BMT Baş Məclisinin 70-ci yubiley sessiyasında Azərbaycanı təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda rəsmi və qeyri-rəsmi görüşlərini, müsahibə-açıqlamalarını davam etdirir. Görüş-təmaslarda əsas diqqət mərkəzində saxlanılan mövzular əsasən Qarabağ problemi və Ermənistanın işğalı, habelə regional təhlükəsizlik və inteqrasiya məsələləri, o sırada qonşu dövlətlərlə, ələlxüsus da Rusiya ilə münasibətlərlə bağlıdır.
“Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmir”.
Nazir bu sözləri “Sputnik” agentliyinə müsahibəsində bildirib. “Heç zaman heç zaman demə”, - deyə Azərbaycan XİN-in rəhbəri müvafiq suala cavab verərkən vurğulayıb və ölkəsinin Avrasiya bloku dövlətləri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini xatırladıb.
Yada salaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev vaxtilə Azərbaycan, İran, Hindistan və Monqolustanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini, Türkiyənin isə ittifaqla ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi.
“Putinin layihəsi” və ya “Putin İttifaqı” adlanan və SSRİ-ni yeni qiyafədə bərpa etməyə yönəlik Avrasiya İqtisadi Birliyi hazırda 5 ölkədən - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandan ibarətdir.

Lakin hələ ki bu qurum həm Rusiyanın beynəlxalq sanksiyalar səbəbindən üzləşdiyi ağır vəziyyət, həm də Ukrayna və Azərbaycan kimi vazkeçilməz regional oyunçuların, açar ölkələrin ondan uzaq durması səbəbindən “ölü doğulmuş” sayılır.
Ukraynanın məsələsi aydındır, ölkəmizə gəlincə, Bakının qeyri-rəsmi də olsa Kremlə qarşı əsas şərti çoxdan bəllidir - Dağlıq Qarabağ məsələsində köklü irəliləyiş, işğal altındakı rayonların boşaldılması. Hələ ki bu yöndə real nəticə yoxdur. Hərçənd son vaxtlar məsələdə müəyyən siyasi-diplomatik hərəkətlilik müşahidə edilir.
Hətta ortada Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması qarşılığında Azərbaycanda Rusiya hərbi bazasının qurulması və yaxud Dağlıq Qarabağa rus sülhməramlılarının yeridilməsinə dair ilkin anlaşmanın olması iddiaları mövcuddur. Rusiyalı ciddi analitiklərdən biri isə bu kontekstdə bir neçə gün qabaq sensasion fikir irəli sürüb ki, Moskva Suriyaya Qarabağdan yol açmaq istəyir və bu məqsədlə də 5 rayonun boşaldılması əvəzində Azərbaycan ərazisində bazalar yaratmaq niyyətindədir.

*****
Elmar Məmmədyarovun son açıqlaması məhz belə hərəkətlilik fonuna təsadüf eləməsi ilə maraq doğurur. Bu yerdə yada salmaq zərurəti var ki, cari ilin mayında o, Moskvada səfərdə olarkən də analoji fikir söyləyib. O zaman nazirin Moskva ziyarəti Azərbaycan hakimiyyətinin Rusiyaya reveransları ilə yanaşı, Kremlin özünə Bakının bəzi mesajlarının çatdırılması ilə diqqət çəkmişdi.
Belə ki, XİN başçısı səfər çərçivəsində “Rossiya 24" kanalına verdiyi müsahibəsində Azərbaycanın ya İqtisadi Birliyi ilə əməkdaşlığını istisna etmədiyini, lakin bunun müstəsna olaraq Qarabağ nizamlanmasından sonra mümkün olduğunu söyləmişdi. Sitat: ”Bir deyim var: “Heç vaxt heç vaxt demə”. Azərbaycan rəhbərliyi bu məsələdə öz xarici siyasət doktrinasını ölkənin milli maraqlarından çıxış edərək qurur".
O vaxt da eyni məsəli “Heç vaxt heç vaxt demə” xatırladan Məmmədyarov sözünə davam edərək bildirmişdi: “Orada (Avrasiya İqtisadi Birliyində - red.) Avropa Birliyi ilə assosiasiya sazişində olduğu kimi şərtlərdən biri azad ticarət zonası haqdadır. Avropa Birliyi ilə bu, mümkün deyil, çünki biz Beynəlxalq Ticarət Təşkilatının üzvü deyilik. Avrasiya İqtisadi Birliyinə gəlincə, burada Gömrük İttifaqı mühüm rol oynayır. Lakin Ermənistan tərəfindən torpaqlarımızın işğalı Gömrük İttifaqında bizim onunla birgə mövcudluğumuza imkan vermir. Əgər Ermənistan öz silahlı qüvvələrini ərazilərimizdən çıxarsa, o zaman sərhədlər açılar və situasiya normallaşarsa, Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlər yaranarsa, kim bilir sabah nə olacaq...”

Yəni rəsmi Bakı bununla əslində Avrasiya Birliyinə, Gömrük İttifaqına üzvlüklə bağlı Rusiya qarşısında əsas şərtinə, mesajına işarə vurmuşdu - “Öncə Qarabağ, sonra Avrasiya Birliyi!..”
*****
Göründüyü kimi, üstündən 4 ay ötsə də və Qarabağ məsələsində son hərəkətlilik istisna olmaqla, kardinal irəliləyiş qeydə alınmasa da, Bakı öz şərtində qalır və “Putin İttifaqı”na qoşulmağı hələ də mümkün hesab edir. Ola bilsin bu, Kremlə növbəti, bəlkə də sonuncu avansdır ki, o, Qarabağ məsələsində səylərini artırsın və praktik nəticə hasil olsun. Bakı-Qərb münasibətlərində yaşanan növbəti soyuqluq və gərginlik indi Kremli də, Bakını da bunda daha çox maraqlı edir. Situasiyanın mühüm özəlliklərindən biri də, zatən, budur.
Başqa sözlə, Avrasiya Birliyinə üzvlüklə bağlı Moskvaya yeni reveransla Bakı həm də Qərbə təhdid xarakterli bir anons (mesaj) yollamış olub. İstisna deyil ki, Azərbaycan iqtidarının qarşıdakı parlament seçkiləri ilə bağlı demokratik qüvvələrə yaratdığı ciddi əngəllər də Rusiyaya, Qərbə özünəməxsus bir mesajdır. Çünki hər necə olmasa, Avrasiya layihələrinə qoşulmaqla bağlı sazişlər son olaraq parlamentdə ratifikasiya edilməlidir. Aydındır ki, Moskva orada qərbyönlü, müstəqıl deputatların olmasını arzulamaz.
Cia.az
