|
Parlamentin köhnə tərkibinin son sessiyası çağırıldı
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası ilk plenar iclasla öz işinə başlayır. Parlamentdən verilən məlumata görə, ilk islasın gündəliyinə 39 məsələnin müzakirəsi daxil edilib. İclasda müzakirə olunacaq məsələlər sırasına parlamentin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət, Torpaq, Mülki və İnzibati, Xətalar Məcəllələrinə, eləcə də “Diplomatik xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Torpaq bazarı”, “Torpaq islahatı”, “Yeyinti məhsulları haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və daha bir neçə qanuna dəyişikliklər edilməsi daxildir. 
 
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Yeni Müsavat”a bildirdi ki, bu, parlamentin hazırkı tərkibinin - Milli Məclisin IV çağırışının sonuncu sessiyasıdır. 2016-cı ilin büdcə müzakirələrini köhnə, yoxsa yeni tərkibin müzakirə edəcəyinə gəldikdə, A.Təvəkküloğlu qeyd etdi ki, 2 oktyabrdan etibarən Milli Məclisin İqtisadi və Sosial siyasət komitələri büdcə müzakirələrinə başlayacaq. Növbəti plenar iclas isə 13 oktyabra nəzərdə tutulub, əgər komitə iclasları yekunlaşarsa, o halda büdcə müzakirələrini hazırkı tərkib keçirə bilər. 
Cia.az