Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”i qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazandı.
Matçdan sonra mətbuat konfransında iştirak edən Qurban Qurbanov bunları dedi: “Qələbə qazansaq da, rəqib zəif deyildi. Son vaxtlar bu cür komandaya qarşı oynamamışdıq. “Anderlext” hər bir komandaya qol vurmaq gücündədir. Uşaqlara “sağ ol” deyirəm. Azarkeşləri təbrik edirəm. Onlara sevinc hissi yaşada bildik. Həm də vacib 3 xal əldə etdik. Qrupdakı bütün rəqiblərimiz bir-birindən güclüdür. Qələbəyə görə şadam”.
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırdı:
- Şehiçə iradınız olacaqmı? Çünki çıxışlarında kobud səhvlərə yol verir.
- Bir insanın üzərinə çox gedəndə, potensialını itirə bilər. Şehiçin bəzi oyunlarda qələbə qazanmaqda böyük rolu oynayıb. Bizə 3 xal qazanmaqda böyük yardımı olub. Kimdə səhv olmur ki? Gəlin, bu suala bir də qayıtmayaq. Çünki qarşıda vacib oyunlarımız var, Şehiçə güvənmək lazımdır. Biz ona şərait yaratmalıyıq. Səhvlər olur və bu başadüşüləndi. Bu gün də ümumən pis oynamadı. Səhvlərinin üzərində işləyəcək.
- Diqqətimizi bir şey çəkdi. Hava topları zamanı 3 futbolçu irəlidə dayanırdı. “Anderlext”ə qarşı xüsusi hazırlığınız səbəbi nə idi?
- Rəqibin heyətində fiziki göstəriciləri üstün olan, hündürboy oyunçuları çox idi. Buna görə də, künc zərbəsi zamanı 3 oyunçunu irəlidə saxlayırdım. Ən real qol imkanlarını da standart vəziyyətdən sonra yaratdılar. Çox şükür ki, qol buraxmadıq. Amma bu futboldur. Ən hündürboy müdafiəçilərin də olsa, qol buraxa bilərsən.
- Meydançanın vəziyyəti ilə bağlı fikriniz necədir?
- Meydançaya, “Yanq Boyz”la oyundakından daha yaxşı idi. Ümumilikdə meydanın düzlüyü pis deyildi. Amma ikinci hissədə müəyyən problemlər oldu.

- “Qarabağ” rəqibə imkan vermədi, yoxsa rəqib Bakıya rahat gəlmişdi deyə, öz oyununu göstərə bilmədi?
- Biz ilk növbədə öz oyunumuzu göstərmək üçün rəqibin qarşısını almalıydıq. “Anderlext”in futbolçuları çox sürətli idilər. Pressinqi daha çox meydanın mərkəzində fikirləşmişdik. Futbolçularımız çox güc sərf etdilər. Rəqib ikinci hissədə daha çox hücum etdi. Bu, bir tərəfdən bizim xeyrimizə oldu. Uzun ötürmələrdən istifadə etməyə başladılar, xüsusilə Okakanı hücuma qoşurdular. Amma biz buna hazır idik. Belə balanslaşdırılmış komanda nadir hallarda olur. Dünən də demişdim ki, “Anderlext”də seleksiya işi yaxşı aparılır. Çox şükür ki, düşüncələrimiz tam olmasa da, həyata keçdi.

- Avroliqaya başlamamışdan öncə demişdiniz ki, hələ qrupdan çıxmaq barədə düşünmürsünüz. Bu qələbədən sonra iştah artdımı?
- Real baxmalıyıq. Bu gün qrupdakı rəqiblərimiz bizdən üstün və güclüdür. Amma istəyin hesabına uğurlar əldə etmək olar. Mən dəfələrlə demişəm ki, “Sent-Etyen”lə oyun ən yaxşı görüşlərimizdən biri olub. 90 dəqiqə mübarizə apardıq. Amma həmin görüşdə qalib gələ bilməmişdik. Bu gün isə oyunun 30-40 dəqiqəsində rəqiblə başabaş mübarizə apardıq. Lakin onların fiziki keyfiyyətləri çox üstündür. Əsas odu ki, biz işimizə düzgün yanaşaq.
- İkinci hissədə 5 müdafiəçili oyuna keçdiniz. Bunu əvvəlcədən planlaşdırmışdınız?
- Xeyr. İkinci hissədə rəqib əsasən uzun ötürmələrlə oynamağa başladı. Həmin zonada daha çox oyunçunun olması lazım oldu. Buna görə də, belə addım atdıq. Amma yenə də rəqibin qol imkanları oldu.
Q.Qurbanov sonda Avrokubokdakı digər təmsilçimiz "Qəbələ" klubuna da uğurlar arzuladı: "“Qəbələ”yə uğurlar arzulayıram. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacaqlar".
Cia.az
