır. Yetər ki, ortaya iradə qoyulsun, hökumət savaş qərarı verilsin”. 
 

Qarabağ qazisi deputat Qüdrət Həsənquliyevin parlamentdə Qarabağ müzakirələrinin keçirilməsi barədə təklifini də təqdir etdi: “Çox yaxşı təklifdir. Parlamentdə uzun müddətdir ki, Qarabağ dinləmələri keçirilmir. Qarabağla bağlı parlament dinləmələri keçirilməli və Azərbaycan hökuməti konkret qərar verməlidir. Qarabağ məsələsi daim gündəmdə olmalı, torpaqlarımızın azad olunması üçün bütün variantlar gecə-gündüz müzakirə edilməli və konkret bir qərara gəlinməlidir. Sonra çox gec ola bilər”.
Qeyd edək ki, Qarabağ Qazilər Birliyi parlament seçkilərindən sonra digər müharibə tərəfdarı olan təşkilatlarla bir araya gəlib Qarabağın azad olunması əmrini vermək üçün Ali Baş Komandana müraciət etməyi planlaşdırır. 
 

Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün həmişə beynəlxalq qurumların tövsiyəsinə əsasən sülh yoluna üstünlük verib: “Ancaq beynəlxalq təşkilatlar, BMT, ATƏT çox arxayın danışırlar. Bunun da səbəbi budur ki, həmin qurumların rəhbərliyindəki şəxslərin əraziləri işğal altında deyil, evləri, qəbiristanlıqları dağıdılmayıb. Ona görə də 23 ildən çoxdur eyni sözü təkrarlamaqla başımızın altına arxayıncasına sülh yastığı qoyurlar. Narahat olan bizik, 1 milyondan artıq qaçqın-köçkünü olan Azərbaycan xalqıdır”. 
 
E.Məmmədov qeyd etdi ki, böyük dövlətlərin ədalətsiz mövqe tutması və Ermənistana etdikləri havadarlıqlar fonunda Azərbaycanın öz ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu qalmır: “Bizim Ermənistana qarşı savaş açmaq fikrimiz yoxdur. Biz, sadəcə, torpaqlarımızı azad etmək istəyirik və bu zaman Ermənistana müharibə elan etməyəcəyik. Necə ki, şimal qonşumuz Rusiya 20 ildən çoxdur Şimali Qafqazda qanunsuz silahlı qruplaşmalara qarşı antiterror əməliyyatı apardığını deyir, həmçinin Ukrayna, yaxud qardaş Türkiyə öz ərazisindəki terrorçu-separatçı qruplaşmalara qarşı əməliyyatlar həyata keçirir, Azərbaycan da Qarabağda antiterror əməliyyatlarına başlamalıdır. Azərbaycan da BMT-nin nizamnaməsinə istinad edərək bu hüququ özündə saxlayır. Biz antiterror əməliyyatları həyata keçirməklə torpaqlarımızdakı separatçı, terrorçu birləşmələri ləğv edəcəyik”.

E.Məmmədov hərbi əməliyyatların təhlükəli və riskli olması barədə fikirləri də təsdiqlədi: “Ona görə təhlükəlidir ki, işğalçının, separatçı qurumun dəstəyi çox güclüdür bugünkü ədalətsiz, haqsız dünyada. Bizi onlardan təhlükə gözləyir. Ancaq eyni zamanda bu, bizə bir millət kimi haqq vermir ki, qorxumuzdan işğalçıya qarşı hərbi güc tətbiq etməyək. Bu, tamamilə yanlış fikirdir. Düşmən artıq yola gəlmir və gəlmək fikri də yoxdur. Terrorçu gədə, hərbi xuntanın başçısı Sərkisyan da BMT tribunasından elan etdi ki, Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi hesab edir. Belə olan halda Azərbaycan nə etməlidir? Təbii ki, antiterror əməliyyatlarına başlamalıdır, özünün Daxili Qoşunlarının, ordusunun gücü ilə. Antiterror əməliyyatlarına başlayıb ərazilərimizi Azərbaycan qanunlarına tabe olmayan terrorçulardan, separatçılardan təmizləmək lazımdır. 
 
Gec-tez bu, baş verəcək. Çünki bunu bizə diktə edən səbəb var: düşmən razılığa gəlmir, işğala son qoymaq istəmir, vasitəçilər də onu müdafiə edir. Terrorçu Sərkisyan Azərbaycanı təhdid etdi, ancaq BMT rəhbərliyindən bir nəfər demədi ki, siz Azərbaycan torpaqlarını işğal etmisiniz, Azərbaycan sizin torpaqlarınızı işğal etməyib. Bugünkü dünya haqqın, ədalətin, hüququn deyil, gücün dünyasıdır. Kim güclüdürsə, haqlı odur. Düşmən bilsin ki, biz artıq 90-cı illərin Azərbaycanı deyilik və torpaqlarımızı azad etməyə gücümüz, imkanımız və hüququmuz var”.
Cia.az