|
Ölkənin bank sisteminə təhlükə -

Ölkə bankları ciddi təhlükə ilə qarşı-qarşıyadır. Artıq banklar filiallarını bağlayır. Ekspertlər bildirirlər ki, kommersiya banklarının bəzisinin fəaliyyətində problemlər yaranıb. Əsas problemlərdən biri kimi isə maliyyə çatışmazlığı göstərilir. İstehlak kreditlərinin həcminin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən də bankların bəzisi xidmət şəbəkəsini mümkün qədər kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətindədir.


Son olaraq “Bank of Baku” ASC-nin Bakıda yerləşən 3 filialı fəaliyyətini dayandırıb. Bank məsələ ilə bağlı açıqlama yayıb. Bunlar Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,17 ünvanında yerləşən “28 May” filialı, Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllə ünvanında yerləşən “Babək” filialı və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “D” massivi, Günəşli küçəsində yerləşən “Yeni günəşli” filialıdır.

Məsələ ilə bağlı bankdan verilən rəsmi açıqlamaya görə, bu qərar filial şəbəkəsinin optimallaşdırılması siyasətinə uyğun qəbul olunub.
 
“Bank of Baku” ASC-nin səhmdarların qəbul olunmuş 3 illik “yeni persperktivlər” planı çərçivəsində bank dayanıqlı gəlirlilik və effektivliyi təmin etmək məqsədilə filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayıb. Optimizasiya prosesinə görə, müştəri axını az olan, bir-birinə yaxın olan, həcmi kiçik olan bir neçə filialın yaxınlıqda olan daha böyük filiallarla birləşdirilməsi qərarı verilib.

Məlumata əsasən, kiçik həcminə görə işçilərin sayı az olan və bu səbəbdən müştərilərə xidmət operativ aparılmadığına görə tez-tez müştərilərin narazılığına səbəb olan “28 May” filialı yaxınlıqda yerləşən S.Vurğun filialı ilə birləşdirilir.
 
Eyni zamanda avtokreditlərin verilməsinə fokuslanan “Babək” filialı bu kreditlərə azalan tələbatı nəzərə almaqla yaxınlıqda olan “Neftçilər” filialı ilə birləşdirilir.
 
Həmçinin pilot layihə olaraq yeni açılmış, nəqliyyat yolundan uzaq yerləşdiyinə görə müştəri axını az olan “Yeni Günəşli” filialı isə “Bakıxanov” filialı ilə birləşdiriləcək.
 
Məlumata əsasən, bu proses çərçivəsində həmin filialların müştərilərinə digər filiallarda xidmət olunacaq, həmin filialların əməkdaşları isə fəaliyyətini bankın digər filiallarında davam edəcəklər.
 
Hazırda təsdiq olunmuş 3 illik plana görə növbəti bir il ərzində daha bir filialın bu proses çərçivəsində birləşdirilməsi nəzərdə tutulur.
 
 
“Qeyd edək ki, 3 illik plan çərçivəsində filial şəbəkəsinin optimallaşdırılması ilə yanaşı, biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecmenti alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçid və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Əsas hədəf daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaqdır”, - deyə bankdan bildirilib. 
Bir müddət əvvəl “Bank Respublika”nın Goranboy şöbəsi fəaliyyətini dayandırıb. Bildirilir ki, Goranboy filialı Gəncə filialına birləşdirilib. Həmçinin “Unibank”ın Bakıdakı filiallarından biri fəaliyyətini dayandırıb. Bank bunun təmir işləri ilə əlaqədar olduğunu bildirir. Söhbət paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialdan gedir. Bankdan bildirirlər ki, təmir işləri nəticəsində filialın dizaynına dəyişiklik ediləcək. Hazırda həmin filialın müştərilərə müvəqqəti olaraq “Unibank”ın Həzi Aslanov filialında (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 144) xidmət göstərilir. Təmir işlərinin nə qədər davam edəcəyi dəqiq məlum deyil.
 
Azərbaycanda banklarla yanaşı, bank olmayan kredit təşkilatları (BOKT) da bəzi filiallarını bağlamaq barədə düşünür. Bunlardan biri “FINCA Azerbaijan”dır. Bildirilir ki, bu ilin fevral ayında baş vermiş devalvasiyadan sonra müştərilərin sayında azalma var. Buna görə də filialların yenidən qiymətləndirilməsi aparılır. Bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsi bağlana və gələcəkdə bu gün xidmət göstərilməyən digər rayonlarda yeni ofislər açıla bilər.
 
Ekspert Samir Əliyev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində bankların filial şəbəkələrinin azaldılması gözlənilən idi: “Neftin ucuzlaşması və ardınca devalvasiya bank sektorunu çətin vəziyyətə çalıb. Banklar hələ də özlərinə gələ bilmirlər. Zərər artıb, kapital azalıb, aktivlər pisləşib və sair.
 
Banklar devalvasiyadan sonra bir müddət ehtiyat vəsaitləri hesabına fəaliyyət göstərdilər. Amma kreditləşmənin məhdudlaşması onların gəlirlərini kəskin azaltdı. Üstəgəl, Mərkəzi Bankın kredit faizlərinə tavan tətbiq etməsi bankların işini daha da çətinləşdirdi. Ona görə də çıxış yolu xərclərin optimallaşdırılmasından keçirdi. Yəni banklar, o cümlədən bank olmayan kredit təşkilatları xərclərinin strukturuna yenidən baxmalı və maksimum dərəcədə ixtisarlar aparmalıdır. Bu optimallaşma isə filialların sayının azaldılmasından, işçilərin ixtisarından və ya əmək haqlarının azaldılmasından keçir".
 
Ekspertin sözlərinə görə, ona görə də payız aylarından başlayaraq bank sektorunda təmizləmə əməliyyatının başlaması qaçılmaz idi: “Artıq proqnozlar özünü doğruldur. Filialların birləşdirilərək azaldılması həyata keçirilir. Bir sıra banklarda ixtisarlar başlanıb və başlanmaq üzrədir. Həmçinin maaşların azaldılması prosesi də paralel gedir. Düşünürəm ixtisarlar ilin sonuna kimi davam edəcək. Sonrakı dövrdə dünyada və ölkədə baş verəcək proseslərdən asılı olaraq yeni situasiya yarana bilər.
 
Yəni neft uzun müddət bu həddə qalarsa və bir qədər də ucuzlaşarsa, ikinci kəskin devalvasiya olarsa, bank sektorunda ixtisarların güclənməsi qaçılmaz olacaq".
S.Əliyev vurğulayıb ki, istənilən halda, ilin sonuna kimi bazarı tərk edəcək banklar olacaq: “Növbəti devalvasiya isə onların sayını daha da artıra bilər”.
Cia.az