|
Kanberrada Azərbaycana aid "açıq qapı" günü keçirilib
Oktyabrın 3-də Avstraliyada paytaxt hökumətinin ölkəyə akkreditə olunmuş bəzi səfirliklərlə birgə təşkil etdiyi “Dünyaya Pəncərələr- Səfirlikdə açıq gün və turlar -2015 (Windows to the World – Embassy and High Commission Open Days & Tours 2015) adlı proqramın tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyində də “açıq qapı günü” keçirilüb. Bu barədə Musavat.com-a səfirliyin mətbuat attaşesindən məlumat verilib. 

Bildirilir ki, bir ay öncədən tam şəkildə sifariş edilmiş turlara hər biri 45-50 nəfərlik qruplardan ibarət olmaqla gün ərzində 250-dən çox ziyarətçi qatılıb. Həmçinin Kanberra şəhərindəki bir neçə səfirliyin əməkdaşı da ziyarətçilərin sırasına qoşulub. 80 dəqiqəlik turların ilk 30 dəqiqəsi zamanı ziyarətçilərə Azərbaycan haqqında ümumi şifahi məlumat verilmiş, çoxsaylı sualları cavablandırılıb, onlara 20 müxtəlif adda məlumat kitabçaları və broşürlər təqdim edilib, ölkə haqqında 15 dəqiqəlik video material və milli paltarlar nümayiş etdirilib. Daha sonra avstraliyalı rəqqasələrdən ibarət “Land of Fire” rəqs qrupu qonaqlara 2-3 nömrədən ibarət milli rəqslər ifa edib. Proqramının son hissəsi olaraq ziyarətçilərə milli mətbəximizdən nümunələri, həmçinin Azərbaycan istehsalı olan şərablar təqdim edilib.
         
Proqramın tərkib hissəsi olaraq Səfirlik tərəfindən ABC 666 radio kanalında Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi, iqtisadiyyatı və s. mövzulara dair geniş təqdimat həyata keçirilib.​
Cia.az