|
Ölkədə insan həyatının qiyməti və ya tətbiq olunmayan tibbi sığorta...
Azərbaycandakı sosial şərait insanların həkimlərə tez-tez müraciət etməsinə səbəb olur. Mətbuatda və sosial mediada yayılan məlumatlardan da görünür ki, ölkədə ağır xəstəliyə düçar olanlar artıq ölümü gözlərinin önünə gətirirlər. Buna səbəb isə ölkədə hələ də uzun zamandır ki, gözlənilən tibbi sığorta sisteminin tətbiq olunmamasıdır. 
 
Kifayət qədər əmək haqqı almayan Azərbaycan vətəndaşı əksər hallarda  düçar olduğu xəstəliyi dərinləşəndən sonra həkimə müraciət edir. Bu zaman isə xəstəliyin müalicəsi üçün böyük miqdarda maddi vəsait tələb olunur. 
 
Dünyanın  inkişaf etmiş ölkələrində hər ay ödənilən kiçik məbləğ hesabına  vaxtlı-vaxtında həkim müayinəsindən keçmək və müalicə almaq mümkündür. Bu isə yuxarıda qeyd etdiyimiz tibbi sığorta sisteminin məhsuludur. Tibbi sığorta ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri, səhiyyənin təşkilati forması nəzərə alınmaqla tətbiq olunur. 
 
Avropa insanında tibbi sığortaya maraq böyükdür. Bunun isə əsas səbəbi maddi gəlirlərdir. Maddi gəlirlərin və səhiyyənin inkişaf etdiyi ölkələrdə tibbi sığorta ənənəvi hala çevrilib. 
 
Misal üçün, Almaniyada insanlar hər ay özlərini “check up” müayinə (ümumi müayinə) etdirirlər. Bu ölkənin səhiyyə sistemi imkan verir ki, insanlar pulsuz şəkildə özlərini müayinə etdirib, sağlamlıqları ilə bağlı ən kiçik problemi belə, müalicə etdirsinlər. Bu ölkədə sosial tibbi sığortanın ən inkişaf etmiş modeli tətbiq olunur. 
 
Sözügedən sistem 1883-cü ildə Bismark tərəfindən tətbiq olunub. Sistem sığortalanmış bütün xəstələrə tibbi xidmətin göstərilməsini nəzərdə tutur. Almaniyanın səhiyyə sistemi Avropanın ən qədim sistemi hesab olunur. Burada hər bir vətəndaş 300-dən çox dövlət və ya özəl tibb sığorta şirkətlərinə qoşula və əmək haqlarından ora ödənişlər edə bilər. Almaniyada bu ödənişlərin məbləği gəlirin 13%-ni təşkil edir. İşsiz olan vətəndaşlar isə sosial fondlar hesabına tibbi xidmətlərlə təmin edilirlər.
 
Ancaq vətəndaşlarının qayğısına qalan təkcə Avropa ölkələri deyil. Elə Azərbaycana qonşu olan ölkələrdə də bu sistemə rast gəlmək olur. Qardaş Türkiyədə 1 yanvar 2012-ci il tarixdən bütün vətəndaşlar İcbari Tibbi Sığortaya (İTS) cəlb olunub. Nəticədə isə onlar dövlətin tibbi yardımlarından faydalanırlar. Orada 18 yaşdan yuxarı şəxslər təhsil müddətində ana-atasının tibbi sığortasından faydalanırlar. Onun özündən isə hər hansı bir ödəniş tələb olunmur. Təhsil həyatı başa çatdıqda isə İTS-ya cəlb olunurlar.
 
İranda da vəziyyət Azərbaycandan çox yaxşıdır. Hətta hər kəsə bəllidir ki, Azərbaycanlılar xəstələnən zaman ilk üz tutduqları ölkə məhz İrandır. Burada dərmanların və müalicənin qiymətinin aşağı olması ilə bərabər, tibbi sığortaya da geniş yer verilir. 
 
İranda əhalinin 97 faizinin tibbi sığortası mövcuddur. Xəstələnən iranlı xəstəxanada müalicə xərclərinin ancaq 10 faizini ödəyir. 
 
Azərbaycanda  "Tibb sığorta haqqında" qanun layihəsi 1999-cu ildə prezident tərəfindən imzalansa da, bugünə qədər həyata keçməyib.
 
Bu il oktyabrın 2-də Milli Məclisin komitə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, gələn ildən Azərbaycanda da tibbi sığorta tətbiq olunacaq: “2016-cı ildən nəhayət ki, icbari tibbi sığortanın tətbiqinə, icrasına başlanması nəzərdə tutulur. Artıq neçə illərdir ki, bu məsələ ətrafında müzakirələr gedirdi. Hətta, dövlət büdcəsindən bu məsələyə maliyyə vəsaiti də ayrılırdı. Amma bəzi səbəblərdən icbari tibbi sığortanın icrasına başlamaq mümkün olmurdu. Nəhayət, gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanması nəzərdə tutulur. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi o demək deyil ki, bütün məsələlər bir günün içində həll olunacaq".
 
Lakin bir şeyi də nəzərə alaq ki, cari ildə Azərbaycanın gəlirləri ötən dövrlə müqayisədə xeyli aşağı düşüb. Eyni zamanda büdcədən əlavə xərclər üçün də ayrılan vəsaitlərdə azalmalar aparılıb. 
 
Bütün bunların fonunda 2016-cı ildə tibbi sığorta mexanizminin işə düşməsinin nə dərəcə real olması barəsində musavat.com-a iqtisadi ekspert Rəşad Həsənov danışıb: “Sivil dövlətlərin əsas məqsədləri əhalinin sağlamlığının müdafiəsi və onun ən yüksək səviyyədə təşkil edilməsidir. Belə bir halda, inkişaf etmiş və inkişafda olan ölkələrdə tibbi sığortanın təşkil edilməsi və bu prosesin sürətləndirilməsi əsas məsələlərdən biridir. Amerika Birləşmiş Ştatlarının sonuncu prezidenti Barak Obamanın hakimiyyətə gəlməsini təmin edən və əhalinin gözündə onun nüfuzunu qaldıran məsələlərdən biri də, bu istiqamətdə planlı işlər görməsi oldu. Bu baxımdan məsələ çox aktualdır. Azərbaycanda hökumət səhiyyə sisteminin ödənişsiz tələblər əsasında qurulduğunu iddia etsə də, hər kəsə məlumdur ki, ölkədə bu prinsip işləmir. Hər bir vətəndaşımız dövlət xəstəxanalarında daim məcburi ödəniş tələbləri ilə üzləşir. Hətta dövlət xəstəxanaları ən ciddi diaqnozlarla onlara müraciət edən insanları belə, pulları yoxdursa, qəbul etmirlər. Bunun özü  göstərir ki, yuxarıda söylədiyimiz mexanizm Azərbaycanda işləmir. Tibbi sığorta sisteminin aktivləşdirilməsinə ciddi ehtiyac var. Samir Şərifov növbəti ildə bu problemin öz həllini tapacağını qeyd etsə də, hesab edirəm ki, hazırkı şəraitdə bu məsələnin həlli yenə də uzanacaq. Uzun zamandır ki, tibbi sığorta üçün büdcədən vəsaitlər ayrılır. Ancaq bu proses icra edilmir, sonda ayrılan vəsaitlər geri qaytarılır. Əgər bu proseslər Azərbaycanın maliyyə imkanlarının ən yüksək səviyyədə olduğu dövrlərdə baş verirdisə, bu il də eyni prosesin gedəcəyini söyləmək çətin deyil”.
 
Ekspert bildirib ki, iqtisadiyyatda baş verən proseslər nəticəsində ölkə əhalisinin gəlirlərində kəskin azalma yaşanır: “Sosial sfera üçün çox mühim problemlərdən olan sağlamlıq məsələsində insanlar xərclərini qarşılamaqda çətinliklə üzləşirlər. Xüsusilə də Azərbaycanda insanlar öz sağlamlıqlarını axırıncı plana salırlar. Belə bir mühitdə dövlətin icbari tibbi sığorta sistemini tətbiq etməsi mütləqdir. Əks halda növbəti dövrlərdə Azərbaycan əhalisinin sağlamlıqla bağlı ciddi problemlərin yaşayacağının şahidi olacağıq. Səhiyyə sisteminin ödənişsizliyi məsələsində də bir sıra hüquqi tənzimləmələrə ehtiyac var. Reallıqda doğrudur ki, qeyd etdiyimiz kimi bu ödənişsiz olmur. Ancaq hüquqi baxımdan ödənişsiz olduğuna görə tibbi sığorta və ölkənin səhiyyə sistemi arasında təzad müşahidə olunur. Hüquqi baza formalaşdırılmalıdır ki, dövlət xəstəxanalarında müalicə olunan hansısa bir vətəndaşa icbari tibbi sığorta şirkətləri tərəfindən hansı qaydada ödənişlər ediləcək. Xəstəxananın  hüquqi baxımdan ödəniş qəbul etmə imkanı yoxdursa, bu proses də baş vermir. Bu baxımdan, bu sahədəki boşluğu da nəzərə alsaq, hesab edirəm ki, yaxın müddətdə tibbi sığorta sistemi ölkədə aktivləşdirilməyəcək”. 
Cia.az