Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevin adı ətrafında yaranan ajiotaj səngisə də, elçi ilə bağlı müəmmalara tam aydınlıq gətirilmədi. Azərbaycanın Xarici İşlər Nazirliyinin də bu faktın üstündən sükutla keçməsi müəmmaları artırdı.
Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında keçmiş nümayəndəsi Arif Məmmədov, Avstraliyadakı səfirliyimizin üçüncü katibi Anar Həsənov və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Cəfərovun adı ətrafında baş verənlər, gündəmi zəbt edən “diplomatik qalmaqallar”ın ardınca İspaniyadakı səfirimizin də öz postunu tərk etməkdən imtinası xəbərinin yayılması ciddi müzakirələrə səbəb oldu.
Xatırladaq ki, Altay Əfəndiyevin səfir səlahiyyətlərinin 4 ay əvvəl bitdiyi və onun geri çağırıldığı, lakin elçinin yenə də İspaniyada Azərbaycanın səfiri kimi fəaliyyət göstərdiyi iddiaları var. Üstəlik, bəzi mənbələr Altay Əfəndiyevin səfirliyi “ailə təsərrüfatına çevirdiyini” iddia edib. Bildirilib ki, səfirliyin vur-tut beş əməkdaşı var. Onlar da hamısı bir-biri ilə qohumdur. Düzdür, A.Əfəndiyev qısa da olsa, barəsində mətbuatda yazılanlara reaksiya verib. Həmçinin onunla qohumluq əlaqələrinə malik şəxslərin səfirlikdə çalışmasını təkzib edib. O əlavə edib ki, həmin şəxslər Xarici İşlər Nazirliyinin işçiləridir. İspaniyadakı səfirin ətrafında nə baş verir, sualına geniş şəkildə aydınlıq gətirmək üçün elçiyə telefon açdıq.
- Altay müəllim, sizin İspaniyadakı səfirlikdən geri çağırıldığınız, lakin Bakıya dönməkdən imtina etdiyiniz barədə xəbərlərə münasibətinizi bilmək istərdim. “Yeni Müsavat”ın oxucularına şəxsinizlə bağlı məlumatlar haqda nə deyə bilərsiniz?
- Mən digər mənbələrdə bu məsələni şərh eləmişəm. Sizə bir daha təkrar edirəm, mən qanuna, nizam-intizama riayət edən, məsuliyyətli bir insanam və əgər belə bir şey olsaydı, mən təbii ki, ya geri qayıdacaqdım, ya da... Hazırda mən öz fəaliyyətimi davam etdirirəm. Əgər mənimlə bağlı prezident sərəncamı olubsa da, onun əsasında mənə hansısa bir təlimat, ya başqa bir şey gəlməyib. Mən özüm də araşdırma apardım. Əsas mənbə prezident saytıdır, sənədlər orda dərc olunur. Ancaq mənimlə bağlı orda belə bir sərəncam yoxdur. İndi mən uzaqdayam, Madriddəyəm. Orda nə baş verib, mən bunu bilmirəm. Çox güman ki, burada texniki, ya növbəti bir səhv olub. Başqa bir şey ola bilməz. Çünki əgər mayda sərəncam çıxıbsa, mən indiyə qədər niyə burda oturmuşam? Mənimlə bağlı hər hansı qalmaqalın olmasından yazırlar, bunların heç biri həqiqətəuyğun deyil. Mən bilmirəm bütün bunları kim, nə məqsədlə yazır.
- Amma prezident sərəncamının rəsmi qəzetdə dərc olunduğu deyilir. Olmayan bir sərəncam niyə dərc olunsun axı?
- Onu bilmirəm. Rəsmi qəzetlərdə varsa, onda Prezident Administrasiyasına zəng edin, cavabını istəyin. Çünki mənə nazirlikdən nə bir xəbər, nə təlimat gəlib. Dedilər öz fəaliyyətinə davam et!
- Belə bir məsələ başqa bir vaxt baş versəydi, yəqin bu qədər rezonans doğurmazdı. Amma Arif Məmmədov və digər diplomatlarla bağlı baş verənlərlə eyni vaxta təsadüf etməsi sizə diqqəti artırdı. Bunun fərqindəsinizmi?
|
Altay Əfəndiyev: “Çox güman ki, bu yaxınlarda məni geri çağırmaqla bağlı sərəncam olacaq” |
- Hər halda, nazirliyə (XİN-i nəzərdə tutur-E.P.) qarşı çox xoşagəlmız, haqsız-ədalətsiz kampaniya aparılır. Arif Məmmədovun məsələsini şərh etmək istəmirəm. Amma məsələyə məsuliyyətlə yanaşmağınızı xahiş edirəm. Hansısa bir sarı mətbuatda yazılanları yoxladıqdan sonra bu barədə nəsə yazmaq lazımdır. Burda ölkənin, diplomatların, dövlət məmurlarının nüfuzundan söhbət gedir. Bir ölkənin nazirliyinin adını belə əsassız məsələlərdə hallandırmaq düzgün deyil.
- Yəqin Arif Məmmədovla tanışlığınız var, onun ətrafında nə baş verdi - sualına cavabınız varmı?
- Doğrusu, bunu bilmirəm. Amma bu məsələni pisləyirəm. Diplomat belə nalayiq hərəkətlərə yol verməməlidir. Diplomatiya əsgərlik kimi bir şeydir, xüsusi nizam-intizam tələb edən fəaliyyətdir. Əgər sən narazısansa, çıx get və nə ilə məşğul olmaq istəyirsənsə, ol. Amma burda nə baş verib, doğrusu, bilmirəm. İstənilən halda belə hərəkətləri qəbul etmirəm. Hər bir kollektivdə nəsə ola bilər. Amma bu məsələləri mətbuata çıxartmaq nə dərəcədə düzgündür, mən bunu deyə bilmərəm. Mətbuat da belə sensasiyalar axtarır. Mənim məsələmdə isə heç bir şey yoxdur, bunu siyasiləşdirməyə qətiyyən əsas yoxdur.
- Altay müəllim, nə qədər vaxtdır diplomatik fəaliyyətlə məşğulsunuz?
- Mən 23 ildir diplomatiya sahəsində işləyirəm, böyük stajım, öz adım, hörmətim var. Məni belə bir müzakirə obyektinə çevirmək çox xoşagəlməzdir. Yəqin ki, öz tərəfimdən hansısa tədbirlərə əl atacağam. Amma təbii ki, rəhbərliklə razılaşdırandan sonra hər hansı bir hərəkət edəcəyəm.
- İspaniyada neçə ildir səfir kimi çalışırsınız?
- 2010-cu ildən fəaliyyətdəyəm.
- Yəni rotasiya vaxtınızdır?
- Əslində rotasiya vaxtıdır. Bir neçə səfirin rotasiya vaxtıdır. Qanuna görə, biz 5 il fəaliyyət göstəririk. Amma vaxtı uzatmaq, yaxud vaxtından tez çağırmaq prezidentin səlahiyyətindədir. Mənimlə bağlı digər bir məsələ də var: may ayında GUAM Nazirlər Şurasının qərarı ilə qurumun baş katibi seçilmişəm. Yanvarın 1-dən mən yeni vəzifəyə başlayacağam. O vaxta qədər, çox güman ki, bu yaxınlarda məni geri çağırmaqla bağlı sərəncam olacaq və yaxud bir xəbər eşidəcəksiniz.
- Demək, may ayında siz bu vəzifəyə təyin olunubsuz. Elə həmin ayda da prezidentin sizinlə bağlı sərəncam verdiyi bildirilir. Ola bilərmi ki, sərəncam olub, sadəcə, sonradan onun icrası yüksək səviyyədə təxirə salınıb?
- O ola bilər. Mən bilmirəm, bəlkə orda texniki, ya bürokratik hansısa səhv olub, bunu başqa mənbələrdən araşdıra bilərsiniz. Bu məsələyə digər qurumlar düzgün izahat verə bilər.
- Sizin Azərbaycana qayıtmaq niyyətində olmadığınız haqda iddiaların necə, əsası varmı?
- Qətiyyən. (Üç dəfə təkrar edir-E.P.)
- Səfir vəzifəsindən sonra hansı fəaliyyətlə məşğul olmaq niyyətindəsiniz? Hansısa planınız varmı?
- Elə bir planım yoxdur. Mən diplomatam. Digər tərəfdən, bir neçə ölkə baş katib vəzifəsini mənə etibar edib. Bilmirəm bu vəzifədə 5, ya 6 il qalacağam. Ondan sonra təbii ki, nazirliyin daxili sərəncamında olacağam.
- Diplomatlarımız ətrafında baş verənlər bir sıra hallarda Azərbaycana qarşı Qərbdən gələn təzyiqlərlə əlaqələndirilir. Bu barədə nə demək olar?
- Bizim yerli mətbuat yazır belə şeyləri. Heç bir təzyiq yoxdur. Hər halda, Azərbaycanla İspaniya arasında çox gözəl münasibətlər var və hər hansı təzyiq hiss olunmur.
- Yeri gəlmişkən, İspaniyanın Kataloniya bölgəsinin müstəqillik istəyi, son bazar keçirilən referendum separatçı Qarabağ erməniləri üçün presedent rolunu oynaya birləmi?
- Xeyr. Katalonlar da bizim məsələni çox gözəl başa düşürlər və bilirlər ki, burada nə paralel, nə müqayisə aparmaq düzgün deyil. Burada bəzi radikal solçu qüvvələr var, onlar da azlıqdadırlar. Millətçi-separatçı qüvvələr də gözəl başa düşürlər ki, Qarabağda hərbi güc vasitəsilə vəziyyət dəyişib və burada nə referendum, nə də başqa bir şey keçirilə bilməz.
- Belə demək mümkündürmü ki, İspaniya artıq parçalanmaq üzrədir?
- Yox, hələ belə bir şey yoxdur. Çox güman ki, dialoq vasitəsilə məsələ həll olunacaq. Separatçılar parlamentdə qalib oldular, ancaq referendumda 47,8 faiz səs aldılar. Rəsmi rəqəmlər isə oktyabrın 4-də elan olunacaq. İnanmıram ki, ciddi dəyişikliklər olsun...
Cia.az
