Seçki kampaniyası başlananadək bir sıra siyasətçilərdə hakimiyyətin 1 noyabr seçkilərində real müxalifət partiyalarının təmsilçilərinin qələbəsini tanıyacağına ümid yarandığı hiss olunurdu. Ancaq seçki kampaniyası başlayandan sonra müşahidə olunan proseslər bu ümidlərin doğrulmayacağı ehtimalını artırıb.
Seçki kampaniyasının dünən yekunlaşan birinci mərhələsi növbəti parlamentin tərkibinin necə olacağı haqda təsəvvürlər yaradıb. Artıq mənzərə xeyli dərəcədə aydındır: Milli Məclisdə real müxalifət qüvvələrinin təmsilçiliyinə bu dəfə də çox böyük ehtimalla imkan verilməyəcək. Belə görünür ki, hakimiyyət real müxalifətin parlamentdə hətta bir-iki nəfərlə belə təmsil olunmasını istəmir, sanki bunu bir təhlükə görür. Bəzi siyasətçilər hesab edir ki, bu, hakimiyyətin parlamentdə polemika, fərqli mövqe olmasını arzu etmədiyindən, bəziləri isə düşünür ki, müxalifət partiyalarının dövlət büdcəsindən maliyyə almasının qarşısının alınması üçün iqtidar Milli Məclisə müxalifət partiyalarını buraxmaq istəmir. Hətta parlamentin legitimliyi məsələsinin müsbət həll olunması naminə da olsa bir nəfər də olsun müxalifətçinin parlamentə buraxılmaması ortaya suallar çıxarır.
Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə, bəzi opponentləri və ekspertlər yanlış olaraq hesab edirlər ki, Azərbaycan iqtidarına hakimiyyət strukturlarının legitimliyi görüntüsünü yaratmaq lazımdır: “Lakin görünür ki, hakimiyyətin buna ehtiyacı yoxdur və əslində, iqtidar demokratiya imitasiyası siyasətindən bir neçə il bundam əvvəl imtina edib. Hakimiyyət hesab edir ki, heç bir beynəlxalq qurumun və ya dünya birliyinin Azərbaycanda mövcud olan hakimiyyət strukturlarının legitimliyini tanıması zəruri deyil, onlar özləri və dəvət etdikləri müşahidəçilər bu seçkilərin nəticələrini legitim hesab edirsə, bu, kifayətdir. Ona görə də iqtidar üçün Müsavat Partiyasının, REAL və NİDA təşkilatlarının bu seçkilərdə iştirakı arzu olunan deyil. Hər vasitə ilə real müxalifət qüvvələrini seçki prosesindən kənarlaşdırmağa, bundan əvvəl keçirilən bələdiyyə seçkiləri kimi bu parlament seçkilərini də sakitliklə yola verərək, daha beş il Azərbaycanda qeyri-legitim parlamentin ömrünü uzatmaq niyyətindədir. Xüsusilə Müsavat Partiyasının seçkilərdə iştirak etməsi Azərbaycan hakimiyyətinin bu planlarına mane olur və respublika ərazisində baş verən seçki toqquşmaları, hakimiyyət strukturlarının əsəbi davranışları məhz bununla bağlıdır”.
A.Hacılı onu da dedi ki, əslində artıq Azərbaycanda çoxpartiyalı sistem mövcud deyil. Siyasi partiyaların, xüsusilə real müxalifət partiyalarının fəaliyyəti bu partiya üzvlərinin, bu partiyaya rəhbərlik edən şəxslərin şəxsi fədakarlığı, şəxsi mübarizliyi hesabına həyata keçirilir: “Əslində normalda Azərbaycanda siyasi partiyaların bərabər siyasi rəqabət şəraitində fəaliyyət imkanları tamamilə aradan qaldırılıb. Azərbaycan parlamentinin bütün üzvləri faktiki olaraq Azərbaycan hakimiyyətinə birbaşa tabe olan şəxslərdən ibarətdir. Məhkəmə hakimiyyəti tamamilə icra hakimiyyəti strukturunun nəzarəti altındadır. Belə bir şəraitdə təbii ki, ölkədə demokratik seçkilərin keçiriləcəyi, hakimiyyətin hansısa partiyalara və hansısa ayrı-ayrı namizədlərə güzəştə gedərək onların parlamentə düşməsinin qarşısını qanun pozuntusu və saxtakarlıqla almayacağını düşünmək sadəlövhlük olardı. Azərbaycan hakimiyyətinin götürdüyü siyasi xətt ölkədə vahid mərkəzdən idarə olunan idarəçilik sistemini daha da möhkəmləndirmək və bütün sahələrdə ən xırda müstəqil davranışları belə, aradan qaldırmaq, ən adi sahələri belə tam nəzarətdə saxlamaqdır. Bu seçki kampaniyası dövründə baş verən hadisələr də məhz bu xəttin davamının təzahürüdür”.
Cia.az
