|
Müxalifətin seçki ittihamlarına YAP-dan cavab gəldi

Müxalif namizədlərin qeydiyyatına yaradılan maneələr demokratik düşərgənin səbir kasasını doldurub...

Parlament seçkiləri yaxınlaşdıqca müxalifət və iqtidar düşərgələrinin bir-birilərinə qarşı irəli sürdükləri ittihamlar artıb. Müxalifət namizədlərinin bir-birinin ardınca qeydə alınmaması demokratik düşərgənin səbir kasasını doldurub. YAP-ın ödənişsiz efir vaxtından imtina etməsi isə qarşı düşərgənin ittihamlarının daha da artmasına gətirib. İddialara görə, YAP əvvəlcədən seçkilərdə iştirak edən müxalif qurumlardan heç birinin 60-dan çox iddiaçısının qeydə alınmayacağını bildiyi üçün belə qərar verib. 
 
Namizədlərə, imza toplayan, imza verən şəxslərə təzyiq-təhdidlər, eləcə də son mərhələdə imza vərəqələrini dairə seçki komissiyalarına (DSK) təqdim edən iddiaçıların qeydə alınmaması müxalifətin ittihamlarını ağırlaşdırıb. 

Lakin YAP funksioneri Aydın Mirzəzadə səslənən ittihamlarla razılaşmır: “YAP digər partiyalar kimi, seçkilərdə iştirak edən qurumlardan biridir. Biz Seçki Məcəlləsi daxilində imkan verilən çərçivədə fəaliyyətimizi aparırıq. Hazırda namizədlərimizi irəli sürmüşük, onların qeydə alınması ilə məşğuluq. Seçki kampaniyasına hazırlaşırıq. Hesab edirəm ki, qeydə alınmayan namizədlərin günahını YAP-da görmək, sadəcə, hüququ bilməməkdən irəli gəlir. Seçkini YAP yox, MSK keçirir. Digər partiyalar kimi, biz də qələbə qazanmaq uğrunda mübarizə aparırıq. Kimlərinsə qeydə alınmamasından bu gün müxalifət piar kimi istifadə etməyə çalışır. Hər bir qeydə alınmayan namizədlə bağlı araşdırma aparılır. Maraqlanmaq lazımdır ki, doğrudan da imzalar saxtamı olub, yaxud müddət gözlənilməyib. Əgər onlar Seçki Məcəlləsini oxumuş olsaydılar, bilərdilər ki, dairənin qərarından şikayət etmək hüquqları var. Bizi ittiham etməkdənsə, MSK-ya müraciət etsinlər”.

YAP funksioneri imzatoplama kampaniyası ilə bağlı müxalifətin səsləndirdiyi fikirləri də əsassız adlandırdı:“Qeyd edirlər ki, insanlar qorxurlar imza verməkdən. Onların özləri o qədər həqiqətdən qaçırlar ki, insanlar imza vermək istəmirlər. İnsanlar onları öz namizədləri kimi görmək istəmirlər. Bu gün heç kəsin üzərində nə qadağa, nə də təzyiq var. Seçkiyə hazırlıq iki aylıq seçki müddətində olmur. Beş il ərzində seçkiyə hazırlaşmaq lazımdır. YAP olaraq, partiya daxilində üzvlərimizin sayını çoxaldırıq, gənclər, qadınlar, ziyalılarla işləyirik. Müxalifət partiyaları isə bunların heç birini etmir. Sadəcə, seçki müddətində ittihamlarının sayını artırırlar”.

A.Mirzəzadə ödənişsiz efir vaxtından imtina etmələrinə də aydınlıq gətirdi: “YAP böyüklük göstərərək bildirir ki, əgər digər partiyaların 60 namizədi qeydiyyatdan keçməsə, dövlətin ayırdığı pulsuz efir vaxtından imtina edəcək. Yəni YAP özünü digər partiyalarla eyni səviyyəyə qoyur. Bununla da, seçkidə iştirak edən digər qurumların heç birindən xüsusi olaraq, seçilmədiyini nümayiş etdirir. Namizədlərimiz və təbliğatımızla seçilmək istəyirik. Belə olan halda 60 nəfərin qabardılmasının heç bir əsası yoxdur. Əgər sosial bazaları varsa, insanlar onlara dəstək verirlərsə, buyursunlar, istədikləri qədər namizəd irəli sürsünlər. Amma bu gün müxalifət kifayət qədər parçalanıb. Müxalifət onsuz da kiçik olan sosial bazasını parçalayır. Sonra da özünü təmizə çıxarmaq üçün hakim partiyanı hədəf seçir. Seçki hər bir siyasi partiyanın real gücünü müəyyən edən prosesdir. Rəqiblərimizin bizi ittiham etməsi hesab edirəm ki, adımızdan istifadə edərək, özlərinə piar yaratmaqdan başqa bir şey deyil”.

Cia.az