|
Qeydə alınmayan Müsavat namizədi prezidentdən görüş istəyir
Müsavat Partiyasının 82 saylı Ağcabədi seçki dairəsindəki namizədi Rəşid Nəcəflinin qeydə alınmaması ilə bağlı məlumat vermişdik. MSK-ya müraciət edən namizədin iddiası yenə də təmin olunmayıb. R.Nəcəfli apelyasiya şikayəti verib.
 
R.Nəcəfli baş verən qanun pozuntuları ilə bağlı prezidentdən görüş istəyir. “Yeni Müsavat”a müraciət edən namizəd bildirib ki, Ağcabədidə artıq yaşaya bilmir, insanlara təzyiqlər edilir, vətəndaşlar qorxudulur. 
 
R.Nəcəfli baş verənlərin başında YAP-çı deputat, hazırda hakim partiyanın namizədi olan Tahir Rzayevin dayandığını deyir: “Mənə verilən qərarda bildirirlər ki, imzaları ilə bağlı etiraz edənlər var. İmza vərəqəsinin ortasında Müsavat yazılıb. 200 nəfər insanı aldatmaq olar? Muğanlı kəndində repressiya həyata keçirilib. Hücum nəticəsində xəstələnənlər, şəkəri qalxanlar olub. Tahir Rzayevin bacısı mənə dedi ki, qardaşım yuxarılara hesabı çatdırıb. Tahir Rzayev kimə arxalanıb fironluq edir? DSK üzvünün etirafı var ki, seçicilərə təzyiq edib. Vətəndaş kimi prezidentə müraciət edirəm ki, məni qəbul eləsin. 
 
Ağcabədidə baş verənləri ölkə başçısına anlatmaq istəyirəm. Artıq rayonda yaşaya bilmirəm. Sakinlərin gözlərinə baxa bilmirəm. Çünki mənə görə təzyiqlərlə üzləşirlər. Dövlət etibarlı adamlardan ibarət komissiya göndərsin, onda hər şey görünəcək. Oktyabrın 5-də Prezident Aparatının qarşısına gedəcəyəm. Prezident olmasa da, məsul bir şəxs məni qəbul etsin”.
Cia.az