|
Məzahir Pənahov namizədləri hədələdi

MSK sədri bəzi deputatlığa namizədlərin sosial şəbəkələrdə təşviqatla bağlı pozuntulara yol verdiklərini bildirib

 

 
Sentyabrın 29-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda MSK sədri Məzahir Pənahov məlumat verib ki, deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb. İndiyə qədər 427 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi “Azadlıq-2015" siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
 
Məzahir Pənahov bəzi deputatlığa namizədlərin sosial şəbəkələrdə təşviqatla bağlı pozuntulara yol verdiklərini də bildirib və bu cür pozuntulara yol verənlərə xəbərdarlıq edib. O qeyd edib ki, sosial şəbəkələr yeni bir reallıqdır. Ancaq bilmək olmur ki, həmin təşviqat materialını namizəd özü qoyub, yoxsa başqa birisi öz təşəbbüsü ilə sosial şəbəkədə təşviqat materialı yerləşdirib. Yaxşı olardı ki, namizəd özü sosial şəbəkədə çıxış edib, bununla bağlı mövqeyini ortaya qoysun, təkzib versin: “Namizədlər nəzərə almalıdır ki, təşviqat kampaniyası nəzərdə tutulmuş müddətdə başlayacaq. Xüsusən tanınmış insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Biz artıq bu məsələləri ictimaiyyətin müzakirəsinə çıxarmalıyıq. Çünki qəzetdə, televiziyada təşviqata yol veriləndə, biz bununla bağlı tədbir görürük. Ancaq sosial şəbəkələrlə bağlı qanunvericilikdə bu məsələ tənzimlənmir. On görə də məsələni ictimai müzakirəyə çıxarmalıyıq və namizədlər də bu məsələdə ehtiyatlı olmalıdırlar. Oktyabrın 9-dan tez təbliğat-təşviqat aparmaq qanunsuzluqdur. 

Artıq sosial şəbəkələrlə bağlı MSK-ya şikayət məzmunlu müraciətlər də daxil olub".
 
MSK-nın iclasında quruma daxil olan müraciətlərə də baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, 94 saylı Bərdə kənd seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Dadaş Əhməd müvafiq dairə seçki komissiyasının namizədliyini qeydə almaması ilə əlaqədar MSK-ya şikayət edib. MSK-nın işçi qrupu tərəfindən aparılan araşdırma zamanı təqdim edilən 550 imzadan 192-si etibarsız sayılıb. Məsələ səsverməyə çıxarılıb və MSK şikayəti əsassız sayıb.
 
MSK üzvü Ramiz İbrahimov 82 saylı Ağcabədi seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürən Rəşid Nəcəflinin namizədliyinin 82 saylı Ağcabədi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmamasından şikayət etdiyini nəzərə çatdırıb. Aparılan araşdırma zamanı 550 imza təqdim edildiyini, sonradan 224 nəfərin yazılı ərizə ilə dairə seçki komissiyasına ərizə verərək imzalarının Müsavat Partiyasının namizədi üçün alındığından xəbərsiz olduqlarını bildirdikləri üzə çıxıb. MSK-nın iclasında iştirak edən R. Nəcəfli deyib ki, ona imza verən 224 nəfər təzyiq və şantajla ərizə yazaraq imzalarını geri götürüb. MSK sədri Məzahir Pənahov imza verən şəxslərin imzalarını geri götürməsindən sonra MSK-nın atacağı bir addımın olmadığını söyləyib. MSK 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb, R.Nəcəflinin şikayətini təmin etməyib. 

MSK üzvü Qabil Orucov 61 saylı Neftçala seçki dairəsindən namizədliyi irəli sürülən Kamran Əsədovun müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət etdiyini bildirib. MSK şikayəti əsassız sayıb.
 
MSK üzvü Bəxşeyiş Əsgərov 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyi irəli sürülən Tural Süleymanovun namizədliyinin  74 saylı Lənkəran Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmadığını nəzərə çatdırıb. MSK-nın işçi qrupunun apardığı araşdırma zamanı T. Süleymanov üçün imza toplayan şəxslərin namizəd üçün yox, kəndə yol çəkdirmək adı altında imza topladıqları üzə çıxıb. MSK T. Süleymanovun şikayətini əsassız sayıb.
Cia.az