Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Sputnik” agentliyinə açıqlamasında Azərbaycan və Avrasiya İttifaqı ilə bağlı məsələ ilə əlaqədar təəccüb doğuran fikirlər səsləndirib. Belə ki, XİN rəhbəri Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmədiyini bildirib. “Heç zaman heç zaman demə” söyləyən E.Məmmədyarovun bu açıqlaması elə ilk andan ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Azərbaycanın hakim komandasında E.Məmmədyarov prezidentdən sonra ilk qərbpərəst rəsmi şəxs kimi tanınıb. Onun fəaliyyəti boyunca Qərbə istinad etməsi, həmçinin Amerika və Avropadakı dairələrlə normal əlaqələri fonunda qəfildən üzünü şimala çevirməsi suallar doğurub. Hətta belə olan təqdirdə rəsmi Bakının Qərblə konfrantasiya şəraitində üzünü birmənalı şəkildə Rusiyaya çevirdiyi və Avrasiya Birliyinə qoşulmağa qərar verdiyi barədə iddialar səslənir. Hətta müstəqilliyimizin təhdid altında olduğunu deyən bəzi ekspertlər milli müqavimət hərəkatının yaradılması zərurətindən bəhs edirlər.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə XİN başçısının qərbpərəst olması fikrini qəbul etmir: “Mən hesab etmirəm ki, Elmar Məmmədyarovun mövqeyi hansısa formada dəyişib, həmçinin onun Qərbpərəst və yaxud şimalpərəst olduğunu güman etmirəm. Siyasi nöqteyi-nəzərdən vəziyyətə baxsaq, hökumətdə şəxsi hansısa istəklər ola bilər. Məsələn, kimsə Rusiyanı, başqaları Amerika, Fransa, ya İranı sevə bilər. Amma dövlət siyasətində hansısa bir meyllilik heç vaxt müşahidə olunmayıb. Ritorika formasında bəli, Amerika, Türkiyə, İranla, Rusiya, Gürcüstanla strateji əməkdaşlıq etdiyimiz bildirilib. Belə çıxır ki, biz hamı ilə strateji əməkdaşlıq edirik. O strateji əməkdaşlıq da daha çox Azərbaycan hakimiyyətinin maraqları nöqteyi-nəzərdən görünür.
Açıq və ya qapalı təzyiqlər olanda hakimiyyət ilk növbədə öz maraqlarını, öz mövqelərini müdafiə etməyə başlayır. Konkret olaraq Qərblə bağlı vəziyyətə baxsaq, Qərbdən demokratik islahatların aparılması, qəbul olunan öhdəliklər və prinsiplərin yerinə yetirilməsi ilə bağlı çağırışlar güclənəndə Azərbaycan hakimiyyəti bunu öz mövqelərinin zəifləməsi kimi görür və Rusiya tərəfə üz tutur. Rusiya şimaldan təzyiq edəndə isə Azərbaycan üzünü Amerikaya tərəf tutur. Yəni həmişə maraqlar nöqteyi-nəzərindən hərəkət edilir. Ona görə də Məmmədyarovun qərbpərəst kimi təqdim olunması düzgün deyil. Hakimiyyətdə şəxsi maraqlar daha çox öndədir və dövlət maraqları istismar olunur, hətta milli maraqları şəxsi maraqlar prizmasında görürlər”.
M.Əliyev Azərbaycanın müstəqilliyinin təhdidlə üz-üzə olması barədə iddiaları qəbul etmir və odur ki, ölkədə milli müqavimət hərəkatı kimi hansısa bir qurumun yaradılması, demokratik qüvvələrin bir araya gələrək müstəqilliyimizin müdafiəsi üçün hansısa addımların atılmasına da zərurət görmür: “Məncə, buna zərurət yoxdur. Çünki bu vaxta qədər belə söhbətlər olub. Əgər biz keçmiş SSRİ respublikalarını götürsək, onlardan heç biri öz müstəqilliyini itirməyib. Azərbaycandan da xeyli zəif ölkələr var ki, heç nə itirməyiblər. Bu, o deməkdir ki, Azərbaycanın müstəqilliyinin itirilməsi bu gün heç kəsin marağında deyil. Yəni bu, 1985-ci ildən, Malta danışıqlarından başlayaraq razılaşdırılmış bir prosesdir”.
M.Əliyev deyir ki, Azərbaycan Gömrük İttifaqına qoşulmaq üçün gömrük siyasətində hələ xeyli dəyişikliklər etməlidir: “Azərbaycanın digər ölkələrlə gömrük münasibətlərinin hamısında ikili mühasibatlıq var. O tərəf ticarət dövriyyəsi ilə bağlı bir rəqəm verir, Azərbaycan başqa şeylər deyir. Yəni Azərbaycan gömrüyü informasiyaları gizlədir, düzgün vermir. Xeyli keçən malların həcmi düzgün göstərilmir. Bu halda hansı əməkdaşlıqdan söhbət gedə bilər? Ona görə də biz Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istəmirik. Biz heç yerə getmək istəmirik, çünki hara getsək, bizdən şəfafflıq tələb edəcəklər. Hakimiyyət heç nə istəmir, çünki onun apardığı iqtisadi siyasət və sair ikili mühasibatlıq əsasında gedir, statistika düzgün deyil. Belə təşkilatlara görə girmirlər ki, öhdəlik götürməsinlər. Mən Putinin sonuncu Bakı səfəri zamanı təəccübləndim. O dedi ki, Rusiya - Azərbaycan ticarət dövriyyəsi 4 milyarda çatıb. Mən təəccübləndim ki, axı bizim Gömrük Komitəmiz 2 milyard olduğunu bəyan edir. Araşdırma apardım və gördüm Rusiyanın Gömrük Komitəsi 4 milyard ticarət dövriyyəsinin olduğunu xəbər verib. Deməli, 2 milyard gizlədilib! Belə olan halda harasa daxil olmağa maraq olmur. Odur ki, bunlar hamısı ritorikadır, danışırlar, deyirlər, lakin hər yerdən qaçırlar. Lakin artıq vaxt daralır, ona ”gəl, qoşul" deyib tələsdirirlər. Ancaq Azərbaycan bu ittifaqlara qoşulmayacaq".
Bəzi iddialara görə, Bakı Qərbdən əlini üzdüyü üçün Qarabağ məsələsinin həllinin qarşılığında Rusiyaya güzəştə gedəcək.
Politoloq Şahin Cəfərli isə fərqli düşünür. Ekspertə görə, hətta problemin Ermənistanı xeyrinə həll olunması da Moskva üçün sərfəli deyil: “Çünki münaqişənin qalması Rusiyanın da bu bölgədə qalmağa davam etməsi anlamına gəlir. Başqa bir vacib məqam kimi Ermənistanda Rusiyaya bağlı siyasi iqtidarın iş başında olmasının Moskva üçün önəmini də qeyd etməliyik. Azərbaycanın cəbhədəki qələbələri Ermənistanda ciddi destabilizasiya yarada və bu ölkə daxilində sözünün əsl mənasında aranın qarışmasına səbəb ola bilər. Bu qarışıqlıq Sərkisyan rejiminin devrilməsi ilə nəticələnə bilər ki, bu durumda Rusiyaya bağlı olmayan, hətta Qərbyönlü qüvvənin Ermənistanda hakimiyyətə yiyələnməsi ehtimalı oraya çıxacaq. Moskva belə bir durumun yaranmasını əlbəttə ki, istəməz. Ona görə də Qarabağ cəbhəsində Sərkisyan rejiminin sonunu gətirəcək səviyyədə dəyişikliyə Moskvanın xeyir-dua verəcəyinə inanmıram”.
Ş.Cəfərli müstəqilliyimizə yönəlik təhdidi real saymır: “Azərbaycan hakimiyyətinin ölkənin müstəqilliyinə təhlükə yaradacaq güzəştlər - məsələn, ölkə ərazisində Rusiyanın hərbi obyektinin yerləşdirilməsi, Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiyanı nəzərdə tutan hansısa sənədə imza atılması, avroatlantik inteqrasiyadan imtinanın yuridik təsbiti kimi Rusiya lehinə strateji seçim anlamına gələ biləcək addımlar atılması hesabına Moskva ilə anlaşması həm ölkə daxilində etiraz dalğasının yaranmasına, həm də Qərbin rəsmi Bakıya basqılarının artmasına səbəb ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın müəyyən şərtlər daxilində bəzi rayonları geri almasına şərait yaratmaq variantına gedəcəyi təqdirdə belə, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına imkan verməyəcək”.
Cia.az
