Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) ölkədəki kredit ittifaqlarının maliyyə problemlərini həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyir.
Cia.az xəbər verir ki, bu barədə fins.az-a AKİA-nın İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi ictimai birliyin üzvü olan 50 kredit ittifaqından hazırda yalnız 10-12-si normal fəaliyyət göstərir: “Bunlar da əsasən Sahibkarlığa Kömək Milli Fondundan, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan, eləcə də banklardan vəsait cəlb edib işləyirlər. Amma bizim üçün daha sərfəli olan Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən vəsait götürməkdir. Çünki kredit ittifaqlarının əksəriyyəti aqrar sektorda fəaliyyət göstərir və ucuz pula ehtiyacları var. Dediyim qurumlarda isə vəsait nisbətən ağır şərtlərlə ayrılır”.
Ayaz Quliyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyindən maliyyələşmənin dayandırılmasına səbəb qurumun “İcracı kredit agentliyi” bank olmayan kredit təşkilatı (BOKT) ilə əməkdaşlıq etmək istəməməsidir: “Kredit ittifaqları birbaşa Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən pul cəlb etmirlər. Vasitəçi BOKT olmalıdır. İndiyə qədər bu BOKT “İcracı kredit agentliyi” idi. Amma indi nazirlik başqa BOKT seçmək istəyir, bu məsələ isə ləngiyir. Buna görə də, maliyyələşmə dayanıb”.
Onun sözlərinə görə, hazırda “İcracı kredit agentliyi”nin nazirliyə 7 milyon manata yaxın borcu var: “Bu BOKT-a 18 milyon manat ayrılmışdı. Həmin pulun 11,5 milyon manatı artıq geri qaytarılıb. Qalan məbləğ isə qalır. Buna görə də, “İcracı kredit agentliyi” ilə işləmək istəmirlər”.
Cia.az
