Binəqədidə yanan binanın sakinləri 4 ay sonra mənzillərinə köçə bildilər. Ötən 4 ay ərzində Maliyyə Nazirliyindən yanan bina ilə bağlı sorğumuza cavab ala bilmədik. Baxmayaraq ki, Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi...
Bu il mayın 19-da baş vermiş məşum yanğın bütün ölkənin diqqətini həmin binaya yönəltdi. Hamını bir sual düşündürürdü - 16 mərtəbəli binanın 10-15 dəqiqə ərzində kibrit kimi yanmasının səbəbi nədir?
Az keçmədi ki, hüquq-mühafizə orqanları yanğının sürətlə genişlənməsinin, yayılmasının səbəbini göstərdi - binanın üzlüyündə istifadə edilən poliuretan adlı kimyəvi tərkibli material!
Bu gün həmin materialı binaya vuran iş icraçıları həbsdədir. İcraçılara işi sifariş edən, işlərin keyfiyyətlə görülməsini nəzarət edənləri isə hələ də axtarırlar.
Bəs həmin materialın alınması hansı hesabdan həyata keçirilib?
Qəzetimizin oxucuları bilirlər ki, “Yeni Müsavat” bu və digər suallara aydınlıq gətirilməsi üçün yanğından 3 gün sonra Maliyyə Nazirliyinə informasiya sorğusu ilə müraciət edib.
Həmin sorğunun məzmununu təqdim edirik:
- Bildiyiniz kimi, mayın 19-da Binəqədi rayonunda poliuretan üzlüklü bina yandı, nəticədə 15 nəfər dünyasını dəyişdi, 56 nəfər isə xəsarət aldı. Prezident yanında Dövlət Komissiyasının iclasında binanın üzlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Binanın daha keyfiyyətsiz materialla üzlənməsi haqda da danışıldı.
Sizdən xahiş edirik ki, aşağıdakı suallarımıza aydınlıq gətirəsiz:
1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən 2015-ci ilə qədər hər il nə qədər vəsait ayrılıb?
2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?
5. Keçirilibsə, nəticəsi necə olub?
Bundan başqa, yanan binada yanğının qəsdən törədilməsi haqda da fikirlər səslənib. Baş Prokurorluğun mətbuat xidmətinə də sorğu ilə müraciət etmişdik. Xidmət rəhbəri Eldar Sultanov bildirmişdi ki, iş üzrə istintaq-əməliyyat qrupu hadisənin qəsdən törədilməsi fərziyyəsi ətrafında da zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirlərini həyata keçirir.
Cia.az
