|
Hakimiyyətin Rusiyaya meyllənməsinə müxalifət nə deyir...
on dövrlər Azərbaycanın Qərbə münasibətlərinin xüsusilə kəskinləşməsi fonunda Rusiyaya daha da yaxınlıq hiss olunmaqdadır. Ekspertlər bundan narahatlıqlarını bildirir və prosesin ölkənin mənafeyinin ziddinə getdiyini vurğulayırlar. Ölkənin Qərbdən üz çevirib, Rusiyaya meyllənməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Əsas tezis kimi ölkənin yenidən Rusiya boyunduruğuna sürükləndiyi açıq-aşkar vurğulanır. Bəs qərbyönümlü ölkə müxalifəti ölkənin Qərbdən Rusiyaya tərəf yön almasını necə qiymətləndirir? Buna etirazlar varmı? 
 
ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, bu dəfə olmasa da, dəfələrlə partiya olaraq narazılıqlarını bildiriblər: “Narazılığımızı bildirmişik, Azərbaycanın Qərb dəyərlərindən uzaqlaşıb, paralel olaraq Rusiya ilə yaxınlaşmasını ölkəmiz üçün ciddi təhlükə hesab edirik. Bundan narahat olduğumuzu dəfələrlə ifadə etmişik. Hesab edirəm ki, bu narahatçılıq bu gün də davam edir.  Azərbaycan hakimiyyəti özünə qərbpərəst bir kurs götürdüyünü, daha doğrusu, demokratiyaya doğru bir kurs götürdüyünü iddia edir. Avropa İttifaqına, Avropa birliklərinə inteqrasiyanı əsas məqsəd kimi elan etsə də, əslində siyasi kursu, strategiyası regionda daha çox Azərbaycana basqı edən Rusiyanın tələblərini yerinə yetirmək olub. Bu, təbii ki, səhvdir. Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq şərti ilə regionda Rusiyanın da, İranın da qarşısında taktiki gedişlər edə bilər. Amma strategiyası Qərbin demokratik dəyərlərinə inteqrasiya siyasəti olmalıdır. Prosesdən heç bir halda çəkilməməlidir. Əks halda, müstəqillik kifayət qədər böyük təhlükə ilə üz-üzə gələ bilər. ADP hətta Azərbaycanın NATO-ya çox ciddi inteqrasiyasının tərəfdarı kimi çıxış edirdi. Bu gün də biz həmin fikrimizdə qalırıq ki, Azərbaycan Qərbdən də regionda təhlükəsizlik üçün ciddi dəstək almağa nail olmalıdır. Özünü həqiqətən də Qərb dəyərlərini bölüşən bir dövlət kimi aparmalıdır. Amma biz bunun əksinin şahidi oluruq. Biz narahatıq və dəfələrlə bəyanat verdik. Elə hesab edirik ki, Azərbaycanın Avrasiya İttifaqına sürüklənməsi durdurulmasa, Azərbaycan xalqının çox ciddi etirazları olacaq”. 
 
KXCP sədrinin müavini Xəzər Teyyublu isə qeyd edib ki, Rusiyaya yönlənmə hələ ki ciddi şəkildə deyil:“Hələ ki Azərbaycan Qərblə bağlı kursunu davam etdirir. Hər halda, Azərbaycanın dövlət müstəqilliyi uğrunda xalq on minlərlə şəhid verib. Böyük bir Azərbaycan xalq hərəkatı olub. Hər halda, dövlətimiz 70 il Rusiya imperiyasından sonra öz dövlətini bərpa edib və onu qorumaq əzmi var, gücü var. Hazırkı siyasət hələ tam demək deyil ki, Azərbaycan siyasi kursu Rusiyaya müəyyənləşdirmək istiqamətinə yönəldib. Amma bunun işartıları var. Hesab edirəm ki, bu, arzu edənlərin gözündə qalacaq. Çünki xalqın mübarizəsini, təzyiqini görə bilərlər. Bu məsələlər o qədər də asan deyil. Hər halda, Azərbaycanın gələcəyini Rusiya ilə bağlamaq istəyən adamlar nəhayət başa düşəcəklər ki, bu gün Rusiyanın özünü xilas etmək lazımdır, nəinki bu məsələlərdə ona dəstək vermək, Gömrük İttifaqında təmsil olunmaq”.

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə isə qeyd edib ki, rusiyayönümlü xətt son dövrlər deyil, iki ildir ki, hiss olunur: “Biz buna dəfələrlə etirazımızı bildirmişik. Ümid Partiyası olaraq bəyanatlar da vermişik. Hətta ”Qarabağ" blokunda bu məsələlər geniş müzakirə olunub. Hər dəfə də hökumətə təkliflərimizi vermişik. Qərb institutları ilə münasibətlərin yaxşılaşdırılması, hər dəfə Avropa Şurasında, ATƏT-də və digər beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul olunan qətnamələri, sadəcə olaraq, bir kağız parçası kimi qiymətləndirməyin əleyhinə olmuşuq. Bu tənqidlərdən nəticə çıxarmağı və Azərbaycan üçün ölkənin inkişafı, demokratikləşməsi üçün ən yaxşı müttəfiqin Avropa ölkələri, Qərb olduğunu bildirmişik. Bu gün də biz bu qənaətdəyik. Hesab edirik ki, Rusiya heç vaxt Azərbaycanın inkişafında maraqlı deyil və Dağlıq Qarabağ probleminin yaranmasında, kənar torpaqların da işğal olunmasında Rusiyanın Ermənistana birbaşa dəstəyi var. Bu dəstək həmişə davam edir. Rusiya Qafqazda öz maraqlarını qorumaq üçün Azərbaycandan istifadə edir. Ona görə Rusiyadan dost olmaz. Üzümüz Qərbə doğru olmalıdır. Hökumət ölkəsinin rifahı üçün Qərb institutları və dövlətləri ilə qarşılıqlı istiqamətində siyasəti gücləndirməlidir". 
Müsavat başqanının müavini Elman Fəttah isə deyib ki, Müsavat Avroointeqrasiya məsələsində xüsusilə həssasdır: “Dəfələrlə bu məsələlərə partiya səviyyəsində münasibət olub. Partiya başqanının müsahibələrində, açıqlamalarında bu məsələ xüsusilə vurğulanıb. Hətta Riqa sammiti vaxtında geniş bəyanatla çıxış edərək, sammitdə Azərbaycanın çox əhəmiyyətsiz şəxs şəklində təmsil olunmasını pisləmişdik. Ölkənin bu sammitdə birinci şəxs qismində təmsil olunmamasını Azərbaycanın Rusiyanın boyunduruğuna sürüklənməməsi kimi dəyərləndirmişdik. Mən özüm də bir yazı ilə mətbuatda çıxış edərək prosesə münasibət bildirmişəm”.
 
Onun sözlərinə görə, bütövlükdə Avropa ilə münasibətlərin kəsilməsi Konstitusiya aktı ilə ziddiyyət təşkil edir: “1918-ci ildə elan olunmuş Azərbaycan Cümhuriyyətinin İstiqlal bəyannaməsində, 1991-ci ildə bərpa olunmuş müsbəqilliyin Konstitusiya Aktında Azərbaycanın inkişaf modelinin qərbyönümlü olduğu bildirilib. Biz bir müddət əvvəl bir dəyirmi masa da keçirib bu məsələni müzakirə etmişik. Yekun bundan ibarətdir ki, Azərbaycan Cümhuriyyətinin 1918-ci ildəki istiqlal bəyannaməsində dövlətin quruluş fəlsəfəsi, 91-ci ildə də Konstuitusiya Aktı Qərbə inteqrasiyanı Azərbaycanın strateji seçimi kimi əsas götürüb”.
Cia.az