|
NİDA rəhbərliyindən istefalara münasibət

İki gün ərzində təşkilatın rəhbərlərdən üçü istefa verib; təşkilatın qurultayı nə üçün baş tutmayıb? 

 

 
Turqut Qəmbər: “Üzeyir açıqlama vermək fikrində deyilsə...”

Ülvi Həsənli: “Münasibətlər gərginləşmişdi”
 
NİDA Vətəndaş Hərəkatı istefa dalğası ilə silkələnir. Qurumdan bir-birinin ardınca öndə olan isimlərin istefaları reallaşır. Təşkilatı tərk edən şəxslərdən ikisi Üzeyir Məmmədli və Şahin Novruzlu keçmiş vicdan məhbusu, Aygün Pəncəliyeva isə qurumun idarə heyətinin sabiq üzvüdür. 
 
İstefa verənlər vaxtilə NİDA-nı yaradan şəxslərin sırasında yer alırlar. Qurum üçün hər cür təzyiqlərə dözən bu şəxslərin qəfil gedişlərinə səbəb nədir? Bu sual hər kəsi düşündürür. Maraqlıdır ki, təşkilatı tərk edənlərin hər biri istefalarının səbəbləri ilə bağlı açıqlama vermək istəmirlər.
 
Əvvəlcə sentyabrın 30-da Üzeyir Məmmədli və Aygün Pəncəliyeva istefa verdi. Ü.Məmmədli qəfil gedişi ilə bağlı sosial şəbəkələrdə belə bir status paylaşdı: “Bu gündən təsisçilərindən biri olduğum NİDA Vətəndaş Hərəkatı sıralarını tərk edirəm. NİDA ilə çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəm. Heç bir suala da cavab verməyəcəm”.
 
A.Pəncəliyevanın özü ilə əlaqə saxladıq. O, istefa xəbərini təsdiqləyərək, əlavə fikir bildirmək istəmədiyini söylədi.
 
NİDA bu istefalardan özünə gəlməmiş, oktyabrın 1-də daha bir istefa xəbəri ilə sarsıldı. Bu dəfə Şahin Novruzlu facebook səhifəsində status paylaşaraq, təşkilatı tərk etdiyini açıqladı: “Bu gündən üzvü olduğum NİDA Vətəndaş Hərəkatını tərk eləyirəm. NİDA ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama vermək istəmirəm”.
 
NİDA-nın idarə heyətinin sabiq üzvü Turqut Qəmbər musavat.com-a açıqlamasında istefalarla bağlı bunları dedi: “Hazırda parlament seçkiləri ilə məşğuluq, imzatoplama işini yekunlaşdırmaq üzrəyik. Oktyabr ərzində də, fokuslandığımız əsas iş parlament seçkiləridir. Üzeyir Məmmədli öz statusunda bildirir ki, bu mövzuda hər hansı açıqlama vermək fikrində deyil. Üzeyir hər hansı açıqlama vermək fikrində deyilsə, bizə də düşməz”.
 
Qeyd edək ki, nə qədər susqun istefalar baş versə də, səbəb kimi, artıq bir sıra versiyalar meydana çıxıb. İstefalara səbəb kimi daxildə qruplaşmaların olduğu göstərilir. Bildirilir ki, sentyabrın 26-da keçirilməli olan NİDA-nın qurultayı məhz bu səbəblərdən baş tutmayıb. 
 
Təşkilat daxilində hazırda narazı tərəflərin olduğu deyilir. Ü.Məmmədli, Ş.Novruzlu və A.Pəncəliyevanın da məhz buna görə qurumu qəfil tərk etdikləri deyilir.
 
Vaxtilə NİDA-nın idarə heyətinin üzvü olan Ülvi Həsənli qaynar.info saytına istefalarla bağlı münasibət bildirərkən, qurum daxilində olan narazılıqları dolayısı ilə təsdiqləyib: “Hələlik dəqiq səbəbləri bilmirəm. Təşkilatdan bir neçə nəfər Üzeyirlə əlaqə saxlamaq istəyib, amma baş tutmayıb. Telefonlara cavab verməyib. Buna görə də, tam bir səbəb deməyim doğru çıxmaz. Bizim də başımız bu aralar parlament seçkisinə qarışıb. İmzaların yığılması, seçkiyə hazırlıq və s. Amma Üzeyirlə danışılıb, bu barədə söhbət ediləndən, səbəblərini deyəndən sonra dəqiq açıqlama verə bilərik. Qurultayı bəzi neqativ söhbətlərə görə təxirə saldıq. Təxirə salmaq ideyası da Elnur Astanbəylidən gəldi. Çünki, bəzi münasibətlər gərginləşmişdi. Biz də istəmədik ki, belə olan bir halda qurultay keçirək. Adətən, biz görmüşük ki, qurultay yüksək əhval-ruhiyyə ilə keçsin. Ona görə də düşündük ki, bir neçə günlük təxirə salaq. Düzü çox danışmaq istəmirəm, bu barədə... Amma şəxsi söhbətlər müstəvisinə qədər gəlib çıxmışdı, bu gərginlik... Ona görə də, fikirləşdik ki, münasibətləri həll edək, hər şey aydın olsun, bundan sonra seçki keçirilsin. İndi təşkilatdaxili münasibətlər qaydasındadır, gərginlik aradan qalxıb, problemlər həll olunub. Qurultayı da bu həftəsonu keçirəcəyik”.
 
İstefalara səbəb kimi daha bir versiya ortaya atılıb. İddia olunur ki, NİDA-nın daxilində siyasi partiyaların, xüsusilə də, AXCP və Milli Şuranın təsirinin hiss olunmasına etiraz edən qruplar yaranıb. Məhz o qrupların önündə qurumu tərk edən şəxslərin olduğu da deyilir. Bu səbəbdən də qarşıdakı günlərdə də NİDA-nı tərk edəcək şəxslərin ola biləcəyi istisna olunmur.
 
Sonda onu da xatırladaq ki, istefa verən şəxslərdən Üzeyir Məmmədli və Şahin Novruzlu 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümləri ilə bağlı keçirilən aksiyadan əvvəl və sonra digər NİDA rəhbərləri ilə birlikdə həbs olunublar. Ü.Məmmədli 7, Ş.Novruzlu isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər. 
 
Prezidentin əfv sərəncamı ilə ötən ilin oktyabrında Ş.Novruzlu, dekabrında isə Ü.Məmmədli azadlığa çıxıblar.
Cia.az