Tanınmış politoloq, siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert İvan Preobrajenskinin Qarabağ probleminə dair qalmaqallı məqaləsi barədə məlumat vermişdik. Almaniyanın “Deutsche Welle” nəşrində dərc olunmuş, bir sıra ziddiyyətli məqamların yer aldığı “Rusiya Suriyaya Qarabağdan yol axtarır” adlı analitik yazısında o, Moskvanın 5 rayonun geri qaytarılması qarşılığında Azərbaycanda hərbi baza yerləşdirmək planından da söz açmışdı.
Minval.az saytına müsahibəsində politoloq öz mövqeyinə daha ətraflı aydınlıq gətirib.
Ekspert öncə Qarabağa dair istənilən nizamlama planını - istər tam olsun, istərsə də hissəvi və ya mərhələli - irəli aparmağın çətin olduğunu söyləyib: “Əgər mənim DW-də dərc edilən analitik şərhim belə rezonans doğurubsa, aydındır ki, dövlət başçıları ilə razılaşdırılmış hər hansı plana işarə belə güclü həyəcan dalğası yaradacaq. Ancaq bu, o demək deyil ki, Qarabağ məsələsi kimi konfliktlərin diplomatik yolla nizamlanmasından imtina edilməlidir”.
Qars müqaviləsi (1921) ilə Naxçıvanın təhlükəsizliyinə Rusiyanın da zamin durması kontekstində sualı cavablandıran politoloq qeyd edib ki, bu gün Rusiya Azərbaycanın tərkibinə daxil olan heç bir ərazinin qarantı deyil: “Rusiya Minsk Qrupunun üzvü kimi Qarabağ nizamlanmasına görə digər üzvlərlə eyni dərəcədə məsuliyyət daşıyır. Naxçıvanın statusuna Rusiyanın zəmanəti ilə bağlı heç bir hüquqi sənəd mövcud deyil”.

Ekspert Qarabağ münaqişəsinin “donunun açılmasının” birmənalı şəkildə Rusiyaya gərək olmadığı qənaətindədir: “Moskvanın münaqişənin dinc, bütün tərəfləri qane edəcək həllinə yönəlik qəfil artan diplomatik fəallığı da yəqin ki, elə bununla bağlıdır”.
Politoloq daha sonra Azərbaycanda Rusiya hərbi bazalarının yaradılması fikrinin ölkəmizdə bəzi şərhçilər tərəfindən “təxribat” adlandırılmasını yanlış adlandıraraq deyib: “Düşünürəm ki, konkret halda söhbət sadəcə, izafi emosional və tələsik reaksiyadan gedir. Başqa heç bir şey”. Yəni o, Kremlin Azərbaycanda hərbi baza qurmaq planının ciddi olduğuna şübhə etmədiyini bir daha təsdiqləyib.

ABŞ-ın “Stratfor” analitik mərkəzinin ekspertlərinin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı Moskva ilə Bakı arasında müzakirələr getməsi barədə iddialarına ekspertin münasibəti belə olub: “Mən çoxdan bu qurumun şərhlərinə ciddi yanaşmıram, məsləhət görərdim ki, belə də yanaşılsın. Rusiya Qarabağ vasitəçiliyində yeganə vasitəçi deyil, münaqişə ATƏT-in Minsk Qrupunun patronajlığı altlındadır. Bu mənada məntiqlə danışsaq, nə vaxtsa regionda sülhməramlılar peyda olsa, bu, ATƏT-in sülhməramlıları olacaq - əgər əlbəttə ki, situasiya ən neqativ ssenari üzrə inkişaf etməzsə və yaxın illərdə həm azərbaycanlıları, həm də erməniləri qırmaqla onlar arasında ”barışıq" yaratmağı İŞİD silahlıları öz öhdəsinə götürməzsə. Hərçənd sonuncu ehtimal da “Stratfor”un proqnozları sırasındandır".
“Son zamanlar niyə Krım, Dnestryanı bölgə və Gürcüstan konfliktlərindən daha çox danışılır, nəinki Qarabağ münaqişəsindən” sualına siyasi təhlilçinin münasibəti belə olub: “Qarabağ məsələsi çoxdan ”dondurulmuş" münaqişələr kateqoriyasına keçib və onun əsaslı şəkildə unudulmasına nail olunub. Maraq yoxdur - mütəxəssislər yoxdur. Mənim avropalı həmkarımla ünsiyyət təcrübəm göstərir ki, məsələn, Avropa Birliyində Azərbaycan və Ermənistanda baş verənləri diqqətlə izləyən az sayda mütəxəssis qalıb. Rusiyada da belələri azalmaqdadır - bunu Rusiya-erməni münasibətlərində Ermənistandakı etirazlardan dolayı son böhran da sübut elədi".

Azərbaycanın xarici siyasət risklərini azaltmaq üçün Rusiya ilə yaxınlaşmağa başlamasına münasibət bildirən analitik deyib: “O fakt ki, əksər postsovet dövlətləri öz üzərində ”Krım ssenarisi"ni də yoxlaya bilər, indi həm də başa düşür ki, heç bir Avropa Birliyi və ya NATO onların tərəfini tutmayacaq - bu, nəhayət ki, Qərblə Rusiya arasında balansa cəhd eləmək üçün yox, mili maraqlara söykənən müstəqil xarici siyasət qurmaq üçün əsasdır. Bir şeyi aydın şəkildə başa düşmək lazımdır: hələ heç kim “qorxur - deməli, hörmət edir” prinsipini ləğv etməyib. Postsovet məkanında əksər siyasətçilər, o cümlədən Rusiya rəhbərliyi, - məsələn, Ukrayna böhranında onun davranışı göstərdi - hələ də bu prinsipə əməl edir".
Analitik Rusiyanın Güney Qafqaz bölgəsini yeni münaqişələrlə qarışdırmağa çalışması fikirləri ilə də razılaşmır: “Belə fikirlərin əsası yoxdur. Suriyada iri əməliyyat layihəsini həyata keçirmək üçün Moskvaya təhlükəsiz arxa lazımdır. Bunu isə ən yaxşı diplomatiyanın köməyi ilə təmin eləməklə mümkündür. Avropa Birliyinin Azərbaycanı siyasi müxalifətə, azad mətbuata və s. görə sərt tənqid etməsinə gəlincə, Avropa Birliyi bununla Rusiya diplomatiyasının işini şübhəsiz ki, yüngülləşdirir. Onu da unutmaq lazım deyil ki, Avropa Birliyi Rusiyanı deyil, Putini və əhatəsini, Azərbaycanı deyil - İlham Əliyevi, Belarusu yox - Aleksandr Lukaşenkonu tənqid edir”.
Cia.az
