Öldürülən Habil Ədilovun işi ilə bağlı yalnız 81 yaşlı qonşusu tutulub; cinayətdə əli olan digər şəxslər istintaqdan niyə yayındırılır?
Ötən ay Hacıqabulda baş verən bir qətl hadisəsi haqda məlumat verilib. Məlumatda qeyd olunurdu ki, rayonun Kolanı kəndinin sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə öldürüb.
Şirəliyev həmkəndlisinə 3 güllə vurub. Xəbərdə o da qeyd olunurdu ki, qohumları hadisənin S. Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyini ehtimal ediblər. Eyni zamanda S.Şirəliyevin həbs edildiyi və Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açıldığı bildirilirdi.
Ancaq məlum olub ki, qətl hadisəsi heç də pul mübahisəsi üzərində baş verməyib və qonşular arasında münaqişənin uzun tarixçəsi olub, hadisədə əli olan digər şəxslər isə qəsdən istintaqdan yayındırılır. Belə ki, mərhumun yaxınlarının verdiyi məlumata görə, Şirəliyev yaxınlarının dəstəyi ilə bu cinayəti qabaqcadan planlaşdırıb, silah və sursat əldə edib. Cinayət baş verən gündən əvvəl 3 gün ərzində oğlu Cavanşirin evində yaşayıb, 8 avqust 2015-ci ildə, səhər saat 5.00-da isə silah-sursatını götürərək öz evinə gəlib və Habil Ədilov mal-qarasını örüşə ötürmək üçün tövlənin qapısından çıxarkən saat 07.25 radələrində onu qətlə yetirib.
Mərhum Habil Ədilovun yaxınlarının bildirdiyinə görə, H.Ədilov qətlə yetirilməmişdən iki ay əvvəl təxminən gecə saat 23-24 radələrində tövlədəki mal-qarasına baş çəkərkən S.Şirəliyevin həyətindən aralarındakı daş hasarın üzərindən tanımadığı şəxsin bağlarına atlandığını görüb, arxasınca qaçmasına baxmayaraq onu yaxalaya və kim olduğunu müəyyən edə bilməyib. H.Ədilov bir neçə gün sonra həmin hadisə barədə S.Şirəliyevə bildirib, S.Şirəliyev isə söhbətin gizli saxlanmasını ondan xahiş edib, özünün zəruri tədbir görəcəyini söyləyib.
Bundan sonra S.Şirəliyev bir neçə gün gecə vaxtı həmin şəxsi müəyyən etmək üçün güdüb, həqiqətən də gecə vaxtı həyətindəki hamamın sol tərəfində kimliyini dəqiqləşdirmədiyi şəxslərin görüşdüyünü bilib və söhbət edərək gülən zaman səslərini eşidib. Həmin vaxtdan sonra S.Şirəliyev məsələ ilə bağlı gəlini Fəridə Şirəliyevadan maraqlanıb, lakin sonuncu qızının gizlin olaraq həmyaşıdları ilə görüşdüyünü bilsə də, bunu qayınatasına bildirməməyə çalışıb. Bundan sonra Sərhəd Şirəliyev gəlini Fəridə Şirəliyeva ilə mübahisə edib, onu təhdid edərək öldürəcəyi ilə hədələyib.
Bu barədə Fəridə Şirəliyeva atası Əlişah Novruzova məlumat verib, sonuncu isə bu ilin mayında Sərhəd Şirəliyevə məxsus qanunsuz saxladığı ov tüfəngini başqa bəhanə ilə alaraq evinə aparıb. Bundan sonra Sərhəd Şirəliyev keçmişdən H.Ədilova qarşı kinini yada salmaqla, eyni zamanda ailəsi daxilində baş verən həmin hadisəni mərhumun adına bağlayaraq, həmçinin H.Ədilovun bildiyi məlum sirri ört-basdır etmək üçün onu öldürmək qərarına gəlib və bu barədə bir neçə dəfə oğlanları-Cavanşir və Cahangir Şirəliyevlərlə birlikdə müzakirə aparıb. Hadisədən 20 gün əvvəl isə böyük qardaşı Şirəliyev Məhbudun həyat yoldaşının ölümünün 40-cı gün mərasimində yaxınları ilə məsləhətləşib.
Mərhumun yaxınları bildirir ki, istintaq materiallarında qeyd olunur ki, qətldən dərhal sonra Sərhəd Şirəliyev Bakıda yaşayan qardaşına zəng edərək “öldürdüm” deyib, daha sonra isə Səbinə adlı nəvəsinə zəng edərək “babanla fəxr edə bilərsən” deyib. Bundan başqa, qətldən əvvəl Sərhəd Şirəliyev oğlanları - Cavanşir və Cahangir Şirəliyevlərlə birlikdə olub, kiçik oğlu Cahangir Şirəliyev isə hadisədən bir neçə gün əvvəl atasına məxsus, lakin qayınatasında olan ov tüfəngini gətirərək atasına verib, hətta ona 20 ədəd patron alıb. Maraqlıdır ki, qətldən üç gün əvvəl Cahangir Rusiyanın Yekaterinburq şəhərinə gedib.
O da məlum olub ki, ailələr arasında ədavət hələ çox illər əvvəl olub. Sərhəd Şirəliyev kənddə sakinlərlə problemi olan adam kimi tanınıb. 2002-ci ildə H.Ədilovun hasar çəkmək istəməsi Məhbud və Sərhəd Şirəliyev qardaşları ilə münaqişəyə səbəb olub. Yalnız H.Ədilovun polisə müraciətindən sonra qarşıdurma dayandırılıb.
Sonradan münasibətlər yaxşılaşsa da, ötən il Habil Ədilovun Sərhəd Şirəliyevin həyətinə gecə gizli şəkildə gələn şəxs barədə qonşusuna məlumat verməsi münasibətləri yenidən gərginləşdirib. S.Şirəliyev nəvəsinin gizli görüşməsi hadisəsinə görə Habil Ədilova qəzəbli olur. Qonşusunun ailəsindəki bu hadisəni bilməsindən qəzəblənən baba köhnə düşmənçiliyi yenidən xatırlayaraq qonşusunu qətlə yetirir.
Ancaq bu hadisənin ən pis tərəfi odur ki, S.Şirəliyevin Nərimanov Rayon Polis İdarəsində istintaq idarəsinin rəisi vəzifəsində çalışan qohumu qətl hadisəsində əli olan digər şəxsləri gizlətməyə çalışır. Bununla da əslində uzun müddət planlanan və soyuqqanlılıqla həyata keçirilən qətl hadisəsinin əsl günahkarlarının cəzadan yayınmasına səbəb olur.
Həm Sərhəd Şirəliyevin Bakıda yaşayan qardaşı, həm də qətl hadisəsi barədə məlumatlı olub, cinayətin planlanmasında iştirak edən oğlanları istintaqdan yayındırılır. Mərhum Habil Ədilovun yaxınları istintaqın yalnız qətli törədən Sərhəd Şirəliyevin saxlanılıb istintaqa cəlb olunması, digər iştirakçıların isə yayındırılmasından narahatdır.
Cia.az
