“Azadlıq-2015" Siyasi Partiyalar Blokunun Mərkəzi Seçki Qərargahı dünən açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, blok Milli Məclisə seçkilərdə 70 seçki dairəsi üzrə namizədlər təqdim edib. Namizədlərin əksəriyyəti imza vərəqə götürüb, dairələrin çoxunda imza vərəqələri DSK-lara təqdim olunub. 9 saylı Binəqədi ikinci seçki dairəsindən Musayev Elşad Nəbi oğlu (Böyük Azərbaycan Partiyası), 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Bağırov Rəyasət Məmmədağa oğlu (Klassik Xalq Cəbhəsi Partiyası) seçki komissiyaları tərəfindən qeydə alınıb.
Açıqlamada sonra qeyd olunur ki, yerlərdə icra hakimiyyət, strukturları namizədlərin verilməsinə, imzaların toplanmasına maneçilik törədir, namizədlərə və namizədlərin yaxınlarına müxtəlif üsullarla təzyiq edirlər: ”Dairə seçki komissiyaları, süründürməçilik yaradır, bəzi komissiya sədrləri sənədləri qəbul etməmək üçün qaçıb gizlənir, namizədlərdən qanunda tələb edilməyən sənədlər tələb edirlər".
Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin isə hamısı dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bununla da Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb. Hələlik başqa heç bir partiya və blok bu hüququ qazana bilməyib. YAP tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. 8 dairədən isə hakim partiya namizəd irəli sürməyib.
Müsavat Partiyasının isə namizədlərinin əksəriyyətinə DSK-larda problemlər yaradıldığı partiyanın verdiyi bəyanatda deyilir. Müsavatın Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlının verdiyi məlumata görə, 29 sentyabr saat 14-ə qədər Müsavatın cəmi 3 namizədi DSK-lar tərəfindən rəsmi namizəd olaraq qeydə alınıb. Beş namizədin isə qeydə alınmasından imtina olunub. Təqribən 25 dairədən sənədlər artıq təqdim edilib.
Deputatlığa namizədliyini irəli sürmüş ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlərlə də bağlı DSK-lar qərar verməkdədirlər.
MSK-nın saytında adlar yerləşdirilib. Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Seçkiyə bitərəf olaraq qatılan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb.
Qeyd edək ki, Zeynəb Xanlarova 1995, 2000, 2005 və 2010-cu il deputat seçkilərində iştirak edərək qalib olub.
9 saylı Binəqədi 2-ci seçki dairəsindən namizədliyini irəli sürən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının da namizədliyi qeydə alınıb.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun isə namizədliyi yenidən hazırda deputatı olduğu 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində rəsmən qeydə alınıb.
Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası isə oktyabrın 9-da başlayacaq. Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin seçiciləri ilə görüşü üçün qapalı yerlər artıq müəyyənləşdirilib. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib. Yerlərin siyahısı MSK-nın saytında yerləşdirilib.
Cia.az
