Bu mükafat ölkənin kənd təsərrüfatına xarici sərmayədarların marağını artırır
Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi Azərbaycanı və prezident İlham Əliyevi Cənub-Cənub mükafatı ilə təltif edib. Azərbaycan prezidentinin adından xarici işlər naziri Elmar Məmmədyarov mükafatı Nyu-Yorkda BMT-nin mənzil qərargahında qəbul eləyib.
Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.
Sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir. Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb. Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin şəxsi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub.
Ekspertlər bildirirlər ki, Cənub-Cənub mükafatının bundan əvvəlki illərdə verildiyi ölkələr üçün bu mükafat sonrakı illərdə üstünlüklər yaradıb. Belə ki, bu mükafat verildiyi ölkələrin kənd təsərrüfatına xarici sərmayədarların marağını artırıb. Kənd təsərrüfatına investisiya qoyulmalarına və beləliklə də sözügedən sahədə ciddi inkişafa təkan verib.
Cia.az
