“Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və iki ölkə sərhədində baş verənləri artıq sıradan atəşkəs pozuntusu adlandırmaq yanlış olar. Biz indiyə qədər atəşkəs pozuntularının əsasən atıcı silahlardan istifadə edilməsi nəticəsində baş verdiyini görürdük və belə faktlar ciddi qarşılanmayan adi hala çevrilmişdi. Hazırda isə ağır silahlar – artilleriya, zenit-raket qurğuları və minaatanlar işə düşüb və tərəflər bir-birinin mövqelərinə itkilərlə müşayiət olunan zərbələr endirməyə başlayıb. Bu, artıq yeni bir mərhələdir”.
Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a cəbhədəki son durumu şərh edərkən bildirib. Ekspertin fikrincə, aydındır ki, yaranmış gərginliyin davam etməsi və inkişafı halında müharibə riski artacaq: “Lakin düşünürəm ki, müharibənin baş verib-verməyəcəyi tərəflərin öz iradəsindən çox, xarici faktorlardan asılı olan bir məsələdir. Dağlıq Qarabağ münaqişəsində və ümumən bölgəmizdə dominant rol hələ də Rusiya Federasiyasına məxsusdur. Rusiyanın hazırda həm Ermənistan, həm də Azərbaycan üzərində ciddi təsirə malik yeganə dövlət olduğunu söyləsək, səhv etmiş olmarıq. Rusiya-Ermənistan münasibətlərinin xarakteri hamıya bəlli olan bir məsələdir və bu haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasının uzunmüddətli müqavilə əsasında mövcudluğu, hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) çərçivəsində hərbi müttəfiqliyi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində eyni iqtisadi məkanda təmsil olunması, Rusiyanın Ermənistan iqtisadiyyatını nəzarətə götürməsi nəticəsində bu gün Ermənistan faktiki olaraq Rusiya dövlətinin bir uzantısı, anklavı halına gəlib. Bu qədər asılılığı olan bir ölkənin və siyasi rejimin ciddi məsələlərlə bağlı müstəqil qərar qəbul etməsindən söhbət gedə bilməz”.
Ş.Cəfərli son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində istiləşmənin yarandığına diqqət çəkdi: “Putin hakimiyyəti Azərbaycanın Qərbin xeyrinə strateji seçim etməkdən imtinasını və regionda Rusiyanın maraqlarını nəzərə alaraq siyasət yeritməsini yüksək qiymətləndirir. Suriyaya uçan Rusiya hərbi təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etdiyinə dair məlumatlar var. Son aylar Azərbaycanın Qərb institutları ilə münasibətlərinin gərginləşməsi də Rusiyanı məmnun edən gəlişmədir. Düzdür, hələlik Azərbaycanın Rusiyanın xeyrinə birmənalı seçim etdiyini söyləmək yanlış olardı, lakin Moskva bu durumdan elə də narahat deyil. İndiki məqamda onlar üçün vacib olan budur ki, Azərbaycan Avropaya inteqrasiya kursunu tam dayandırmasa da, ən azı təxirə salıb. Bu yaxınlaşma Rusiyanın Ermənistanla müttəfiqliyinə rəğmən, Dağlıq Qarabağ ətrafındakı bəzi rayonların Azərbaycana geri qaytarılmasına isti baxa biləcəyinə dair xəbər və şərhlərin yayılmasına səbəb olub. Dövlətlər arasında gedən qapalı danışıqlardan xəbərsiz olduğumuzdan bu xəbərlərin nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Lakin bir məqam aydındır ki, Ermənistanla yanaşı, hazırkı regional və qlobal konyukturun təsiri ilə Azərbaycan tərəfi da Rusiya faktorunu nəzərə almadan hərbi əməliyyatlara başlamaq riskinə getməz. Ermənistan Azərbaycanla uzunmüddətli müharibəyə girişmək üçün yetərli maliyyə və insan ehtiyatlarına malik deyil. İşğalçı ölkənin heç belə niyyəti də yoxdur, onların məqsədi əldə etdikləri üstünlüyün masada hüquqi təsbitinə nail olmaqdır”.
Azərbaycanın mövqeyinə gəldikdə, Ş.Cəfərli qeyd etdi ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində büdcə gəlirləri ciddi şəkildə azalan Azərbaycanın da sonu bəlli olmayan bir savaşa girəcəyi inandırıcı deyil: “Çünki müharibə ciddi maliyyə tələb edir və bu, Azərbaycanın valyuta ehtiyatlarının sürətlə əriməsi və ölkənin iqtisadi kollaps vəziyyətinə düşməsi ilə nəticələnə bilər. Hazırkı şəraitdə Azərbaycanın öz torpaqlarının bir hissəsini geri qaytarması -Dağlıq Qarabağ ətrafındakı bəzi rayonlardan söhbət gedir - yalnız Rusiyanın razılığı, əz azı göz yumması ilə mümkün ola bilər. Rusiya Ermənistana təzyiq göstərərək onun bəzi rayonları döyüşsüz boşaltmasını, yaxud da Azərbaycan ordusunun qısamüddətli əməliyyatı nəticəsində işğalçı ordunun ciddi müqavimət göstərmədən geri çəkilməsini təmin edə bilər”.
Cia.az
