Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Təbrizdə doğulan, ömrünün sonuna kimi Parisdə yaşayan istedadlı azərbaycanlı yazıçı Qulamhüseyn Səidinin “Sonsuz səfər” adlı kitabını nəşr etdirib.
Cia.az xəbər verir ki, “Xan” nəşriyyatında dərc olunan, yazıçının geniş yaradıcılığının kiçik bir hissəsini əhatə edən kitabda müəllifin 6 hekayəsi toplanıb. Oxucular bu hekayələrdə Cənubi Azərbaycan həyatı, insanların yaşayışı, mübarizə apardıqları çətinliklər, uğradıqları təqiblər, öz aralarında daim düşmənçilik edən tayfaların lazım gəldikdə ümumi rəqibə qarşı birləşə bildiyini əks etdirən örnək göstəriləsi maraqlı əhvalatlarla tanış olacaqlar.
Q.Səidi Azərbaycanda, eləcə də İranda mistik realizmin banisi və yaradıcısıdır.
Yazıçının əsərləri fransiz, ingilis, rus, türk dillərinə tərcümə olunsa da Azərbaycan dilində ilk dəfə işıq üzü görür.
Cia.az
