ABŞ-ın ölkəmizdəki sabiq səfiri öz tənqidləri ilə yenidən gündəmə gəlib; Qabil Hüseynli: “O, 1993-95-ci illərin Azərbaycanında ilişib qalıb...”
Azərbaycan hakimiyyəti ilə Qərb arasında başlayan və günlərlə davam edən söz savaşı səngimək bilmir. Avropa Parlamentinin məlum qətnaməsi və ATƏT-in ölkəmizdəki parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi narazılıqların davam etməsinə səbəb olub. Hər iki tərəf qarışıqlı ittihamlar səsləndirir.
Son olaraq, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin “Amerikanın səsi”nə müsahibəsində ölkə iqtidarı barəsində səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Kozlariç açıq şəkildə bəyan edib ki, Azərbaycan özünü Avropadan uzaqlaşdırır: “Azərbaycandakı hazırkı rejim özünü müxtəlif vasitələrlə Avropadan uzaqlaşdırmaq yolunu seçib. Buraya iki il əvvəl qəbul olunmuş qonşuluq siyasəti və Avropa ilə daha yaxın əlaqələrin qurulmamasına dair qərar, eləcə də prezidentin Avropa təşkilatlarından çıxmaq məramı daxildir. Yaxşı ki, Avropa Parlamenti etiraz səsini ucaltdı, ancaq hökumətin buna reaksiyası təəssüfedicidir. Çünki bu, yalnız fikir ayrılığı və məsafə yaradır”. Sabiq səfir açıqlamasında Azərbaycandakı siyasi məhbus məsələsinə də toxunaraq, onların azad olunmasının vacibliyini vurğulayıb.
Bəzi ekspertlər hesab edirlər ki, keçmiş diplomat bu fikirləri ilə Azərbaycan hakimiyyətinə və cəmiyyətinə özünün timsalında Qərbin mesajlarını çatdırıb. Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirdi ki, Kozlariç zaman-zaman Azərbaycana qarşı həqiqətlərə uyğun olmayan fikirlər səsləndirir: “Mən Kozlariçi yaxından tanıyan adamam. O, evimdə də olub. Onun baxışlarına dərindən bələdəm. Vaxtilə dövlət müşaviri işləyəndə onunla mütəmadi əlaqələrim olub. O vaxtlar onun Azərbaycana böyük sevgisinin şahidi idim. Amma son vaxtlar Kozlariçin mütəmadi surətdə Azərbaycanı tənqid etməsi, müxtəlif məsləhətlər verməyə çalışması heç də ürəyimcə deyil. Çünki bu şəxs ABŞ-da bəzi insan haqları təşkilatları ilə əlaqə quraraq, Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Məncə, o, Azərbaycanın problemlərini yaxşı bilməlidir, bilir də. Ölkəmizin Dağlıq Qarabağ kimi ağır probleminin olmasından xəbərsiz deyil. Ermənistan tərəfdən Azərbaycana təcavüz olunub. Nəticədə 1 milyondan artıq qaçqın doğma yerlərindən didərgin düşüb. Hakimiyyətin əsas səyləri qismən də olsa, bu fəlakətin nəticələrini aradan qaldırmağa yönəlib.

Bu yolda Azərbaycanın demokratik sahədə müəyyən əskikləri ola bilər. Amma ölkəmizdə bir sıra sahələrdə olan inkişafı danmaq olmaz. Ermənistanla müqayisədə, bütün sahələrdə Azərbaycan üstün olduğu halda, nədənsə tənqid hədəfi seçilməsi başa düşülən deyil. Özü də ölkəni tanıyan Kozlariç kimi biri tərəfindən bu cür fikirlərin irəli sürülməsi ürəkaçan deyil. Bütün bunlar onu göstərir ki, Kozlariç 1993-95-ci illərin Azərbaycanında ilişib qalıb. Biz də istəməzdik ki, insanlar günahsız yerə həbsdə olsunlar. Amma Azərbaycanda mütəmadi olaraq, verilən əfv sərəncamları bu sahədə olan nöqsanları aradan qaldırmağa imkan verir. Düşünürəm ki, Azərbaycan hökumətini demokratiyaya sövq etməklə, müəyyən nəticələr qazanmaq olar. Amma Azərbaycanla diktə və təhdid dili ilə danışmaq müstəqil ölkənin prinsiplərinə ziddir”.
Politoloq sabiq səfirin Azərbaycana gəlməsinin vacibliyini vurğuladı: “Yaxşı olardı ki, Kozlariç bir dəfə Azərbaycana gəlsin. Buradakı gerçəklikləri görsün. Onun səfir olduğu zamanlara nisbətən Azərbaycanın nə qədər irəli getdiyinin şahidi olsun. Eyni zamanda mətbuat və QHT-lərlə görüşsün. Zənnimcə, bunlar onun arzularının reallaşmasına müəyyən töhfələr verərdi. Vaşinqtonda oturub, Azərbaycandakı gerçəklikləri söyləmək, hətta sanksiyalara çağırış etmək irəliyə doğru addım ola bilməz”.
Q.Hüseynli sabiq səfirin Azərbaycana olan mənfi münasibətinin arxasında duran həqiqətlərə də toxundu:“O, milliyyətcə serbdir. Amma ABŞ-da doğulub, oranın vətəndaşıdır. ABŞ orqanlarında xidmət keçib. İnsan qocaldıqca, daha mühafizəkar olur. Əgər Azərbaycana gəlsə, əminəm ki, yaşlı Kozlariç gənc Kozlariçin Azərbaycana olan sevgisi qədər dəyişmək məcburiyyətində qalacaq. Onu Azərbaycanı sevməyən insan kimi səciyyələndirmək fikrində deyiləm. Belə bir halın şahidi olmamışam. Amma onun son dövrlərdəki tənqidləri yanlış yolda olduğunu göstərir”.
Cia.az
