|
Qohumların qanlı davası,
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibov qardaşlarının cinayət işi məhkəmə prosesi davam etdirilib.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə şahid qismində taksi sürücüsü Elçin Quliyev ifadə verib.
 
Elçin Quliyev ifadəsində bunları göstərib: “Hadisə baş verən gün Vüqar mənə zəng vurub onu Aşurgilin (zərərçəkən Aşur Məmmədov-red.) mağazasına aparmağımı xahiş etdi. Qardaşı Zülfüqar da onunla idi. Yolda Zülfüqar və Vüqar qardaşları bir-biri ilə bu mövzuda mübahisə edirdilər ki, söhbəti mən edəcəm, sən qarışmazsan...
 
Mağazaya çatdıq, qardaşlar içəri girdilər. Mağazada mübahisə oldu. Sonra Vüqar Aşur Məmmədovun oğlu Vasifgilnən birlikdə çölə çıxdı. Həmin vaxtı Vüqarda bıçaq olduğunu görmüşdüm. Birdən çöldən səs-küy gəldi. Səbuhi, Elçin, dalınca da mən bayıra çıxdıq. Vasif yerdə qan içində idi. Onun qardaşı Asif də qaça-qaça maşının üstünə gedirdi, qoymadım. Dedim qardaşın yaralıdır, get ona kömək elə. Mən maşına oturanda isə Vüqarla Zülfiqar artıq maşında idi. Vüqar məndən maşını qayınatasıgilə sürməyimi xahiş etdi”.
 
Şahid ifadə verəndən sonra hakimlər və dövlət ittihamçısının suallarını cavablandırdı.
 
Müdafiə tərəfinin vəkili Ceyhun Yusifov məhkəmədə vəsatət verdi. O, istintaq orqanının işə düzgün qiymət vermədiyini bildirdi.
 
Vəkil vəsatətində məhkəmənin ölən şəxsin atası Aşur Məmmədovla Abşeron rayon prokuroru arasında telefon danışığı olduğu üçün “Azercellə” müraciət etməyi vacib saydığını söylədi. Onların arasında hansı telefon söhbətinin olduğunu məhkəmədə araşdırılmasını istədi. Vəsatətə növbəti prosesdə baxılacaq.
 
Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.
 
Qeyd edək ki, bu qətl hadisəsi 2014-cü il, iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib.
 
Belə ki, qəsəbə sakini, 25 yaşlı Vüqar İsmayil oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər.
 
Abşeron Rayon Polis Şöbəsində istintaq aparılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub. Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
Cia.az